"Avazın yaxşı gəlir, "Turan"a yardım edən 20 adam adı çəkə bilərsən?" - SABİQLƏRİN SÖZ DAVASI

12 May 2017 11:48 I Divizion 1 078
"Avazın yaxşı gəlir, "Turan"a yardım edən 20 adam adı çəkə bilərsən?" - SABİQLƏRİN SÖZ DAVASI

"Turan Tovuz” növbəti mövsüm Premyer Liqada çıxış etməyəcək. I Divizionun son çempionu AFFA-nın lisenziyalaşdırma proqramının 4 meyarını yerinə yetirə bilib. Qərb təmsilçisi əksər klublar kimi bank zəmanəti verməyib. 500 min manatlıq qarantiya sənədini almayan tovuzluları irəlidə nə gözlədiyi bir Allaha məlumdu!

Komandanın fəaliyyətini dayandırması istisna olunmur. Hər halda Müşahidə Şurasının sədri Oqtay Abdullayev belə bir açıqlama ilə çıxış edib. O, icraçı direktor Nadir Nadir Nəbiyev və baş məşqçi Əsgər Abdullayevlə yanaşı, digər rəsmilərin də iş yerindən gedəcəyini söyləyib. Bu vəziyyətdə nə etməli? "Turan"ın sabiq vitse-prezidenti Yaşar Sultanov bununla bağlı bəzi təkliflər səsləndirib:

"Baş katib Elxan Məmmədov da daxil olmaqla, AFFA rəhbərliyi ilə görüşdük. Vidadi Əhmədovla getdik, bizi səmimi şəkildə qəbul etdilər. Yaxşı ünsiyyətimiz oldu. Şərtlərə əməl etmək lazımdı. Buna əməl etmək komanda çempion olandan sonra yada düşür? Bunu əvvəldən düşünmək, hazırlamaq lazım idi. Şərtlərə cavab verməyən komandalar Premyer Liqaya buraxılmırsa, diviziona da buraxılmamalıdı. İndiki məqamda belə çıxır ki, “Turan Tovuz”un divizionda oynamasının, çempion olmasının heç bir mənası yox imiş.

Lisenziyalaşdırma qaydaları ilə bağlı bir çox tələblər var. Razıyam ki, əsas məsələ maliyyədi. AFFA müəyyən çərçivədə yardım göstərir, yenə sağ olsunlar. Bu, komandanın minimal xərclərini ödəmək çərçivəsindədi, ondan kənara çıxmır. AFFA-ya getməyimizdə məqsəd o idi ki, təklif və fikirlərimizi irəli sürək. Təklif etdik ki, komanda səhmdar cəmiyyəti şəklində fəaliyyət göstərsin, səhmlər hazırlansın və onların dəyəri təxminən 2 milyon çərçivəsində olsun. Hər səhm alan vətəndaş özünün “Turan Tovuz”da mülkiyyət sahibi olduğunu dərk etsin.

Belə olandan sonra həm səhmdarların özündə məsuliyyət yaranar, həm də klub səhmdar cəmiyyəti kimi daimi maliyyə qaynağına malik olar. Bütün hallarda təklifimiz AFFA rəhbərliyi tərəfindən müsbət qarşılanır, lakin vaxt yoxdu. Məsləhət görüldü ki, bu işlərə bu il başlasaq, gələn il edə bilərik. Son qərar bu oldu. Çempionatda kimlərin oynayacağı ilə bağlı bu həftə qərar qəbul edilməlidi. Biz bu gün cəmiyyəti yaradıb, sabah onu maliyyə ilə təmin edə bilmərik ki... Sadəcə, dedik ki, bu cür daha yaxşı olar.

Dünyanın aparıcı futbol klublarının əksəriyyəti səhmdar cəmiyyəti şəklində idarə edilir. Avropada bu, adi haldı. Klub pay sahiblərinin mülkiyyətinə çevrilir. Hər bir səhmdar klubda pay sahibi olur. Məncə, 20-30 minlik səhm yaradılsa, onları elə rayon əhalisinin özü alar. Bir komandanın saxlanılması üçün külli miqdarda sponsor vəsaiti lazımdı. Əgər bu mənbə yoxdusa, necə qayıdasan? Mənbəni yaratmaq üçün isə səhmdar cəmiyyəti formalaşdırılmalıdı. Bunu bacarsaq, həm kiminsə üzərinə böyük yük düşməz, həm də 20-30 min adam komandada pay sahibi olduğunu hiss edib, işinə daha tələbkar yanaşar. Bunu vaxtında da düşünmək olardı. Uzağı görmək lazım idi. Axı analoji vəziyyət 2 il “Neftçala”nın başına gəlmişdi. İndi isə “Turan Tovuz” eyni aqibətlə üzləşdi".

Tovuz klubunun sabiq prezidenti Namiq Məstanov Sportinfo.az vasitəsilə Yaşar Sultanovun fikirlərinə münasibət bildirib: "Yaşar müəllim, avazın yaxşı gəlir, qulaq asan olsa. Dövlət səviyyəsində klublara yardım və ya güzəşt olmasa, boş şeylərdi bunlar hamısı!

Necə ki, bələdiyyələr yeni yarananda yardım olundu, klublara da formalaşma prosesi gedənə qədər belə dəstək olmalıdı. 20-30 min səhm deyirsen, "Turan"a yardım edən 20 nəfər adam adı çəkə bilərsən? Vidadi Əhmədov kimi şəxsi vəsaitini xərcləyən (şəxsi vəsaitini deyirəm haa…) bir tovuzlu çıxıb komandaya sahib durmalıdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti