"Danışdım, söz verdi ki, "Şəmkir"i yaşadacam, yaxşı olacaq"

30 İyun 2017 17:12 I Divizion 1 024
"Danışdım, söz verdi ki, "Şəmkir"i yaşadacam, yaxşı olacaq"

"Futbolçuların hərəsi bir yerə dağılıb. Hamımız narahatıq. Uşaqlar zəng vurub soruşur ki, nə oldu, komanda nə vaxt yığılır?" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in kapitanı Rövşən Əmiraslanov deyib.

AFFA lisenziyalaşdırma tələblərini yerinə yetirməyən qərb klubunu Premyer Liqaya buraxmadı. Bu, mayın əvvəlində dəqiqləşdi. İndi isə vəziyyət ümumiyyətlə kritikdi. Rəhbərlik ötəen mövsümdən qalan 2 aylıq maaş borcunu ödəməyib. Üst-üstə 50 min manatdan artıq verəcəkləri var.

Elvin Səfərli isə ortalıqdan ilim-ilim itib. Prezident nə vaxtdı Türkiyədədi. Azərbaycandan birdəfəlik getdiyi söylənilir. Uzun illərdə Şəmkir futboluna sədaqətlə xidmət edən R.Əmiraslanov durumun pis olmasını bildirsə də, klubun dağılacağına inanmaq istəmir:

"Arabir Elvin Səfərli ilə danışıram. Axırıncı dəfə bir həftə, 10 gün qabaq zəng vurmuşdum ona. Dedim, bu komandanın aqibəti necə olacaq, nə fikirləşirsən? Nə bilim, yalan-gerçək dedi, iyulun 2-də gələcəm, komandanı da yığacam. Amma belə inandırıcı bir şey yoxdu ortada. Bu qədər çətinliklə, bu qədər borcla…

Nəsə mən inanmıram ki, bir şey ola. Konkretlik yoxdu. Ya Elvin tərəfdən, ya bir başqa tərəfdən yaxınlaşıb deyən yoxdu ki, "Şəmkir"ə bundan sonra biz himayədarlıq edəcəyik. Son yeniliyi Elvinin özündən eşitmişəm. Mənə dedi ki, gəlirəm, komandanı yığıram, bütün borcları bağlayıram, bir də problem olmayacaq. Ayın 2-də gözləyək görək, nə olur. Həmin vaxta heç nə qalmayıb.

Biz də mətbuatı diqqətlə izləyirik ki, nəsə bir məlumat ola. İcra Hakimiyyətindən də real bir xəbər yoxdu ki, klubu nə gözləyir. Klubun stadiona və futbolçulara borcunun olması heç kimə sirr deyil. Elvinin şəxsi işlərinə qarışan deyiləm, bilmirəm onun kənarda nə problemləri var.

Onun dediyi sözü sizə deyirəm. Soruşdum ki, kluba baxacaqsan, ya baxmayacaqsan? Çünki bilək işimizi, başqa adamlar var, bəlkə onlara müraciət edəsi olduq. Dedi, "Şəmkir"i problemsiz yaşadacam. Bu, nə dərəcədə inandırıcıdı, onu bilmirəm. Ən düzünü bir Allah bilir, bir də Elvin Səfərlinin özü. Klubun yaşayıb-yaşamayacağına mən qarantiya verə bilmərəm.

Biz əvvəl bunu bilməliyik ki, Elvin kluba baxır, ya baxmır. Hal-hazırda bütün himayə Elvinin üstündədi. Yəni ki, sənəddə onun adı gedir. Mən fikirləşirəm ki, "Şəmkir" çox güman yaşayacaq. Çünki klub rayonun adını təmsil edir. İddialı olmasa da, yəqin ki, ortalarda olar. Mən hələ ən pis variantı deyirəm. Klubun dağılacağını düşünmək belə, istəmirəm.

"Şəmkir" adına və keçmişinə görə ən azından birinci divizionda da olsa, yaşamalıdı. Yəqin ki, icraçı başçısı birinci növbədə buna imkan verməz. O. idmanı sevən insandı. İnanıram ki, bu barədə bir ölçü götürəcək. Sadəcə, narahatlığımız ondandı ki, vaxt bizim əleyhimizə işləyir. Ona görə də bir az tez hərəkət etmək lazımdı.

Yaxın günlərdə bir də Elvinlə danışacam. Görüm, konkret fikri nədi. Ayın 2-dən sonra nəsə oldu, oldu. Olmasa, hər şey yavaş-yavaş arxaya gedəcək. Artıq icra başçısına, rayonun imkanlı şəxslərinə müraciət etmək lazım olacaq ki, klub yaşasın.

Əvvəl kluba AFFA və PFL baxıb. Sağ olsun Ramin Musayev, əlindən gələn köməkliyi "Şəmkir"ə göstərib. O vaxt Premyer Liqaya iddialı olmasa da, "Şəmkir" pis-yaxşı oynayırdı, maliyyə vaxtlı-vaxtında verilirdi. Bu dəqiqə hər şey, belə baxanda, "kaşa"dı. Ümid sonda ölür. İnşallah, düzələr!".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti