«Açığı, yeni mövsümlə bağlı geniş planlarımız var».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz Saatlı»nın prezidenti Ədalət Abdullayev deyib.
I Liqada mübarizə aparan Aran təmsilçisi 25 tura 10 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.
Klubun rəhbəri növbəti sezonla əlaqəli danışıb. Bildirib ki, əgər AFFA onları çempionatda saxlasa, komandanı daha yüksək keyfiyyətli futbolçulardan təşkil etməyi düşünürlər:
«Hazırda heyətdə Saatlıdan olan 5 futbolçu var. Onlar qalmaq şərtiylə bu mövsüm U-15 Liqasında çıxış edən komandadan bir neçə istedadlı gənci də bura cəlb edəcəyik.
Cari mövsüm I Liqada 6 aşağı yaş qrupundan ibarət komandası olan yeganə klub kimi U-13 və U-14 Liqalarında play-offa yüksələnlər arasında bizim də adımızın olması ciddi uğurdur.
Növbəti mövsüm "Hunter Villa" Təlim-Məşq Mərkəzinin tam gücü ilə klubun xidmətində olması ilə əlamətdar olacaq. Bütün bunların əsas komandanın nəticələrinə ciddi təsir edəcəyini düşünürük.
Eyni zamanda, növbəti mövsüm marketinq işlərinə də ciddi maliyyə ayırmağı planlaşdırırıq. Klubun ruhunu, rənglərini bölgə insanına tanıtmaq və sevdirməklə AFFA-dan olan maliyyə asılılığını azaltmaq prioritetlərimizdəndir».

