I Divizion klubuna 2 milyon qiymət qoyuldu

11 May 2017 00:34 I Divizion 1 765
I Divizion klubuna 2 milyon qiymət qoyuldu

Sportinfo.az “Turan”ın sabiq vitse-prezidenti Yaşar Sultanovun müsahibəsini təqdim edir:

I Divizionun çempionu “Turan Tovuz”un Premyer Liqada çıxış etməsi üçün səy göstərənlərdən biri olsanız da, məsələnin müsbət həllini tapacağı gözlənilmir...
- Bu hal “Turan Tovuz”dan öncə 2 dəfə “Neftçala”nın simasında yaşanmışdı. Ortaya suallar çıxır; komanda yüksək dəstəyə buraxılmayacaqdısa, bəs onda nə üçün oynayırdı, azarkeş nəyə azarkeşlik edirdi, o qollar nə üçün vurulurdu, sevinc hissi nəyə lazım idi? Komanda yenidən sıfırdan başlayacaqsa, ötən mövsümdəki nəticəsi nəzərə alınmayacaqsa, bütün bunlar nə üçün edilirdi? Çox acınacaqlı haldı. Tovuz sıradan rayon deyil, futbol bölgəsidi. Rayon əhalisi hələ də komandanın yüksək liqada oynayacağına ümid edir. Onları “sındırmaq” ağlasığmaz ajiotaja səbəb olar. Amma nə edəsən, şərtlər, tələblər var. Biz də onlarla maraqlandıq. Baş katib Elxan Məmmədov da daxil olmaqla, AFFA rəhbərliyi ilə görüşdük. Vidadi Əhmədovla getdik, bizi səmimi şəkildə qəbul etdilər. Yaxşı ünsiyyətimiz oldu. Şərtlərə əməl etmək lazımdı. Buna əməl etmək komanda çempion olandan sonra yada düşür? Bunu əvvəldən düşünmək, hazırlamaq lazım idi. Şərtlərə cavab verməyən komandalar Premyer Liqaya buraxılmırsa, I diviziona da buraxılmamalıdı. İndiki məqamda belə çıxır ki, “Turan Tovuz”un I divizionda oynamasının, çempion olmasının heç bir mənası yox imiş.

Əsas məsələ maliyyə ilə bağlıdı. Problemin həlli yolu kimi nə təklif edirsiniz?
- Lisenziyalaşdırma qaydaları ilə bağlı bir çox tələblər var. Razıyam ki, əsas məsələ maliyyədi. AFFA müəyyən çərçivədə yardım göstərir, yenə sağ olsunlar. Bu, komandanın minimal xərclərini ödəmək çərçivəsindədi, ondan kənara çıxmır. AFFA-ya getməyimizdə məqsəd o idi ki, təklif və fikirlərimizi irəli sürək. Təklif etdik ki, komanda səhmdar cəmiyyəti şəklində fəaliyyət göstərsin, səhmlər hazırlansın və onların dəyəri təxminən 2 milyon çərçivəsində olsun. Hər səhm alan vətəndaş özünün “Turan Tovuz”da mülkiyyət sahibi olduğunu dərk etsin. Belə olandan sonra həm səhmdarların özündə məsuliyyət yaranar, həm də klub səhmdar cəmiyyəti kimi daimi maliyyə qaynağına malik olar.

Təklifiniz AFFA rəhbərliyi tərəfindən necə qarşılandı?
- Bütün hallarda təklifimiz müsbət qarşılanır, lakin vaxt yoxdu. Məsləhət görüldü ki, bu işlərə bu il başlasaq, gələn il edə bilərik. Son qərar bu oldu. Çempionatda kimlərin oynayacağı ilə bağlı bu həftə qərar qəbul edilməlidi. Biz bu gün cəmiyyəti yaradıb, sabah onu maliyyə ilə təmin edə bilmərik ki... Sadəcə, dedik ki, bu cür daha yaxşı olar. Dünyanın aparıcı futbol klublarının əksəriyyəti səhmdar cəmiyyəti şəklində idarə edilir. Avropada bu, adi haldı. Klub pay sahiblərinin mülkiyyətinə çevrilir. Hər bir səhmdar klubda pay sahibi olur. Məncə, 20-30 minlik səhm yaradılsa, onları elə rayon əhalisinin özü alar.

Qeyd etdin ki, problemi çoxdan həll etmək lazım idi. Bu kimi hallarla üzləşəndə Tovuz klubunun idarəçiliyinə qayıtmaq barədə düşünürsüz?

- Bir komandanın saxlanılması üçün külli miqdarda sponsor vəsaiti lazımdı. Əgər bu mənbə yoxdusa, necə qayıdasan? Mənbəni yaratmaq üçün isə səhmdar cəmiyyəti formalaşdırılmalıdı. Bunu bacarsaq, həm kiminsə üzərinə böyük yük düşməz, həm də 20-30 min adam komandada pay sahibi olduğunu hiss edib, işinə daha tələbkar yanaşar. Bunu vaxtında da düşünmək olardı. Uzağı görmək lazım idi. Axı analoji vəziyyət 2 il “Neftçala”nın başına gəlmişdi. İndi isə “Turan Tovuz” eyni aqibətlə üzləşdi (apasport.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti