Bu klub yenə yaşayacaq: "Bizsiz çempionat olmaz"

4 İyul 2017 16:36 I Divizion 1 580
Bu klub yenə yaşayacaq: "Bizsiz çempionat olmaz"

Növbəti mövsüm I Divizionda 10 komanda mübarizə aparacaq. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yenilərdən yalnız “Binə”nin çempionatda iştirakı gözlənilir. Ötənilki iştirakçılardan “Şəmkir” və “Bakılı” hələ müraciət etməyib.

Aşağı dəstədə sezon sentyabrda start götürəcək. Həmişəki kimi. Yəni, ayın ilk 10 günlüyündə. AFFA-nın danışılmış oyunlarda iştirakından şübhələndiyi "Rəvan" və "Şərurspor" ötən mövsümün gedişində yarışdan kənarlaşdırıldığından, bu klublar avtomatik olaraq yenə kənarda qalacaq.

"Şəmkir"də qeyri-müəyyənlik davam edir. Qərb klubunda hər şey Elvin Səfərlidən, prezidentdən asılıdı. O isə buralarda yoxdu, 2 aya yaxındı Türkiyəyə qaçıb. Borcların əlindən. Təkcə komanda üzvlərinə 50 min manatdan çox verəcəyi var, biz hələ başqa borc yiyələrini demirik. Səfərli bu gün, yaxud sabah Azərbaycana dönəcəyini söləyib. Hər nə qədər inandırıcı görünməsə də.

Çün Elvin indiyədək bir çox vədlər verib, çoxunun üstündə isə dayanmayıb. Qayıtmaqla problemlər həll olunmur. Hardansa pul tapmalıdı. O, yaxasını kənara çəksə, yəqin ki, yerli İcra Hakimiyyəti qabağa duracaq. Hələlik onlardan bir səs-soraq çıxmır. Deyəsən, oturub səbrlə gözləyirlər ki, Səfərli nə vaxt ortalıqda peyda olacaq.

"Bakılı"ya gəlincə, 22 ildi ölkənin futbol həyatına xidmət edən paytaxt təmsilçisi fəaliyyətini dayandırmayıb. Klubun vitse-prezidenti Səttar Əbilov Sportinfo.az-a bildirib ki, I Divizionda mübarizə aparacaqlar. O, atası Misir Əbilovun prezidenti olduğu "Bakılı"dan imtina etməyəcəyini söyləyib:

"Uzun illərdi bu sahədəyik. Atam öz gücü hesabına bu klubu saxlayıb. Bundan sonra fəaliyyətini niyə dayandırmalıdı ki? Baş məşqçi postunda Əli Hüseynov qalacaq. Heyəti gəncləşdirəcəyik. Yəqin ki, yeni çempionatın hazırlığına avqustun 1-dən başlayacağıq. Havalar indi çox isti keçir, məşqlərə başalamaq üçün münasib vaxt deyil. Onadək Peşəkar Futbol Liqasıyla danışacağıq. "Bakılı"sız çempionat olmaz".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti