"Şəmkir"in prezidenti Elvin Səfərli aldada-aldada gedir. Hara gedir, nə olacaq bu işlərin və klubun axırı? Bilinmir. İki aydı Türkiyədə olan gənc iş adamı iyulun 2-də vətənə dönəcəyini vəd etmişdi.
Hər halda o, komandanın kapitanı Rövşən Əmiraslanovla son söhbətində həmin tarixdə Azərbaycana qayıdacağını, borclarını ödəyəcəyini və klubun I Divizionda çıxışını təmin edəcəyini bildirmişdi.
Ancaq Əmiraslanovla yenidən əlaqə saxlayınca, öyrəndik ki, hörmətli Elvin bəy hələ də problemlərin girdabında itib-batıb: "Düzdü, o, ayın 2-də gələcəyini mənə demişdi. Amma mən də öz növbəmdə sizdə demişdim ki, bu, inandırıcı deyil. İndi də deyir, 4-də gəlirəm.
Siz nə bilirsiz, mən də onu bilirəm. Yenə özüylə danışmışam. Görək 4-də gəlirmi? Adamın ona inanmağı da gəlmir daha. "Bu gün-sabah" deyə-deyə, neçə vaxtdı yoxdu. Özünə də demişəm ki, uşaq deyilsən, vaxt gedir. Konkret bir vəd verməsə də, məni arxayın edir ki, yüz faiz gələcəm, problemlərin də hamısını həll edəcəm.
Beş-altı gün də gözləyək. Sonra görək neyləyirik. "Şəmkir" artıq yığılmalıydı, gecikirik. Camaat artıq futbolçusunu yığır, "Şəmkir"ə lap zəiflər qalacaq. Normal futbolçular əldən çıxır. Prezident dediyi vaxtda gəlməsə, məcburuq ki, gedək İcra Hakimiyyətinə. Birinci növbədə üz tutacağımız yer oradı. İnşallah, yəqin ki, bir köməklik edərlər".
SPORTİNFO.AZ

