"Kəpəz"in bsaş məşqçisi mətbuatı qınadı: “Hamı indi…"

3 Mart 2020 14:22 I Divizion 1 077
"Kəpəz"in bsaş məşqçisi mətbuatı qınadı: “Hamı indi…"

Divizionda maraqla gözlənilən oyunlardan biri Gəncədə keçirildi.

Sportinfo.az xəbər verir ki, qərb derbisində yerli “Kəpəz” əbədi və əzəli rəqibi “Turan Tovuz”u qonaq etdi.

Qarşılaşmadan öncə hər iki klubun azarkeşləri sosial şəbəkələrdə söz duelinə çıxıb, derbinin əhəmiyyəti barədə paylaşımlar edib, bu oyunun onlar üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayırdılar.

Oyuna gəlincə, artıq hamı tovuzluların çətin Gəncə səfərindən qələbə ilə döndüyünü bilir. İlham Yadullayevin komandası 3 xal qazanmaqla həm tərəfdarlarını sevindirdilər, həm də turnir cədvəlində vəziyyətlərini bir qədər də yaxşılaşdırdılar. “Turan Tovuz”u artıq ilk pillədə qərarlaşan “Səbail-2”dən 1 xal ayırır.

Qərb derbisindən üzüağ çıxan komandanın baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb, oyunla bağlı fikirlərini bölüşməsini istədik:

“Kəpəz”lə qarşılaşma ərəfəsində Tovuzda hamı bu oyundan danışır, qərb derbisinin ab-havası ilə yaşayırdı. Nəinki sosial şəbəkələrdə, hətta adi çay evlərində də əsas söhbət “Kəpəz”lə oyun haqda gedirdi.

Özüm də vaxtilə futbolçu kimi bu iki komanda arasında keçirilən qarşılaşmaların ab-havasından xəbərdar olmuşam. Odu ki, bizi çətin və məsuliyyətli oyun gözlədiyini yaxşı başa düşürdük.

Həftəboyu məşqlərdə komanda var qüvvəsi ilə çalışırdı ki, səfərdən əlidolu qayıtsın. Rəqibin üstünlüyü onda idi ki, heyətində daha çox təcrübəli, belə ağır oyunlarda bərkə-boşa düşmüş futbolçular yer alır.

Onu da qeyd edim ki, “Kəpəz”in məşqçilər korpusu bizimlə matçda taktiki cəhətdən dəyişiklik etmişdilər. Adətən, üç mərkəz müdafiəçisi ilə meydana çıxan gəncəlilər bu dəfə 4-lü müdafiəyə üstünlük vermişdi.

Yaşar Vahabzadə komandasını 4-2-3-1 düzülüşü ilə oynadırdı. Bu bizim üçün bir qədər gözlənilməz olduğundan ilk yarıda daha çox müdafiədən oynayıb, irəlidə kəşfiyyat xarakterli hücumlar etdik. Fasilədən sonra isə artıq rəqibin zəif yerini tapmışdıq və bu üzdən təzyiqi artırdıq.

“Kəpəz”də təcrübəli oyunçular daha çoxdu. Bizim futbolçular gənc olsalar da, sürət və çeviklik baxımından rəqibi üstələdilər. Və bunun da nəticəsi kimi ikinci hissədə 2 qol vurmağı bacardıq.

Düzdü, son saniyələrdə meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxmağı bacardılar. Ancaq bu, bizim qələbə qazanmağımıza mane olmadı. Qələbəyə görə futbolçularımı təbrik edirəm. Mükafat? Qələbə qazanmağımız, azarkeşləri sevindirməyimiz bizim üçün ən böyük mükafatdı (gülür).

Açığı, oyundan öncə qələbə qazanacağımız halda komandaya mükafat veriləcəyi ilə bağlı heç nə deyilməmişdi. Ancaq qarşılaşmadan sonra dedilər ki, əməyiniz qiymətləndiriləcək. İndi mükafatın nə vaxt veriləcəyini gözləyirik”.

İlham bəy derbi zamanı stadiondakı ab-havadan da söz açdı: “Gəncədə həmişə futbola maraq olub və bu səbəbdən “Kəpəz”in hər oyununda azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bu dəfə qərb derbisi olduğundan fanatlar daha çox idilər.

Fürsətdən istifadə edib Gəncə səfərində bizi tək buraxmayan tovuzlu fanatlara da təşəkkür etmək istəyirəm. Onlar da bizi tək qoymadılar. Qələbədə “Turan Tovuz”un “12-ci oyunçusu”nun da böyük rolu oldu”.

Derbidən məğlub ayrılan meydan sahiblərinin çalışdırıcısı Yaşar Vahabzadənin də oyunla bağlı fikirlərini öyrəndik: “Hamı indi “qərb derbisi” deyib oyunun tarixindən söz açır.

Ancaq qarşılaşmadan öncə mən heç bunu görmədim. Deyəsən, bu görüş ancaq “Kəpəz”ə və “Turan Tovuz”a maraqlı idi. Mətbuatda bu haqda bir dənə də yazıya rast gəlmədiyimdən belə düşünürəm.

Oyunla bağlı nə deyə bilərəm? İki səhv qapımızda iki qolla nəticələndi. İlk yarıda və ilk qola qədər üstünlük bizim tərəfimizdə idi. Birinci hissədə fərqlənmək üçün imkanlarımız da oldu.

Ancaq yaratdığımız real qol imkanlarından istifadə edə bilmədik. “Turan Tovuz” isə fasilədən sonra, 5 dəqiqə aralığında iki əks-hücumla qapımıza yol tapdı.

Bəli, çalışdırdığım komandanın heyətində daha təcrübəli oyunçular yer alıb, meydan amilini də nəzərə alsaq, bizim qalib gəlmək şansımız daha çox idi.

Təəssüf ki, futbolda heç də həmişə bu üstünlükdən yararlana bilmirsən. Rəqib bizi nədə üstələdi? Həm biz, həm də qonaqlar meydana 3 xal üçün çıxmışdıq.

Bunu oyunun gedişindən də hiss etmək mümkün idi. Ancaq tovuzlular əzmkarlıqda oyunçularımdan daha üstün oldular. Və bunun da nəticəsi kimi evə qələbə ilə döndülər. Ümid edirəm ki, komanda növbəti oyunlarda uğursuz seriyanı qıracaq”.

RƏŞAD

Digər Xəbərlər
Xəbər Lenti