Yeni mövsümdən Premyer Liqada 10 klubun mübarizə aparacağı gözlənilir. Adlar mayın 12-də AFFA Lisenziyalaşdırma Qrupu tərəfindən açıqlanacaq. Lakin indidən mətbuata həmin komandaların kimlər olacağı barədə ilkin informasiyalar bəllidi. I Divizionda çempion olan "Turan Tovuz", eləcə də 3-cü pillənin sahibi "Ağsu" deyəsən, yenə aşağı dəstədə qalacaq.
Maddi problemlər üzündən bu komandalar lisenziya tələblərini yerinə yetirə bilmir. Dağılıb-dağılmaması haqda hər gün yeni xəbərlər gələn AZAL isə Premyer Lqada sonuncu pilləni tutduğu üçün elitada ola bilməz. AFFA-nın güclülər arasına buraxmağı planlaşdırdığı komandalar "Səbail" (2-ci yer), "Zaqatala" (5-ci yer) və "Şəmkir"di (6-cı yer).
"Şəmkir"in Premyer Liqada oynaması üçün heç bir əngəl yoxdu" - bu sözləri futbolinfo.az-a klubun prezidenti Elvin Səfərli bildirib. O, AFFA-nın qərarını gözlədiklərini deyib: "Biz üzərimizə düşən işləri yoluna qoymuşuq. Sənədləri bacardığımız qədər yoluna qoyub, Lisenziyalaşdırma Qrupuna təhvil vermişik. Stadionda da təmir işləri başlayır, elitaya hazırıq.
Lisenziya tələblərindən ən sonuncusu maliyyəylə bağlıdı. Bank təminatı ilə bağlı şifahi olaraq hazır olduğumuzu bildirmişik, qərar veriləndən sonra rəsmi sənədi də çatdıracağıq. Biz divizionda oynayarkən bank təminatı verən yeganə klub idik. Həmin sənəd hələ də qüvvədədi və bitmə vaxtına qalıb. Premyer Liqaya buraxılan kimi o sənədi elitaya uyğun yeniləyəcəyik".
Adam gözəl danışıb. Elvirn Səfərliyə qulaq asan, onu ilk dəfə dinləyən istənilən Allah bəndəsinə elə gələ bilər ki, "Şəmkir"də vəziyyət "bomba"dı, gül gülü, bülbül bülbülü səsləyir, məşqçi və futbolçular problemdən azaddı, klub yenidən əzəmətli günlərinə qayıdır. Elvin bəy keçmiş MTN əməkdaşıdı, danışmaqda, təqdimatda, əlqərəz, durumu bəh-bəhlə təsvir etməkdə asdı, pərgardı, sənətkardı. Futbol ictimaiyyəti hələ bu şəxsi yaxından tanımır, ona görə də hər dediyi söz "fləş" olur, gündəmi partladır.
Day bilən yoxdu ki, Şəmkirin eyniadlı komandası acından qəpik və köpük qusur. Futbolçular redaksiyamıza müraciət edərək bildiriblər ki, rəhbərlik mart və aprel aylarının maaşını hələ də ödəməyib, bundan müxtəlif bəhanələrlə yayınır. Sponsorun vaxtlı-vaxtında aylıq 25-30 min manat ayırdığı "ağ-qırmızılar" sonuncu dəfə fevralın əməkhaqqısını alıb. onu da tam yox. Kimisinə çatıb, kimisinə "gözlə hələ" deyilib. Məşqçilər də eynən. Sadə və sıravi işçilərin dərdi ümumiyyətlə müsibətdi! Axırıncı dəfə nə zaman pul üzü gördüklərini unudublar.
"Şəmkir"lilər artıq yalanlardan və boş vədlərdən bezib. Axı nəvaxtadək sözlə dolanmaq, fırladılmaq olar? Komanda üzvləri mayın 12-də Bakıda bir araya gələcək və AFFA-nın qarşısında piket keçirəcək. Onlar problemlərini federasiya rəhbərliyinin diqqətinə çatdırmaq, aylardı eşitdikləri hap-goplardan cana doyduqlarını bildirmək fikrindədilər. Aksiyada hamı iştirak edəcək – futbolçular da, məşqçilər də, həqiqi "Şəmkir"sevərlər də.
Məqsəd budu ki, AFFA-nı əsl həqiqətdən hali etsinlər, klubun batmiaq üzrə olmasını ictimailəşdirsinlər. Mətbuat, bəlkə AFFA-nın özü də düşünür ki, "Şəmkir" elitaya hazırdı. Bunlar, deyilənlər, iddia olunanlar, sadəcə, güclü piarın nəticəsi, gücüdü. Sportinfo.az olaraq, biz də etiraf edirik bu işdə səhvimizi. "Şəmkir"i başından bəri işıqlandırmışıq, amma düzü, klub rəhbərliyinin meydandankənar əməlləri barədə çox şeydən vaxtında xəbər tutmamışıq.
İndi-indi bilirik ki, üçqat ölkə çempionunun hazırkı idarəçiləri aktyorluq sənətinin yeni nəsil nümayəndələridi, Elvin Səfərlinin hipnoz üzrə fitri istedadına isə hətta Kaşpirovski də həsəd apara bilər. "Premyer Liqaya hazırıq" söyləyən klub futbolçularının 2 aylıq maaşını verə bilməz? Aşağı yaş qrupları üzrə komandalarının fəaliyyətini dayandırar? Bazasının işığı və qazı kəsilər? Tualeitinin suyu gəlməz? Dükan-bazardan nisyə ərzaq götürər? Onun pulunu da vaxtında çatdırmaz?
"Şəmkir" bu fiqurantları ilə Premyer Liqaya buraxılsa, AFFA bir müddət sonra məcbur qalacaq ki, 1-2 nəfərə görə klubu "Şərurspor" və "Rəvan"ın yanına göndərsin. Bizdən demək və xəbərdarlıq etməkdi… Başlarının çarəsini qılsınlar. Lisenziyalaşdırma Komissiyası say düzəltmək istəyirsə, başqa məsələ. Yox, Premyer Liqanın səviyyəsini qaldırmaq, təmiz rəqabət yaratmaqdısa fikirləri… Yüz ölçüb, bir biçsinlər.
SPORTİNFO.AZ

