"Maaşla bağlı bütün klublarda müəyyən gecikmələr olub və olacaq. Futbolda belə hallar qaçılmazdı. Bu istənilən klubda yaşana bilər. Ancaq elə məsələlər var ki, bu haqda mətbuata açıqlama vermək istəmirəm" - "Şəmkir"in prezidenti Elvin Səfərli Sportinfo.az-a açıqlamasında belə deyib.
I Divizionda mövsümü 6-cı pillədə başa vuran, bununla belə, Premyer Liqada çıxış etmək iddiası ilə AFFA-nın qapısını döyən qərb klubunun rəhbəri hazırkı vəziyyətə aydınlıq gətirib. Gənc iş adamı kollektiv üzvlərinə 2 aylıq maaş borclarının qalmasını təkzib etməyib:
"Sizə informasiya ötürən, özünü aydan arı, sudan duru göstərmək istəyən bəzi futbolçular niyə demirlər ki, elə oyunlar olub, 700 manat mükafat qoyulmasına baxmayaraq, etimadı doğrultmayıblar? Belə götürəndə, heç bəzi Premier Liqa təmsilçilərində mövsümboyu belə mükafat olmayıb. Bunt qaldırmaq, AFFA qarşısında piket keçirmək istəyənlərə demək istəyirəm ki, hər şey yoluna qoyulacaq, maaşlarını bu gün-sabah alacaqlar.
Ancaq hər şeyi olduğu kimi danışmaq, mövsümboyu "Şəmkir"də gördüklərini, aldıqlarını danmasınlar. Elitada elə klublar var ki, birinci divizionda çıxış etməsinə baxmayaraq, "Şəmkir" kimi futbolçusuna qayğı göstərməyib. Bizim məqsədimiz ölkə futboluna töhvə vermək, Premyer Liqada çıxış etməyə layiq komanda formalaşdırmaq olub. Və bu yolda hər cür zəhmətə qatlaşıb, əlimizdən gələni etməyə çalışmışıq.
İndi mətbuatda belə söz-söhbətin yayılması rəhbərlik olaraq bizi narahat edir. Bizi elitada görmək istəməyən müəyyən qüvvələrin sözlərinə uyaraq, mediaya səhv bilgi ötürənlərin bu sözlərindən sonra istər-istəməz bizim də əlimiz işdən soyuyur. Ancaq ümid edirəm ki, sonda istər futbol ictimaiyyəti, istərsə də mətbuat kimin düz, kimin səhv olduğunu müəyyənləşdirəcək".

