I Liqada "Difai" fırtınası!

30 Mart 16:40 I Divizion 654
I Liqada "Difai" fırtınası!

Birinci Liqanın debütantı “Difai Ağsu” qış fasiləsindən sonrakı parlaq çıxışını davam etdirir.

Mövsümün birinci yarısında aşakar autsayder status daşıyan "qazilər"in komandasını ikinci liqadan zaman ayırırdı.

Ən azı nəticlər, göstərilən oyun belə düşünməyə ciddi əsas verirdi.

Lakin rəhbərlik qış fasiləsində uğurlu müdaxiləsi ilə yadda qaldı.

Komandada "təmizlənmə" əməliyyatına start verildi.

“Qabıq dəyişmək” prosesi isə hələ ötən ilin sonları başlanmışdı.

Paşa Əliyevlə yolları ayıran rəsmilər vakant postu Elgiz Kərəmliyə həvalə etdilər.

Gənc mütəxəssis artıq ilk oyunlardan yaxşı günlərin uzaqda olmamasının işartısını göstərməyi bacardı.

Daha Əliyevin dönəmindəki kimi asan təslim olan “Difai” yox idi.

Elə ilk qələbə də özünü çox gözlətmədi. Kollektiv iddialılardan olan “Karvan”la oyunda 3 xalı 1 qolla qazandı.

Təbii ki, bunun davamını gətirmək üçün heyətin keyfiyyətinə əl gəzdirmək mütləq idi.

Bunu yaxşı görən rəhbərlik məşqçilər korpusunun raportu əsasında 10-dan artıq futbolçu ilə yollar ayrıldı, əvəzində 4 yeni transfer edildi.

Qışdan sonrakı 7 tur göstərir ki, klub kütləvi dəyiş-düyüşü zərgər dəqiqliyilə ölçüb-biçib.

Hər halda, mövsümün ortasında belə köklü dəyişiklik çox mənfi təsirlərini də göstərə bilərdi.

Amma “Difai Ağsu” yalnız faydasını görməkdədir.

İlk 12 turda aktivinə cəmi 4 xal yazdıran komanda qışdan sonrakı 7 turda xal ehtiyatını bundan 2 dəfə artıq zənginləşdirə bilib. 2024-cü ildəki nəticələr aşağı-yuxarı turnir cədvəlinin ən üst sıralarında qərarlaşan komandalarla eynidir.

Çempionluğa iddialı “İmişli” və MOİK-in çətinliklə məğlub etdiyi “Difai Ağsu” digər 5 matçda 2 qələbə, 3 bərabərliklə yadda qalıb.

Yəqin ki, liqada qalmaq vəzifəsinin öhdəsindən gəlmək son 8 turda problem olmayacaq.

Yüksələn tempi saxlamaq mümkün olsa, növbəti mövsüm Asəf Məlikovun prezidenti olduğu “qazilər” komandasını liderlər qrupunda da görə bilərik.

Elə komandanın adına, adının tarixinə də yaraşanı budur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti