"Fond yaradılmalı, hər kluba 1-2 milyon ayrılmalı, SOCAR AFFA-ya pul verməməlidi": Tiflisdən Bakıya təklif

16 May 2017 14:00 I Divizion 1 399
"Fond yaradılmalı, hər kluba 1-2 milyon ayrılmalı, SOCAR AFFA-ya pul verməməlidi": Tiflisdən Bakıya təklif

"Turan Tovuz"un sabiq prezidenti Namiq Məstanovun Sportinfo.az-a müsahibəsi

AFFA-nın Lisenziyalaşdırma Komissiyası Premyer Liqanın gələnilki iştirakçılarının sırasına yalnız "Səbail"i daxil etdi. Divizionun digər təmsilçiləri, o cümlədən, çempion "Turan" kənarda qaldı. Bu qərar sizin üçün də gözlənilməz oldu?
- Premyer Liqada rəqabət ildən-ilə aşağı düşür. Cəmi iki komanda çempionluğa iddialıdı, qalanları oturub "Qarabağ"la "Qəbələ"nin mübarizəsinə baxır. İqtisadi vəziyyətin nəticələri futbolda çox tez hiss olunmağa başladı. Bugünlərdə "Turan"ın keçmiş vitse-prezidenti Yaşar Sultanovun müsahibəsini oxudum. Deyir ki, "Turan" səhmdar cəmiyyəti şəklində fəaliyyət göstərsin, səhmlər hazırlansın və onların dəyəri təxminən 2 milyon çərçivəsində olsun. Hər səhm alan vətəndaş özünün “Turan”da mülkiyyət sahibi olduğunu dərk etsin. Onun fikrincə, belə olandan sonra həm səhmdarların özündə məsuliyyət yaranar, həm də klub səhmdar cəmiyyəti kimi daimi maliyyə qaynağına malik olar. Mən bu təkliflə qətiyyən razılaşmıram. Heç bir faydası yoxdu. Tutaq ki, icra başçısı göstəriş verdi, rayonun bütün idarə-müəssislərində işləyənlərin maaşından hər ay 1 manat tutuldu. Bu məbləği üstü-üstə yığsaq, 5-6 min manat edir. Beş-altı minlə "Turan"a nə olasıdı? Tovuzda hər oyuna 2-3 min azarkeş gəlir. Qoy desinlər, hərəsindən 1 manat yığıb, sonra içəri buraxa bilərlərmi? Yenə tutaq ki, bu pul da yığıldı. Komandanın ay ərzində cəmi 2 ev oyunu keçirməsini nəzərə alsaq, 4-5 min manat da burdan gəlsin. AFFA hər ya kluba 25 min manat verirsə, bununla eləsin 30-35 min. Bu məbləğlə iş düzəlmir. Ya Vidadi Əhmədov kimi şəxsi pulunu futbola xərcləyəcək qədər cəsarətli bir iş adamı ortalığa çıxmalıdı, ya da mənim hələ illər əvvəl irəli sürdüyüm təkliflər nəzərdən keçirilməlidi.

Söhbət hansı təkliflərdən gedir? Açıqlaya bilərsiz?
- Futbol gəlirsiz sahədi. Hələ ki, Azərbaycanda futboldan pul qazanan olmayıb. Biznesmen həmişə gəlirli sahə axtarır ki, pul qoyub, pul götürsün. İndiki vaxtda heç bir iş adamı əlindəki pulu gətirib futbola qoymaz. Guya, əvvəl çoxu öz xoşuyla klub saxlayırdı ki? Burda onun marağı olmalıdı. Futbolun İnkişafına Dəstək Fondu yaradılmasa, ümumiyyətlə, yaxın bir neçə ildə bütün klubları fəlakət gözləyir. "Qəbələ"nin prezidenti Tale Heydərov kubokun finalından sonra büdcənin azalacağını açıqlayır. "Qəbələ" də bu yandan belə getsə, çempionat çökəcək. "Qəbələ" maliyyə çətinliklərindən şikayətlənirsə, digər klubların halına bir baxın. Digər ssahələr üzrə fond yaradılıb, bu, artıq futbolda da olmalıdı. Bütün Premyer Liqa klubları həmin fonda cəlb olunmalıdı. SOCAR daha AFFA-ya büdcə ayırmamalıdı. SOCAR-ın verdiyi pul fonda yığılmalıdı və AFFA-nın özü də burdan maliyyələşməlidi. Belədə SOCAR pulu verir AFFA-ya, orda da kimə nə qədər istəyirlər, hansı lahiyəyə nə qədər istəyirlər, büdcə ayrılır, nəzarət də o səviyyədə olmur. Dövlət fondun icraçı direktoru vəzifəsinə maliyyə işini kifayət qədər yaxşı bilən bir iqtisadçını təyin etməlidi. Daha "mən vaxtilə futbol oynamışam" deyən, amma elementar şeyləri bilməyən, savadı, normal orta təhsili olmayanı yox. Bu iş sırf iqtisadçının işidi, onun geniş səlahiyyətləri olmalıdı. Birinci il bütün Premyer Liqa klublarına 1, yaxud 2 milyon manat vəsait ayrılmalıdı. Növbəti il isə ölkədaxili və avrokubok yarışlarda hansı nəticələri qazanmasından, yəni, reytinqindən asılı olaraq, həmin məbləğ artırıla və ya azaldıla bilər. Hər rüb fondun audit qrupu klubları təftiş etməli, hər qəpiyin hesabatını tələb etməlidi. Əgər bir klubda 1000 manatdan artıq əskik aşkarlansa, prezidenti və mühasibi cinayət məsuliyyətinə cəlb olunmalı, barəsində 3-5 ilədək həbs qərarı çxarılmalıdı. Futbolda şəffaflıq yaratmağın tək yolu budu. Onda hər yoldan keçən, savadı olmayan futbolçu gəlib rəhbər olmaq istəməyəcək. 1000 manata görə kim istəyər ki, gedib türmədə yatsın?

Yaxşı təklifdi. Sadəcə, bunun üçün fonda böyük məbləğdə pul köçürülməlidi?
- Onsuz da, SOCAR hər il AFFA-ya 25-30 milyon manat ayırır. Mövcud imkanlarla futbolu hərtərəfli inkişaf etdirmək olar. Sadəcə, işləmək lazımdı. Bir də diqqət və nəzarət. Bilirsiz ki, mən hazırda Tiflisdə işləyirəm, burda öz biznesimi qurmuşapm. Gürcüstanda dövlət bütün klublara maliyyə dəstəyi verir. Düzdü, yardım mexanizmi bir qədər fərqlidi, lakin əsas odu ki, bu, var. Dövlətin dəstəyi sayəsində ölkənin güclülər dəstəsində 10 klub çıxış edir. Bunların birinci və ikinci, hətta üçüncü dəstəsi var. Regional liqaları var. Həvəskarların öz liqası, final mərhələləri var. Bizdə isə Premyer Liqa və divizion sürətlə aşağı gedir. Tezliklə olacaq SOCARdaxili çempionat. Komandaların adını dəyişib, birinə "Qazmaçı sexi", birinə "Qaynaqçı sexi" qoymaq lazım gələcək. Futbolu inkişaf etdirmək istəyiriksə, artıq başqa yolumuz yoxdu - fond təsis olunmalıdı. Fond yaradılsa, danışılmış oyunlar da yığışacaq. Misalçün, aşağı dəstəyə düşmək istəməyən komandaya 1, çempion olmaq istəyənə 3 xal lazımdı. O aşağı dəstəyə düşmək istəməyən 1 milyon manatdan məhrum olmamaq üçün yuxarıdakına güzəştə getməyəcək. Heç bir klub rəhbəri razılaşmaz ki, bu pulu əlindən çıxarsın. Belə olan halda, birinci dəstəyə də maraq artacaq. Rayonların icra başçıları, yerli iş adamları öz xoşu ilə futbola gələcək, istəyəcək ki, komandaları Premyer Liqaya çıxsın. Həm 1 milyon manat, həm də ölkə rəhbərliyinin diqqətini özünə cəlb etmək üçün. Hamısı çalışacaq ki, dövlətin idman siyasətinə qulluq elədiklərini ictimaiyyətə göstərsin. Azərbaycanın öz reallığı var, bunu danmaq olmaz.

İctimai rəy budu ki, AFFA-nın Divizion klublarını yuxarı buraxmaması baş katib Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında illərdi davam edən "soyuq müharibə"dən qaynaqlanır. Uzun illər bu sferada fəaliyyət göstərmiş biri kimi bu iddialarla razısız?
- Problem pulsuzluqdu. Ramin Musayevin, Elxan Məmmədovun marağı nədi ki, Premyer Liqada az klub olsun? Bu, onlara da "minus" gətirir. AFFA-nın gözü qorxub artıq. Aşağıdan gələn komandanın rəhbəri mövsümün ortasında AFFA-ya deyəcək ki, pulum qalmadı, çempionatdan çıxmağımızı istəmirsənsə, bizə kömək elə. Az olub? Biri "İnter". Beynəlxalq Bank Azərbaycanın ən böyük bankıdı, bu il onlar da "İnter"ə baxmaqdan imtina etdilər. Bank belə edirsə, divizion klublarının prezidentləri… Onların çoxu pulu AFFA-dan alır. Sponsorları olsaydı, AFFA-nın ümidinə niyə qalırdılar? Fond yaradılsa, icra başçılarının, iş adamlarının futbola gəlməsi də asanlaşacaq. Onda rayonların idarə-müəssisələrində çalışan insanlar da maaşlarından 1-2 manat tutulmasına etiraz etməyəcək, biləcəklər ki, verdikləri pul idman, övladlarının sağlamlığı, gələcəyi üçündü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti