"Klubumuzun gələn mövsüm üçün strategiyasını müəyyənləşdirmişik. Üstünlüyü yerli gənclərə və uşaq futboluna verəcəyik" - bu sbzləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.
AFFA tərəfindən Premyer Liqaya buraxılmayan əyalət təmsilçisi I Divizionda 3-cü ilini keçirməyə məcbur olub. SOCAR-dan maliyyələşən "yaşıllar" başqa sponsor tapa bilmədiyindən, "lisenziyalaşdırma imtahanı"ndan kəsilib.
Qurbanovun bildirdiyinə görə, o, artıq federasiya rəhbərliyi ilə görüşərək, yeni planlarını müzakirə edib: "Təklif məndən gəldi ki, diqqəti aşağı yaş qruplarına verək. Onsuz, nə etsək, nə cür heyət yığsaq, söhbət gəlib yenə maliyyədə dayanacaq.
Sponsor tapılmasa, qalan məsələlər mənasızdı. AFFA-da mənimlə razılaşdılar, dedilər ki, uşaq futboluna fikir versəz, yaxşı olar. Mən komandaya ordan-burdan, Bakıdan bir neçə yaşlı futbolçu gətirim, yer tutum, sonra da Premyer Liqaya getməyim…
Onda bu qədər artıq xərc niyə çəkim? Azarkeşlərimiz də bu sözü deyir. Onlar razıdı ki, "Zaqatala" yerli uşaqlardan ibarət olsun. Nəticələr nə olur-olsun, komandaya dəstək verəcəklərini bildiriblər.
Ayın 20-dən sonra hazırlığa başlayacağıq. Baş məşqçinin kim olacağını, düzü, hələ müəyyənləşdirməmişik. Şaban Şirdanovu geri qaytaracağımızı, yoxsa onun köməkçisi İlqar Aslanovu bu posta təyin edəcəyimizi yaxın günlərdə dəqiqləşdirəcəyik".

