"Niyə belə qərar verildiyini başa düşə bilmirəm. Hələ də bu qərarın təsiri altındayam. Nə deyəcəyimi bilmirəm. Hamımız pis olsuşuq. Çünki bütün İmişli camaatı komandamızın Premyer Liqaya buraxılacağını gözləyirdi" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Mil-Muğan"ın baş məşqçisi Aqil Məmmədov deyib.
Dünən AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib və 2017-2018-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Komissiya klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş “İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt” və “Zirə” klublarına, Premyer Liqada iştirak üçün isə “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Əvəzində AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya lisenziya verilməyib.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. “Zirə”nin müraciətinə baxılarkən, UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınıb.
“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 13-cü maddəsinə müvafiq olaraq, 2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
Mövsümü 6-cı pillədə başa vuran komandanın çalışdırıcısı artıq I Divizion öz mahiyyətini itirib: "Çempion olursan, Premyer Liqaya buraxılmırsan. İkinci-üçüncü yer tutursan, Premyer Liqaya buraxılmırsan. Azarkeş görür ki, komanda illərdi yuxarı çıxmır, bir də gəlmir stadiona. Daha bunun nəyi çempionat oldu? Divizion istər futbolçular, istər məşqçilər üçün iş yeridi. Boş-bekar qalmamaq və maaş almaq üçün. Başqa bir stimulu yoxdu.
Premyer Liqada 8 klubun olmasına qərar verənlərin bilmirəm marağı nədi. Bilmirəm bunda maraqlı nə görüblər. Bu il divizionda əsl mübarizə getdi. İstədiyiniz məşqçidən soruşun, mən deyən sözü deyəcək. Güclü rəqabət var idi. Əsl Azərbaycan çempionatı birinci diviziondu. Premyer Liqa paytaxta yığışan klubların çempionatıdı. Bir komanda mövsüm ərzində cəmi 4 səfərə çıxır. İki dəfə Qəbələyə avtobus sürürlər, iki dəfə də Qəbələyə. Bir futbolçu ki səfərə yollanmır, rəqib meydançasında oynadığını hiss eləmir, azarkeş təzyiqini görmür, o, nə futbol oynayacaq?
Komandalar Bakının bir yanından o bir yanına gedir, ajiotajdan da danışmağa dəyməz. Futbol bölgələrdədi. Burax bölgə komandalarını Premyer Liqaya, gör, hər yerdə futbol ab-havası yaranırmı? İlboyu çəkdiyimiz əziyyətə heyfim gəlir. Yaxşı komanda qur, çalış, axırda da sənə desinlər ki, lisenziya ala bilmədin… Kim olsa, həvəsdən düşər. "Mil-Muğan" yaşayacaq. Ancaq özümüz-özümüzü aldadıb, yalandan komandanın qarşısına məqsəd qoya bilmərik bir də.
Mən neçə vaxtdı Premyer Liqanı izləmirəm. İntriqa yoxdu çempioeatda, nəyinə baxım? Tovuz, Zaqatala, İmişli və başqa rayon komandaları gəlməsə, Premyer Liqadan normal çempionat olmayacaq. Mən özüm üçün demirəm, divizionda işləyən məşqçi istəyir ki, komandası çıxsın ora, nəyi bacardığını göstərsin. İmişliyə gələnədək "Sumqayıt"ın uşaq akademiyasının direktoru idim. Prespektiv olduğunu fikirləşib, iş yerimi dəyişdim.
Belə olacağını bilsəydim, isti ev-eşiyimi niyə atırdım… Əl-ayağım təmiz, oturmuşdum öz yerimdə, doğma şəhərimdə. Yenə deyirəm, divizionda işləməyin maaşdan savayı bir stimulu qalmayıb. İki ildi Premyer Liqada 8 komanda oynayır, sayı artırmırlar. Futbolçu mükafat almır, komanda Premyer Liqaya buraxılmır - onda biz niyə qalıb işləyirik? Futbolçudan nə tələb edək, necə deyək ki, filan məqsəd uğrunda mübarizə apar? Divizionda yaxşı formalaşmış, güclü azarkeş dəstəyi olan komanda çoxdu. Onların hesabına Premyer Liqada sayı 12-yə də, 14-ə də, hətta 16-ya da çatdırmaq olar".

