"Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyev İkinci Liqanın 8-ci turunda "Hypers Guba" üzərində qazandıqları 3:1 hesablı qələbə barədə Sportinfo.az-a danışıb.
36 yaşlı yarımmüdafiəçi derbi öncəsi yaşanmış olaylardan söz açıb:
"Maraqla gözlədiyimiz oyun idi. Uzun müddət idi şimalda futbol yox idi.
Yenidən böyük futbol bura qayıdır. Azarkeşlər arzuladığı kimi maraqlı qarşılaşma oldu.
Açığı, derbini maraqlı edən əsas tərəf də azarkeşlər özü oldu. "Şahdağ"ın fanatları möhtəşəm idi.
Yerli azarkeşlər də oyuna böyük diqqət göstərmişdi. Azarkeş olan oyun da daha maraqlı olur. Atmosfer baxımından hər şey yüksək səviyyədə idi".
O, daha sonra qarşılaşma barədə söz açıb:
"Bilirdik ki, "Hypers Guba" çempionluq yolunda əsas rəqibimlərimizdən biridir. Matça çox ciddi hazırlamışdıq.
Oyuna da çox yaxşı başladıq. Fasiləyə 2:0 üstünlüklə yollandıq. İkinci yarı rəqib çətin anlar yaşatdı.
Fərqi azalda bildilər. Ardınca yenə fərqlənə bilərdilər.
Şükürlər olsun ki, biz üçüncü qolu vurduq, sonda da qalib gəldik. Düşünürəm ki, haqq etdiyimiz qələbədir.
Rəqib də bütün oyunlarda qalib gəlmişdi. Belə rəqibə qarşı yaxşı oyun nümayiş etdirib, layiqli qələbə qazandıq".
XANOĞLAN