Uzun fasilədən sonra Masallıda böyük futbol olacaq. Vaxtilə "Viləş"lə Azərbaycan çempionatında at oynadan, bir sıra uğurlar qazanan, 2 dəfə İntertoto kubokunda təmsil olunan rayon yenidən idmanın "şah"ına dönüb - "Masallı" Cənub Futbol Klubu ilə.
Bugünlərdə klubun təsis toplantısı keçirilib, qərara alınıb ki, "Masall"ı sentyabrda start götürəcək I Divizionda iştirak etsin. Bu işin önündə gedən İldırım Allahyarovdu. Onu Masallı futbolunun "xaç atası" da hesab etmək olar.
Yerli İcra Hakimiyyətində çalışdığı illərdə "Viləş"i ərsəyə gətirən Allahyarov yeni klubun yaradılmasının da təşəbbüskarıdı. O, Sportinfo.az-a açıqlamasında məqsəd və planları haqda geniş bilgi verib: "Mən 1992-ci ildən, Azərbaycan müstəqillik qazanandan sonra futbolun içindəyəm.
İcra başçısının birinci müavini olduğum vaxt "Viləş"i yaratdım. 2002-ci ilədək "Viləş"ə baxmışam. Odövrkü şərtlərə görə, yaxşı komandamız var idi, çempionatında yaxşı çıxış edirdik. "Viləş"lə iki dəfə bürünc medal qazandım, komandanı Avropaya çıxartdım. Qəhrəman Əliyevi oxumaq üçün Almaniyaya göndərdim. Getdi, orda mənim hesabıma 1 ilə yaxın oxudu, təhsilini artırdı və gəlib yaxşı nəticələr verdi.
2002-də yeni icra başçısı Şirəli Əhədov mənə dedi ki, artıq futboldan uzaqlaşmalısan, bundan sonra komandaya başqa adamlar baxacaq, özü də daha yaxşı. Zaman göstərdi ki, bu addım səhvdi. Mən kənara çəkilmək məcburiyyətində qaldım, "Viləş" bir müddət sonra dağıldı. Darmadağın elədilər Masallı futbolunu.
Mən 1 gün də futbolsuz qala bilmirəm, hər dəqiqə bu rayonun futbolunun düşünürəm. Yaranmış vəziyyət ürəyimi çox ağrıdırdı. Ona görə də yığışıb qərara aldıq ki, bir klub yaradaq. Möhtərəm prezidentimiz İlham Əliyev görün futbolu necə çox istəyir ki, UEFA AVRO-2020-nin 4 oyununu Azərbaycana etibar etdi. Cənab prezidentin dəstəyi və qayğısı olmasaydı, bu böyük hadisə baş verməyəcəkdi. Biz də bir iş adamı, sahibkar olaraq istəyirik ki, hörmətli dövlət başçısının idman siyasətin dəstək verək.
İndi çalışırıq ki, rayonumzda normal komanda yaradaq, əvvəl divizionda, sonra Premyer Liqada çıxış edək. "Masallı" aşağı dəstədə çox qala bilməz. Peşəkar Futbol Liqasının hər klubdan 300 min manatlıq bank zəmanəti istəməsindən xəbərdarıq. Masallıdan çıxmış qüvvətli insanlar çoxdu. "Embawood"un sahibi Məşhur, "Bazar Rafiq" deyilən adam, Sankt Peterburqda Qasıməli qardaşları, Hacı Mazan, Qabil kimi bir çoxlarının adını çəkə bilərəm.
Onlarla artıq söhbətimiz olub. Məsləhətləşmə yolu ilə kluba güclü oəhbər seçəcəyim. Bu məsələni həll edək, 300 mini vermək problem deyil. Təsis toplantısında dedim ki, Masallı futbolsuz qala bilməz, hərəmiz əlimizdən gələn köməyliyi göstərməliyik, bir olmalıyıq. Qərara aldıq ki, icra başçısı Rafil Hüseynova müraciət edək. Orda İcra Hakimiyyətinin idmana baxan məsuliyyətli şəxsləri də var idi, sözümüzü hörmətli başçıya çatdıracaqlar.
Başçısı bu işə qol qoymasa, olmaz. Rafil müəllim Masallı üçün çox iş görüb. O, icra başçısı olandan sonra rayounumuz dirçəlib, su-kanalizasiya sistemi qurulub. Bu, böyük problem idi, heç kim həll edə bilmirdi. Rafil müəllim öhdəsindən gəldi. Masallını gözəlləşdirdi, "ASAN Xidmət" yaratdı və başqa çoxlu işlər gördü.
Futbolla bağlı elə məsələlər var ki, onları biz həll edə bilmərik. Bu, yalnız hörmətli başçının gücü daxilində olan məsələdi. O, köməklik eləsə, burda futbol üçün çox iş görmək mümkündü. Yaxın günlərdə ümumrayon toplantısı keçirilməlidi. "Masall"ı ilə bağlı bütün işlərə orda aydınlıq gətiriləcək. Biləcəyik ki, komanda nə vaxt yeni mövsümün hazırlığıa başlayacaq, büdcə nə qədər olacaq.
Hələlik prezident səlahiyyətlərini Elvin adlı oğlan yerinə yetirir. Həmin iclasda bu vəzifənin konkret kimə tapşırılacağı dəqiqləşəcək. Hələlik baş məşqçi seçməmişik. İki namizədimiz var - Qəhrəman Əliyev və Asəf Namazov. Komandaya legioner gətirməyəcəyik. İndiki krizis vaxtında gedib Nigeriyadan futbolçu gətirmək iqtisadiyyata zərbədi.
Fikrimiz Masallıdan, Lənkərandan, ümumiyyətlə, cənubdan çıxan futbolçulara şans vermək, onları inkişaf etdirməkdi. Qazax, Gəncə, Mingəçevir kimi digər rayonlardan da gəncələri komandaya cəlb edəcəyik. Baxıram Premyer Liqaya, görürəm ki, 7-8 komanda oynayır. Onların da çoxu Bakı klublarıdı. Rayonlarda klub qalmayıb. Əvvəl belə deyildi, güclülər dəstəsində 20-yə yaxın komanda mübarizə aparırdı.
AFFA şərait yaratmalıdı ki, Premyer Liqada ən azı 16-18 komanda çıxış etsin. Çempionata maraq yoxdu. Azarkeş rayonlardadı. "İnter"lə "Neftçi" meydana çıxır, stadionda 100 adam tapılmır. İki komanda da laklı kreslolar üçün oynayır. Bakıda azarkeş stadiona gəlmir. Yadımdadı, "Viləş" o vaxt "Neftçi" ilə oynayanda stadiona azı 10 min adam gəlirdi.
Şəmkirdə, Gəncədə, Tovuzda, Mingəçevirdə, başqa rayonlarda stadionda boş yer tapmaq olmurdu. Hazırda 2-3 komanda medallar uğrunda mübarizə aparır, amma azarkeşi yoxdu. Belə çempionat olar? Əhməd Ələsgərovun vaxtında "Neftçi" Masallıya gəlmişdi. "Viləş"i udsaydılar, çempion olacaqdılar. Biz udsaydıq, "Şəmkir" olacaqdı çempion.
Yadıma gəlir ki, "Neftçi" bizdən onlara xal verməyi təklif etmişdi. Dedim, biz təmiz futbol oynayırıq, heç bir razılaşmaya getməyəcəyik. Birinci hissədə uduzurduq. Çıxdıq ikinci hissəyə, Alay Bəhramovla Kənan Kərimov iki qol vurdu, udduq. Bax, əsl futbol budu! Çempionatda rəqabət yaratmaq lazımdı. İstəyiriksə ki yaxşı çempionat olsun, rayon komandaları çox olmalıdı.
Burda respublikanın futbol ənənəsi olan öütün rayonları iştirak etməlidi. Mingəçevir, Qazax, Gəncə, Şəmkir, Sumqayıt, Lənkəran, Masallı, Sabirabad - harda əvvəl komanda olub, indi hamısı bərpa edilməlidi. Masallının böyük futbol ənənəsi var, potensialı böyükdü. O gəncləri bir yerə yığmalıyıq, hazırlamalıyıq. "Viləş"ə baxdığım illərdə kənar rayonlardan yaxşı futbolçular gətirmişdim, bütün Masallı onlardan danışırdı. Zahir Əsgərov, Elbrus Məmmədov, Mehman Alışanov və onlarla başqa futbolçunun adını çəkə bilərəm.
Həm əsas, həm də əvəzedici komanda yaratmışdıq. Uşaqlar yetişirdi, camaaat futbolla yaşayırdı. Təəssüf ki, bu gün Anatoli Banişevskinin adını daşıyan stadion pis vəziyyətə qalıb. İndi inək girsə ora, ot tapmayacaq ki, otlasın. Stadion uçulub-dağılıb, baxımsızdı. Güclü təmir edilməlidi. Ona görə də "Masallı" ev oyunlarını Lənkəranda keçirəcək".

