"Səbail" iki yerə bölündü: Maliyyəsinə bir, idarəsinə başqa adam

5 May 2017 10:48 I Divizion 1 540
"Səbail" iki yerə bölündü: Maliyyəsinə bir, idarəsinə başqa adam

Bayıl stadionunda "Səbail"in Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Sədr Rəşad Abdullayev klubun I Divizionda çıxışının ilk ilində 2-ci yeri tutmasını qənaətbəxş nəticə kimi dəyərləndirib. O, məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib.

AFFA prezidenti Rövnəq Abdullayevin oğlu bildirib ki, icraçı direktor Yusif Həsənov şəxsi işləri səbəbindən klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə MŞ-na müraciət edib. Y.Həsənovun xahişi müsbət dəyərləndirilib. "Səbail"in inkişafı naminə görülən işlərlə əlaqədar Yusif Həsənova təşəkkürünü bildirən R.Abdullayev onu xüsusi diplomla təltif edib. Y.Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.

Gənc iş adamı qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, "Səbail"in icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. R.Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib. R.Abdullayev daha sonra Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şuranın üzvü, futbol veteranı Əbdülqəni Nurməmmədov çıxış edərək R.Abdullayevə fəaliyyət göstərdiyi müddətdə klubun inkişafı üçün gördüyü işlərə görə təşəkkürünü bildirib. Ona "Səbail"in fəxri üzvü elan olunması ilə bağlı diplom təqdim olunub. Müşahidə Şurasının yeni sədrinin və şuranın tərkibinin müəyyənləşməsi məsələsinə qarşıdakı günlərdə aydınlıq gələcək.

Bu, kortəbii, qəflətən, AZAL-ın dağılması, yaxud əl dəyişməsi kimi bir manevr deyil. Rövnəq Abdullayev istəyib bunu, yaşıl düyməni də şəxsən özü yerindən tərpədib. Niyə? Federasiya başçısının oğlu atasının söz sahibi olduğu çempionatda çıxış edə bilməzmi? Qanun buna icazə verir. UEFA və FİFA qımıldanan deyildi. AFFA, dolayısı ilə Rövnəq Abdullayevin əsas güc və maliyyə mənbəyi – SOCAR Premyer Liqanın bütün klublarının himayədarına çevrilməkdədi, I Divizionda da bu proses artıq çoxdan başa çatıb.

Ata Abdullayev oğul Abdullayevi Türkiyədən Azərbaycana qaytarmaq, öz təbirincə söyləsək, başını qatmaq üçün "Səbail"i yaratmışdı. 300 min manat büdcəylə aşağı dəstədə yola çıxan debütant ilk sezonunda hansı nəticə qazanmasından asılı olmayaraq, Premyer Liqaya vəsiqə qazanacaqdı. Bu maddi-texniki sabit imkanlarla "Səbail" gərək qızıl medal əldə edəydi.

Elman Sultanov yağ-bal içində üzən komandanı "Turan Tovuz"un gerisinə saldı və hələ məşqçi kimi püxtələşmədiyini, təcrübə azlığından əziyyət çəkdiyini nümayiş etdirdi. İstəməzdi belə olsun, ancaq bura onun yeri deyil, getməlidi. Sultanov "Səbail"in uşaq komandalarının birində çalışsın, sükan daha işgüzar və xarizmatik birinə həvalə olunsun. Samir Əliyev? İdeal namizəd sayıla bilməz o. Məşqçilikdə yeni-yeni iməkləyir, yeriməsi lazım hələ. "Səbail" elitada məşqçi işi ilə rəqiblərinə meydana oxumayacaq. Olsa-olsa, pulun gücünə at oynadacaqlar.

Klubun nəzarət paketi Tamerlan Abdullayevin – AFFA prezidentinin qardaşıoğlunun əlindədi. İdarəçilik Bakıda bir neçə ticarət obyekti olan bu gəncdədi, maliyyə isə AFFA-nın. Büdcəni formalaşdırn tək şəxs artıq Elxan Məmmədovdu. Rövnəq bəy maddi məsələlərlə məşğul olmağı federasiyanın baş katibinə tapşırıb. Ramin Həsənov da onun adamıdı. Bildiyimizə görə, Yusif Həsənovu vəzifədən uzaqlaşdıran da odu. Baş katiblə sabiq icraçı direktorun arasını soyudan səbəblər çoxdu. Dəfələrlə ona cızılan sərhədi o yan-bu yana tərəfə keçib.

"Səbail"ə SOCAR-dan ayrıca vəsait ayrılmayıb. 1,5-2 milyon manat – bu, AFFA-nın daxili imkanları hesabına formalaşdrılan klub büdcəsidi. Rəşad Abdullayevə məxsus şirkətlərdən bura pul axmayacaq. O, yenidən Türkiyəyə qayıdacaq. Qonşu ölkədə ali təhsil almış, sosial cəmiyyət fondu yaratmış və biznes qurmuş oğul Abdullayevə Azərbaycanın futbol aurası cansıxıcı və prespektivsiz gəlir. Köhnə-yeni mühütə alışa bilmir. Müşahidə Şurasının yeni sədrinin təqdimatını Elxan Məmmədov verəcək. Təbii, Rövnəq Abdullayevlə məsləhətləşərək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti