Premyer Liqada çıxış edəcəyi gözlənilən bir neçə komanda var ki, onlardan biri də “Turan Tovuz”du. I Divizionun son mövsümünü 61 xalla çempion kimi başa vuran Tovuz təmsilçisinin növbəti mövsümdən Premyer Liqada olacağı gözlənilir. Komanda.az-ın məlumatına görə, Tovuzda artıq bu istiqamətdə “səfərbərlik” başlayıb.
“Turan Tovuz”un son oyunlarından birində Tovuzun icra başçısı Tofiq Zeynalov da stadionda olub. Zeynalov klubun keçmiş prezidenti Vidadi Əhmədovla elə stadiondaca görüşərək, ondan komandaya yardım etməsini istəyib. Təbii ki, “Turan Tovuz”un növbəti mövsümdə Premyer Liqada çıxış edəcəyini nəzərə almaqla. İcra başçısı Əhmədovdan konkret “Turan Tovuz”a sponsorluq etməsini xahiş edib.
V.Əhmədov Sportinfo.az-a açıqlamasında belə bir xahişin olmadığını bildirib: "Mən bir neçə dəfə, sonuncusu elə çempionluq tədbirində Tofiq müəllimlə görüşmüşəm, aramızda bu barədə söhbət düşməyib. İcra başçısı da bilir ki, mənim belə bir imkanım hal-hazırda yoxdu. Olsaydı, özüm heç kimə demədən yenidən "Turan"ı himayəmə götürərdim və necə lazımdı baxardım.
Tovuzun hər bir sakini istəyir ki, "Turan" yenidən güclülər dəstəsində çıxış eləsin. Mən kiminsə pulunu sayan insanlardan deyiləm. Bu xüsusiyyət qəlbirqara və paxıl adamlarda olur. Ona görə də deyə bilmərəm ki, tovuzlu iş adamlarından kimin "Turan"a baxmağa imkanı çatır. Hər şeyi nəzərə almaq lazımdı. Ola bilsin, kiminsə imkanı var, amma futbola pul qoymaq istəyir. Ola bilsin, kiminsə imkanı çatmır, ürəyindən isə bu keçir.
Ola bilsin, kimsə buna hazırdı, sadəcə, gözləyir. Yəni, çoxsaylı səbəblər var. Mən "Turan"a kömək edə bilən 100, 1000 nəfərdən biri ola bilərəm. Dövr dəyişib, hazırkı iqtisadi vəziyyətdən xəbəriniz var. Başqa ölkələrdə də maddi problemlər mövcuddu. AFFA-ya minnətdarlıq edirəm ki, bugünkü durumda "Turan" başda olmaqla, bir çox kluba maddi-mənəvi dəstək verir, onları yaşadır. AFFA-nın bu köməyi olmasaydı, bilmirəm Premyer Liqa və divizionda neçə klub qalardı və ya ümumiyyətlə, qalardımı?
Ancaq bu, həmişə belə gedə bilməz. Avropa klublarının təcrübəsini öyrənmək lazımdı. AFFA araşdırmalıdı ki, Avropada bu işi necə görürlər, necə edirlər ki, klublar müstəqil şəkildə yaşaya bilir. Tovuzun Premyer Liqada olmasını rayonun rəhbərliyi də, deputatları da, ziyalıları da çox istəyir. Yəqin ki, özləri də bir tədbir görərlər.
Mənim əlimdən gələn nədisə, onu da etməyə hazıram. Biznesimdə məlum səbəblərdən bir qədər durğunluq əmələ gəlib. İki ildi müxtəlif layihələr həyata keçirə bilmirik, hamısı yarımçıq qalıb. Əvvəlki vaxt olsaydı, o layihələrdən pul qazanıb futbola xərcləyə bilərdik. Bu gün mənim gücüm yalnız ona çatır ki, şirkətimin fəaliyyətini təmin edim".

