"1000 manatı almışam, onu da iki dəfəyə. Qaılb 1250 manat. Bu pulu da hələ ötən ay gətirib verməliydi, verməyib. Bu gün mayın 16-sıdı, yenə ondan xəbər yoxdu" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in keçmiş baş məşqçisi Qəhrəman Əliyev deyib.
Fevralın 15-də I Divizion klubundan istefa verən mütəxəssis prezidentlə görüşə bilmədiyini söyləyib. Belə ki, dəfələrlə zəng etməsinə və telefonuna mesaj yazmasına baxmayaraq, Elvin Səfərli ona cavab vermir: "Bilmirəm onu necə tapım. Halal maaşımdı, niyə istəməməliyəm? Telefonlarıma cavab vermirəm. Daha bilmirəm neyləyim. Axıracan gedəcəm.
Sözümün üstündə dayanacam, pulum tələb edəcəm. O çəkdiyim zəhmətimin haqqıdı. Mən o maaşı qazanmaq üçün aylarla meydançada əziyyət çəkmişəm, əsəblərimi itirmişəm. Mən onu heç kimə yedirtmərəm! Saytınızda gedən xəbərdən öyrəndim ki, Elvin müəllim komandanın mart və aprel aylarından qalan maaşlarını hələ verməyib.
İndi də eşitdiyimə görə, söz verib ki, onların əməkhaqqısını mayın sonunda ödəyəcək. İyunun 5-dək ödəməlidi. Mənim maaşım isə yanvar və fevral aylarından qalıb. Komandada olanlar həmin ayların pulunu alıb, mənimki isə qalıb. Bəs hanı o pul? Niyə vermir? Mart-aprel aylarının maaşını futbolçulara verməməsinin mənə dəxli yoxdu.
Ötən ilin avqustundan bu ilin fevralın ortasınadək "Şəmkir"in baş məşqçisi odum, bir dəfə əməkhaqqımı tam şəkildə almadım. Gah 500, gah 300. mətbuat "Şəmkir"i elə təqdim etdi ki, ictimaiyyət bizim kef çəkdiyimizi fikirləşməyə başladı. Hər şeyi demək istəmirəm. Elvin müəllimə bir insan kimi hörmətim var, bunu özü də bilir.
Peşmandı getməyimə. Keçən dəfə görüşəndə dedi ki, səhv elədim, gərək sən istefa verəndə qoymazdım gedəsən. Məni geri qaytaracağını söylədi. Təklif elədi ki, akademiyanın rəhbəri olum. Razılaşmadım, çünki mənim öz işim var. Bir dəfə onunla süfrə arxasına əyləşin, görərsiz ki, nə cür səxafətlidi. Düzsün hər şeyi sənin üçün stolun üstünə. Quş südü istəsən, onu da tapıb gətizdirəcək. Belə şeylərdə əliaçıqdı.
Onun niyə belə elədiyini, inanın ki, hələ də başa düşməyə çətinlik çəkirəm. Nə qədər fikirləşirəm, yenə mənə çatmır. Bu həftə gedəcəm AFFA-ya. Lazım olsa, mətbuat konfransı da keçirəcəm. O 1250 manat Elvin müəllim üçün heç nədi, qəpik-quruş. Axı mənim də problemlərim var, görüləsi başqa işlərim var. Ondan borc istəmirəm, "çıxart, mənə elə-belə pul ver" demirəm. İşləmişəm, əziyyət çəkmişəm, indi də gətirsin, maaşımı versin. Ondan əl çəkməyəcəm".

