AZAL-dan ayrılandan sonra işsiz qalan Tərlan Əhmədovun adı hər gün bir klubla yanaşı hallansa da, hələ ki ortada heç nə yoxdu. Bugünlərdə Tərlan bəyin yığmada Robert Prosineçkinin yardımçılarından biri olacağı ilə bağlı xəbərlər yayıldı.
Lakin nə AFFA, nə də mütəxəssisin özü bu məsələyə münasibət bildirib. Bütün bunları nəzərə alaraq, dünən Əhmədovu aradıq (Futbol+). Onunla söhbətdə bizi maraqlandıran başqa məqamlara da aydınlıq gətirməyə çalışdıq.
Hardasız, nə işlə məşğulsuz?
- Heç bir məşğulliyyətim yoxdu. Günün çoxunu evdə oluram. Avrokubokda iştirak edən təmsilçilərimizin Bakıda oyunları olanda stadiona gedib, matçları izləyirəm.
Elxan Abdullayevin millidən gedişindən sonra sizin Robert Prosineçkinin köməkçilərindın biri olacağınızla bağlı söz-söhbət yayıldı. Bu xəbər nə dərəcədə düzdü?
- Təxminən bir ay öncə mən də bu haqda mətbuatda oxudum. Ancaq bu günə kimi heç kim mənə heç nə deməyib.
AZAL-dan ayrılandan sonra iş təklifi almısız?
- Açığı, premyer-liqa klublarından maraqlanan olmayıb. Birinci dəstənin 2-3 klubundan təklif gəlsə də, dəyərləndirmədim.
Birinci dəstədə çalışmağı özünüzə sığışdırmadız, yoxsa şərtlər sizi qane etmədi?
- Hələ ki AZAL-da keçirdiyim ağır mövsümün stresini çıxarmağa çalışıram (gülür).
Deyəsən, AZAL-da yaşadıqlarınızdan sonra normal maliyyə şərtləri olmayan klubda işləməkdən çəkinirsiz?
- İki il AZAL-da çalışdım. Çətinliyimiz çox olsa da, işimdən zövq alırdım. İstər futbolçu, istərsə də məşqçi bərkə-boşa düşməlidi. Bu təcrübəni keçmədən həyatda bərkiyə bilməzsən. Bu gün bütün dünyada iqtisadi problemlər yaşanır. Avropanın aparıcı klublarının da büdcələrində kəsirlər var. AZAL-da problemlər çox olsa da, normal kollektiv formalaşmışdı. Həmin futbolçularla işləmək mənə ləzzət edirdi. Elə rəhbərlikdə təmsil olunanlarla da xoş münasibətim var idi. Zaur Axundov, Fikrət Hüseynov, Eldəniz Yusifov çox yaxşı insanlardı.
Belə çıxır ki, Tərlan Əhmədov imkansız AZAL-da çalışmaqdan zövq alıb? Açığı, bu o qədər də inandırıcı səslənmir.
- Deyəsən, hər zaman əzab-əziyyət çəkmək mənim alın yazımdı. Futbol oynadığım dönəmdə də dəfələrlə bu cür hallarla üzləşmişəm. “Karvan”ın yaranmasını yada salaq. Yevlax klubu ilk məni dəvət etdi və mənim ətrafımda komanda qurdular. Bunu heç kim dana bilməz. AZAL hələ “Olimpik Şüvəlan” adı altında çıxış etdiyi vaxtda mənim ətrafımda komanda formalaşdırdılar. Ukraynadan dönəndən sonra Şahin Diniyevin vaxtında “Qarabağ”da da eyni proseslər yaşandı. Tərlah Əhmədov həmişə nədənsə, ağır günlərdə yada düşüb. Hər şey yoluna qoyulanda isə mən lazım olmamışam. Ancaq bir şey yaxşıdı, hər yeni işin başlanğıcında çətinliklə üzləşsəm də, sonu yaxşı olub. İllərdi deyiblər ki, Tərlan Əhmədov uğursuz biridi. Ancaq “Neftçi”də köməkçi-məşqçi işlədiyim dönəmdə komanda hər il çempion olub, ölkə kubokunu başı üzərinə qaldırdı. Azərbaycan klubları arasında Avroliqanın qrupuna düşən ilk komanda oldu. AZAL-da da eyni vəziyyət yaşandı. Pulu olmayan komanda mənim ətrafımda yığıldı. Bir çox futbolçular baş məşqçi kimi mənə hörmət edib meydana çıxırdılar. Belə olan halda mən komandanı necə tərk edə bilərdim? Bunu vicdanıma sığışdırmadım. Ancaq artıq bu ilin fevralından hiss etməyə başladım ki, klub fəaliyyətini dayandırmaq üzrədi.
Bu qədər fədakarlıq etdiyinizə görə sonradan peşmanlıq hissi keçirdiz?
- Heç bir peşmanlıqdan söhbət gedə bilməz. Mən həmin an üçün düzgün olanı etmişəm. Fikrət müəllimlə söhbətimiz zamanı dəfələrlə bu haqda danışmışıq. Klubdan ayrılanda da Zaur Axundova zəng vurub halallıq istəmişəm. Özləri də etiraf etdilər ki, sənin adın, imicin daha yüksək səviyyədə işləməyə imkan verir. Sən buna layiqsən.
Artıq AZAL tarixin yaddaşına köçüb. Bəlkə bu gün klubun nəyə görə fəaliyyətini dayandırdığını deyəsiz. Hər halda, proseslərin içində olan biri kimi siz daha çox məlumatlısız.
- Hər şey 2015-ci ilin fevralından başladı. Həmin il Bakıda ilk Avropa Oyunları təşkil olunacaqdı. Həmin vaxtdan etibarən komandada maaş problemləri baş qaldırmağa başladı. Həmin dönəmdə düşünürdüm ki, tezliklə çətinlik geridə qalacaq, rəhbərlik əvvəlki kimi kluba maliyyə ayıracaq. Lakin nədənsə, hər şey əksinə oldu. Aydan-aya vəziyyətimiz daha da psiləşirdi. Bütün bunların kökündə nələrin durduğunu isə mən də sizin kimi bilmirəm. Klub rəhbərliyi ilə tez-tez ünsiyyətdə olmurdum ki, yaşanalarla bağlı sualımı verim. Baş məşqçinin işi komandanı çempionata, oyuna hazırlamaqdı. Qəpik-quruş büdcə ilə iki il ardıcıl Avroliqaya vəsiqə qazanmağa yaxın olduq. Ancaq bu məqam da rəhbərliyə təsir etmədi. Komandaya çox yox, normal vəsait ayrılsaydı, bu işin öhdəsindən gələ bilərdik. Çox təəssüf ki, bizə ögey münasibət göstərdilər. Bilirsiz ən maraqlısı nədi? Son illər dağılan komandalar yüksək səviyyəli infrastruktura malik olublar. “Bakı”, “Xəzər Lənkəran”, AZAL – hamısının öz bazası və stadionu var idi. Yüksək şəraitə malik komandaların fəaliyyətini dayandırması çox acınacaqlıdı.
Avrokuboklarda çıxış edən klublarımızın oyunlarını izlədiyinizi söylədiz. Cavab qarşılaşmaları ərəfəsində şansları dəyərləndirməyinizi istərdik.
- “Zirə” qitəmiqyaslı turnirdə debüt etməsinə baxmayaraq, çox inamlı təsir bağışladı. Onların ilk mərhələni adlaması artıq uğur kimi dəyərləndirilməlidi. Cavab qarşılaşmasında onları çətin oyun gözləsə də, inanıram ki, Ayxan Abbasovun komandası ən azı layiqli oyunla bizləri sevindirəcək. Bu gün Avropada “balaca”, “böyük” söhbəti qalmayıb. Lüksemburq klublarına yuxarıdan aşağı baxmaq düzgün deyil. “Fola” ilk matçda göstərdi ki, futbol oynamağı bacarır. Ümid edirəm ki, “İnter” çətin səfərdən sərfəli nəticə ilə geri dönüb, növbəti mərhələ adlayacaq. “Qarabağ” ilk oyunda hər şeyi həll edib. Növbəti mərhələdəki rəqiblərin adları da məlumdu. Məncə, belə püşklə ağdamlılar pley-offa qədər irəliləyəcəklər. Ən çətin iş “Qəbələ”nindi. Polşa klubu doğrudan da çox səviyyəli komandadı. Açığı, “Qəbələ”nin mərhələ adlayacağına inamım azdı. Ancaq futbolda hər şey mümkündü. Xüsusilə də kubok oyunlarında. Ümid edirəm ki, proqnozum yanlış çıxacaq.

