"Bu məsələ avqustda həllini tapacaq. Mən buna ciddi problem deməzdim" - "Zaqatala"nın prezidenti Musa Qurbanov Sportinfo.az-a açıqlamasında belə deyib.
"İnter"i 12 ildi məskunlaşdığı "İnter Arena"dan çıxaran "Aqrarkredit" Zaqatala Olimpiya Kompleksinə də "əl qoyub". Bank olmayan kredit şirkətinin nümayəndələri hazırda burda təhvil-təslimlə məşğuldu.
Sözügedən kompleks Azərbaycan Beynəlxalq Bankının (ABB) balansındadı. ABB-nın problemli kreditləri ilə məşğul olmaq "Aqrarkredit"ə tapşırıldığından, nəzarət onlara keçib.
Amma bu o demək deyil ki, "Zaqatala" doğma yurd-yuvasından didərgin düşəcək. Gənclər və İdman Nazirliyi stadionun onların balansına verilməsi məqsədilə "Aqrarkredit"ə müraciət edib.
Danışıqlar prosesinin müsbət nəticələnməsi gözlənilir. M.Qurbanovun bildirdiyinə görə, AFFA rəhbərliyi hazırda bu msələni diqqət mərkəzində saxlayır:
"Nazirlik "Aqrarkredit"lə danışır ki, kompleksi onların balansına versin. Klubumuz yarandığı gündən stadiona icarə haqqı ödəyib. Yəni ki, oranı bizə pulsuz verməyiblər. Birinci il Beynəlxalq Banka köçürmə etmişik.
Bu mövsüm isə "Aqarkredit"ə. Hər ay 5000 manat ödəmə olub. İndi isə istəyirik ki, stadionu bizə təmənnasız icarəyə versinlər. Çünki başqa xərclər kifayət qədər artıb, stadiona görə yenə pul versək, kluba böyük problem yaradacaq".

