I Divizionda növbəti mövsüm sentyabrın əvvəlində start götürəcək. Çempionatda 10 komandanın iştirakı gözlənilir. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev mətbuata açıqlamasında bu barədə deyib. Onun sözlərinə görə, "Şəmkir" və "Bakılı"nın fəaliyyət göstərib-göstərməyəcəyi hələ məlum deyil.
AFFA-nın ötən mövsümün gedişində yarışdan kənarlaşdırdığı "Rəvan" və "Şərurspor" artıq həyatda yoxdu. "Bakılı"nın vitse-prezidenti Səttar Əbilov saytımıza bildirib ki, gələn sezonda yer alacaqlar. Həmçinin "Binə" divizionda debüt edəcək.
Sportinfo.az-da olan son məlumata görə, AFFA "Göyəzən" və "Energetik"i də aşağı dəstəyə buraxmaq istəmir. Sözügedən klublar divizionun "əbədi sakini" olduğundan, məlumdu ki, PFL indiyədək onlardan bank zəmanəti istəməyib. Hər ikisi 350 min manatlıq qarantiya sənədi təqdim etmədən qüvvəsini sınayıblar.
İstər "Göyəzən", istərsə də "Energetik" maliyyə cəhətdən divizionun ən kasıb üzvləridi. Futbolçularına 50-100 manat civarında maaş verən komandaların "qara siyahı"ya düşməsinin səbəbləri, əslində, eynidi - danışılmış oyunlarda iştirak etmələri barədə ciddi şübhələrin olması.
AFFA üçün əsas deyil ki, fakt var, ya yoxdu. "Rəvan"la "Şərurspor"un çempionatdan kənarlaşdırılması fakt əsasında baş verdimi? Xeyr! Hər halda qurum rəsmiləri bu proses zamanı ictimaiyyəti hansısa faktla tanış etmədi, bəyanatda yalnız şübhələrdən söz açıldı.
Əslində, "Göyəzən"in başının üstünü kəsdirən qara buludlar Məmməd Musayevlə bağlıdı. Sözügedən şəxs "Aqrarkredit"in prezidentidi, yəni "İnter"i "İnter Arena"dan çıxaran fiqurant. Qazax təmsilçisi Musayevlə əlaqəli "Turanbank"ın himayəsindədi. Adıçəkilən bank zəmanət sənədi təqdim etməsə, qərblilər yarışdan kənarda qalacaq.
Necə deyərlər, "İnter"lə bağlı yaranmış qalmaqalın zərbəsi "Göyəzən"ə dəyəcək. M.Musayev baza və stadionu "İnter"in yeni rəhbərliyinə, eyni zamanda AFFA-ya güzəştə getmədisə, doğma rayonunun komandasına adekvat münasibətə təəccüblənməlidi. Nə tökərsən aşına, o da çıxar qaşığına. Düzdü, ola bilsin, "Göyəzən" bu gün "Aqrarkredit"in birinci adamının yadına düşmür heç. Maraqlansaydı, ötən 11 ildə klubu dilənçi kökünə salmazdı.

