Sentyabrın ilk yarısında I Divizionda yeni mövsümün start zəngi çalınacaq. "Şəmkir" yatmış, hamı oyaq. Elvin Səfərli 3 aydan artıqdı Türkiyədə gizlənir. Deyəsən, Azərbaycandan birdəfəlik çıxıb gedib. Ən salamatı budu elə. Buralarda daha kimə pul borclu deyil ki…
Şəmkirli iş adamları klubu yaşatmaqdan imtina edib. Bir neçəsinə belə bir təkliflə müraciət olunub, biri də sinəsini irəli verməyib. Ümid qalıb icra başçısına. Alimpaşa Məmmədovun hazırda nə fikirləşdiyi və nə planlaşdırdığı kimsəyə bəlli deyil…
Rayonun rəhbərini "Şəmkir"in ətrafında gedən söz-söhbətlər məyus edib. Bu, dəqiqdi. Elvin Səfərlinin adı qarışan çirkli "oyunlar" artıq A.Məmmədova yerli-yataqlı məlumdu.
"Şəmkir"in yaşayıb-yaşamaması yenə ondan asılıdı. Cənab başçı idmanı sevən şəxs kimi özünü tanıdıb. İcra Hakimiyyətindən Sportinfo.az-a daxil olan məlumata görə, bugünlərdə klub rəsmiləri ilə A.Məmmədovun görüşü gözlənilir.

