“Müharibə Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb”

20 Aprel 2021 16:10 Araşdırma 683
“Müharibə Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Suveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqaləsi Aİ-nin nüfuzlu “Modern Diplomacy” portalında, “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqaləsi isə ABŞ-ın “Eurasia Review” nəşrində dərc edilib.

Sportinfo.az xəbər verir ki, “Süveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” sərlövhəli məqalədə Süveyş kanalının yük gəmilərinin hərəkəti bağlanması nəticəsində yaranan böhranın Orta Dəhlizin əhəmiyyətini artırmasından bəhs olunur.

Qeyd edilir ki, Süveyş kanalında yaşanan böhran beynəlxalq yükdaşımaların bu marşrutdan asılılığının yaratdığı risklər barədə suallar doğurub. Bildirilib ki, ona görə də bir sıra dövlətlər bu marşruta alternativ marşrutları təklif və təbliğ etməyə başlayıblar.

Belə ki, Rusiya tərəfindən Süveyş kanalından keçən yola alternativ kimi Şimal dənizi marşurtu, İran tərəfindən isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi irəli sürülüb.

Müəllif hesab edir ki, Suveyş kanalına alternativ yola çevrilmək imkanlarına malik olan əsas yol Şərq-Qərb Nəqliyyat Dəhlizidir (Orta Dəhliz). Çünki bu dəhliz həm ənənəvi nəqliyyat yolları, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Transsibir dəmir yolu ilə müqayisədə Orta Dəhliz 2 min kilometr qısadır və daha əlverişli iqlimə malik ərazilərdən keçir. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşrutla yükləri Çindən Avropaya 3 dəfə daha tez çatdırmaq mümkündür. Təklif edilən digər alternativ yola gəldikdə, Şimal dənizi marşrutu ilin böyük hissəsi qarla örtülü olur və bu marşrut üzrə yükdaşımalar üçün xüsusi təyinatlı gəmilərə ehtiyac var. “Şimal-Cənub” Nəqliyyat Dəhlizi isə Süveyş kanalına birbaşa rəqib ola bilməz. Çünki bu dəhliz Süveyş kanalı kimi, Şərqi Asiyanı Avropa ilə deyil, Hind okeanı və Fars körfəzini Şimali Avropa ilə əlaqələndirmək üçün nəzərdə tutulub. Şimal-Cənub dəhlizi yalnız Orta Dəhlizə inteqrasiya olunduğu halda Süveyş kanalı üçün alternativə çevrilə bilər. Ona görə də Orta Dəhlizin malik olduğu üstünlüklər və digər alternativlərin çatışmaz tərəfləri onu Süveyş kanalından keçən marşrut üçün ən yaxşı alternativə çevirir.

“İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqalədə isə əsas diqqət İkinci Qarabağ müharibəsinin Ermənistan üçün yaratdığı iqtisadi problemlərə yönəlib. Məqalədə qeyd edilir ki, müharibə nəticəsində Ermənistanın itirdiyi hərbi texnikanın dəyəri 3,8 milyard dollardan çoxdur və bu, işğalçı ölkənin son 10 ildəki ümumi hərbi xərclərinin 77 faizə qədərini təşkil edir. Bu, böyük maliyyə zərəri olmaqla yanaşı, Ermənistan ordusunun döyüş potensialını tamamilə itirməsi deməkdir.

Diqqətə çatdırılır ki, müharibə nəticəsində Ermənistanda enerji, kənd təsərrüfatı və maliyyə sahələrində də ciddi problemlər yaranıb. Əvvəla, Ermənistan işğal altında olmuş ərazilərdəki 36 su elektrik stansiyasından 30-u üzərində nəzarəti itirib. Bu stansiyalar işğal altındakı ərazilərin enerji tələbatının 53 faizini, Ermənistanın enerji təchizatının isə 7 faizini təşkil edirdi. Ermənistan enerji istehsalı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə 150 min ton müxtəlif taxıl məhsullarının yetişdirildiyi 90 min hektar əkin sahəsindən də məhrum olub. Bu sahələrdə istehsal edilən taxıl məhsulları Ermənistanın yerli tələbatının 25 faizini ödəyirdi. Bu itkilər nəticəsində Ermənistan enerji və ərzaq çatışmazlığı ilə üz-üzə qalıb. Müharibə, eyni zamanda, Ermənistanın maliyyə sektoruna da böyük təsir göstərib. Müharibə dövründə hərbi xərclərin artması nəticəsində Ermənistan büdcə xərclərini çoxaldıb (85 milyon dollar) və nəticədə 2020-ci ildə büdcə xərclərinin ÜDM-də payı 27 faizə, büdcə kəsrinin ümumi daxili məhsulda payı isə 7,6 faizə çatıb. Artan xərcləri qarşılamaq üçün Ermənistan xarici borc cəlb etməli olduğundan, dövlət borcu artaraq təhlükəli səviyyəyə - ÜDM-in 66,5 faizinə çatıb. Buna görə də hazırda Ermənistan 2021-ci ilin büdcə layihəsini icra etməkdə çətinlik çəkir.

Bildirilir ki, müharibə Ermənistanda həm də makroiqtisadi göstəricilərin pisləşməsinə yol açıb. Belə ki, 2020-ci ilin yekunlarına görə, ÜDM 8,5 faiz azalıb və bu, regionda ən pis göstəricidir. Bundan başqa, müharibə başladıqdan sonra Ermənistanın milli valyutası 8,6 faiz ucuzlaşıb.

Məqalənin sonunda qeyd edilir ki, müharibənin Ermənistan üçün uzunmüddətli dövrdə ciddi mənfi iqtisadi nəticələri olacaq və onun maliyyə təhlükəsizliyini sarsıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti