"Ürəyimin dərinliklərində inanırdım ki, AFFA bizi Premyer Liqaya buraxacaq. Bank zəmanətindən başqa bütün sənədləri hazırlayıb vermişdik. Bugünkü qərar gözlənilməz oldu və btzi çox təəssüfləndirdi" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2017-2018-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş “İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt” və “Zirə” klublarına, Premyer Liqada iştirak üçün isə “Kəpəz” və “Səbail”ə lisenziya verilib. Əvəzində AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya lisenziya verilməyib.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər. “Zirə”nin müraciətinə baxılarkən, UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınıb.
“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 13-cü maddəsinə müvafiq olaraq, 2017-2018-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
M.Qurbanovun bildirdiyinə görə, komanda yaxın 1-2 gün ərzində bir araya gələcək: "Bu gün PFL-dən zəng vurub dedilər ki, "Zaqatala"nın Naxçıvanda keçiriləcək turnirdə iştirakını istəyirik. "Prezident kuboku" mayın 26-da start götürücək. Bir-iki günə zaqatalalı uşaqlarla məşqlərə başlayacağıq. Naxçıvana öz uşaqlarımızla gedəcəyik. Baş məşqçi Şaban Şirdanovla yolları ayırdığımız üçün komandanı toplamağı köməkçisinə – İlqar Aslanova tapşırmışam. Yəqin ki, səfər xərclərini PFL özü ödəyəcək. Bizim buna imkanımız çatmır.
Naxçıvana gədib-gələcəyik, ancaq "Zaqatala"nın gələn mövsüm divizionda iştirak edib-etməyəcəyi hələ bəlli deyil. Çünki bizə bugünədək heç nə deməyiblər. AFFA Premyer Liqaya buraxılmayan klublara 10 gün vaxt verib. Apellyasiya şikayəti verməyəcəyik. Taleyimiz öz əlimizdə deyil ki, qərarın dəyişəcəyinə də ümid edək. Ancaq mənim fikrimcə, 10 klub olsaydı, Premyer Liqa daha maraqlı keçərdi. Tovuzda, Zaqatalada, başqa rayonlarda stadiona 3-4 min azarkeş gəlir.
Əyalətdə futbola maraq çox böyükdü. Divizionun elə oyunları olub ki, səviyyəsinə görə Premyer Liqadan heç də geri qalmayıb. Burda oyunlar daha gərgin keçirdi. Mən ondan ehtiyatlanıram ki, komandalarının Premyer Liqaya buraxılmadığını görən azarkeşlər diviziondan üz döndərər birdən. Divizionun mənasız olduğunu düşünsələr, ayaqları kəsiləcək stadiondan. "Zaqatala" fəaliyyətini davam etdirsə, yəqin ki, üstünlüyü yerli uşaqlara verəcəyik".

