"Turan"ı I Divizionun çempionu edib, Tovuzdan ayrılan Əsgər Abdullayev çıxılmaz vəziyyətdə qalıb. Elvin Səfərlinin bər-bəzəkli vədlərə inanıb "Şəmkir"lə anlaşan baş məşqçi indi klub prezidentini axtarıb tapa bilmir. Hörmətli Elvin bəy yağlı əppək olub, çəkilib göyə.
Nə yerini bilən var, nə yurdunu. Telefon zənglərinə cavab vermir, mesajları oxumur. Onu axırıncı dəfə Naxçıvanda görüblər. "Qarabağ"la "Qəbələ"nin kubok finalını izləməyə deyil, dəvət aldığı toyda iştirak etmək üçün.
Səfərlini soraqlayan bir tək Ə.Abdullayev olsaydı, nə varıydı! "Şəmkir"in məşqçiləri və futbolçuları da onu günün günorta çağı çıraqla gəzir. Axı 2 aylıq maaş borcunu qaytaracağını vəd etmişdi və bu gün həmin puldan da xəbər yoxdu.
Tovuzda uşaqdan-böyüyə hamı bilir ki, Abdullayev "Turan"ı gizlicə "Şəmkir"ə dəyişib. Qonşu rayonda ona nələr vəd olunmayıb, nələr..! Bağ belə, bostan belə, cah-cəlal, filan-filan... Cənnətə düşdüyünü güman edən mütəxəssis indi başa düşüb ki, burda yel əsib qoz tökülməyib yerə.
Özünə dəyər verən məşqçi "Şəmkir"də çalışar heç? Yalan-palan boydandı. Qəhrəman Əliyev kimi sakit, yumşaq xasiyyətli və rəhbərin hər sözünə "baş üstə, gözüm üstə" deyən biri bu klubda qərar tutmadı, gecəylə düşərgədən qaçdı. "Şəmkir"i öz "qanun"larıyla idarə edən E.Səfərli adətidi gündə bir məşqçiyə "vurulmaq".
Səhər Əliylə oturub danışır, razılaşır, axşam isə gedib Vəliylə görüşür. Əsgər Abdullayevi arxa plana keçirdiyini güman etmək olar. Elə bilib, Tərlan Əhmədov təklifi ilə razılaşacaq, onu atıb ikinci sıraya. İndi də belə… Abdullayevin Tovuza qayıtmağa üzü gəlmir. Necə getsin axı? "Şəmkir"lə öprüş-görüş olduğunu bilirlər, ona görə də təltifetmə mərasimində üzünə belə baxmırdılar.
SPORTİNFO.AZ

