I Diviziondan Premyer Liqaya hansı klublar gəlməlidi?

7 May 2017 14:12 I Divizion 1 856
I Diviziondan Premyer Liqaya hansı klublar gəlməlidi?

AFFA rəsmi saytı vasitəsilə mayın 12-də Lisenziya Komissiyasının iclasının keçiriləcəyini və gələn mövsüm özünü Premyer Liqada görən klubların müracətlərinə baxılacağını açıqlayıb. Mətbuatda I Divizionda mövsümü ilk 3 pillədə başa vuran “Turan Tovuz”, “Səbail” və “Ağsu”, həmçinin “Şəmkir”in lisenziyalarını təqdim etdiyi vurğulanıb.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov ad çəkməsə də, daha çox komandanın sənəd təqdim etdiyini söyləyib: Divizionda 4-dən çox klub Premyer Liqada iştirak üçün müraciət ünvanlayıb. Buna mayın 12-də aydınlıq gələcək. Bəziləri bütün sənədləri veriblərsə, bəziləri hələ tam şəkildə təqdim etməyiblər.

AFFA əmin olmaq istəyir ki, klubun gələn mövsüm üçün stabil gəlir yeri var və fasiləsiz, davamlı şəkildə Premyer Liqada oynaya biləcək. Əgər hər hansı bir klub bunu isbat edə bilməsə, ona lisenziya verilməyəcək. Təbii ki, Lisenziya Komissiyası Lisenziyalaşdırma Qrupunun rəyinə çox diqqət yetirir. Amma sənədlərə özləri də baxacaq və yekun qərarı komissiya verəcək.

Göründüyü kimi, çempionatın formatı, iştirakçıları və bu kimi təşkilati məsələlərlə bağlı suallar bitib-tükənmirsə, cavablar indi tapmacadan başqa bir şey olmayacaq. Sualları isə daha çox tapmacaları xatırladan yarışda məntiqi yekundan danışmaq da yersizdi. Ona görə də bu mövsüm hər nöqtəsinin qarşısında təsdiq və təsbit cümlələrini gözləyən üç və daha çox nöqtəli yarış statusu ilə başa çatır. Deməli, hazırlıq dövrünün gedişində, elan ediləcək qərarların məntiq və mənasına uyğun tapmacaları tapmağa çalışmalı olacağıq.

"Səbail" və "Zaqatala" artıq Premyer Liqadadı. Bizdə olan son bidgi budu: növbəti mövsüm 10 üzvlə start götürəcək. AFFA rəhbərliyinə yaxın mötəbər mənbələr redaksiyamıza bu məlumatı təsdiqləyib. Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Müşahidə Şurasının sədri postundan istefa versə də, "Səbail"in federasiya başçısına yaxınlığı şübhə doğurmayıb. Bu bağlılıq qalmaqdadı və başqa cür də ola bilməz. Ailə başçısı işləri ilə əlaqədar bir müddət harasa gedirsə, bu o demək deyil ki, həmin ev nəzarətsiz qalır, dağılır.

Rəşad Abdullayev bu gün gedibsə, sabah qayıda da bilər. "Səbail" AFFA-nın sevimli "oyuncağıdı". Hazıra nazir klubdu. AFFA-nın tikdiyi "Bayıl Arena" faktiki olaraq "Səbail"in balansına keçib. Forma və avtobusla təmin edilib. Maliyyəsini də federasiya öz verir. Hhər şey var, bir problem yox, nə qaldı ki… Sözsüz, ata-oğul "Səbail"in Premyer Liqada "qapazaltı" olmasını istəməyəcək, buna göz yummayacaqlar. Büdcəyə düzən verəcəklər ki, ilk ilində orta sıralar uğrunda vuruşsun.

Zaqatala futbol yurdudu. Bazalaşma mərhələsini çoxdan keçib. "Simurq"un var olduğu 10 ildə rayonun fubol ənənəsi yenidən formalaşıb. Azarkeş amilini də bura əlavə etsək, "Zaqatala"nın Premyer Liqada çıxışı əla olardı. AFFA bu əyalət təmsilçisinə qapı açmaqla, doğru kurs götürüb. Heç olmasa, bir klubun rəhbəri futbol adamı olmalı deyilmi? Musa Qurbanov keçmişi və düzgün həyat tərzi, işə peşəkar yanaşmasıyla çoxlarına nümunədi. Türkiyədə doğulub yaşasaydı, adının qarşısına "adam kimi adam" yazılardı.

Bu sahənin öz yetirməsidi, futbolçunun yerişindən, məşqçinin mimikasından bilir ki, nə var, nə yox, nə istəyir, nə istəmir, fikrindən nə keçir. Bankda kassir işləyən, ev-satqısı ilə məşğul dəllal, tikinti şirkətində mühəndis olan gəlib klubda önəmli vəzifə ala bilər, prezidenti futbolun şinelindən çıxan "Zaqatala" Premyer Liqada yarışa bilməz? Şimal komandasının gəlişiylə çempionatın xəritəsi öncəki halına qayıdacaq, Xəzər dənizinin mərkəzi (Bakı) göz deşməyəcək. AFFA "Zaqatala"nı elita aləsinə üzv etməklə ictimaiyyətin yalnız alqışını qazanacağını bilsin.

"Turan Tovuz"un da yeri görünür buralarda. Əziyyət çəkiblər, çempion olublar. Ola bilsin, icra başçısı Tofiq Zeynalov və baş məşqçi Əsgər Abdullayev AFFA-nın nəzərində "ikinci klass" adamlardı, amma onlara görə "Turan"ın zəhmətini görməzdən gəlmək haqq tapdalamaqdı. Tovuzun futbol məktəbi bir bulaq kimi həmişə qaynayır, yetişdirir. "Turan" əla ixrac brendidi, ondan imtina edilməməlidi. Federasiya özü maraq göstərməlidi bu məktəbin yaşaması və inkişafına. Hazır qurulu tikilidi, azacıq kosmetik təmirə ehtiyacı var. "Xəzər Lənkəran"sız, "Bakı"sız, "Karvan"sız, "MKT-Araz"sız liqaya köhnə havanı gətirmək baxımından "Turan"a bu imkanın yaradılması şərtdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti