AZAL olmayacaq, "Şüvəlan" olacaq. Əsas odu, "təyyarəçilər" köhnə adına, özünə döndü. Klub bu gün bu məzmunda bəyanat yayıb, fəaliyyətlərini I Divizionda davam etdirəcəklərini bildirib. Rəsmi açıqlamada ümumi konsepsiya barədə müəyyən qədər məlumat verilib və buna əsasən yeni hədəflərin konturlarını müəyyənləşdirmək mümkündü. Məqsəd qəsəbədə gənclər futbolunu ayaqda saxlamaq, imkan olarsa, onu inkişaf elətdirməkdi.
AZAL illər öncə "Olimpik-Şüvəlan" adyla Premyer Liqada sıxış eləyib. UEFA Avropa Liqasına vəsiqə qazanan klubu məhz bu adla tanımışdı, AZAL-a "yox" demişdi. Bu dəfə isə "yox" kəlməsi Cahangir Əsgərovun adından çıxıb. Eyniadlı hava konserninin prezidenti klubun onların adından I Divizionda yarışmasını özünə sığışdırmayıb. "Mənim hörmətim var. Adım olan yerdə aşağı dəstə söhbəti ola bilməz" deyib,
Sportinfo.az-da olan məlumata görə, "Şüvəlan"ın təsisçisinin dəyişməsi gün məsələsidi. Konsern artıq "təyyarəçilər"in maliyyələşdirilməsində iştirak etməyəcək. AZAL-ın prezidenti Zaur Axundov klubu idarəetməsindəki "Silk ay" şirkətinin balansına keçirmək üzrədi. Pulu özü verəcək. Əsgərovun konserni son 2 ildə AZAL-ı yalnız qida ilə təmin edirdisə, artıq bu da olmayacaq. Axundov yardımı AFFA-dan alacaq.
Axı AZAL-ın "Şüvəlan" adıyla fəaliyyətini bərpa etməsi, baza və stadionun "Zirə"nin balansına keçməməsi federasiyanın adıyla bağlıdı. AFFA rəhbərliyi - prezident Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədov işə qarışmasaydı, klub tamamilə dağılacaq, beynəlxalq standartlara cavab verən infrastruktur əllərdə qalacaqdı. Hər nəyin bahasına olur-olsun, çətin günləri adlatmaq mümkün oldu.
İndi qalır yeni baş məşqçi tapmaq. Prezidentin fikri ancaq Tərlan Əhmədovdadı. Üç ildi komandanı çalışdıran Əhmədovdan yaxşısını tanımayan Z.Axundov onunla şərtləri razılaşdıra bilsə, udacaq. Çünki gənc mütəxəssisə daha yaxşı təkliflər gəlib. Ayrılası olsa, 2 namizəd qapının arxasında onu gözləyir: biri Nazim Süleymanov, biri Əsgər Abdullayev. Başqa sözoə, AZAL-ın iki sabiq baş məşqçisi xidmət başına keçəcəyi günü iplə çəkir.

