I Divizionda çıxış edəcək “Binə”nin sponsoru və büdcəsi

24 İyun 2017 13:24 I Divizion 1 870
I Divizionda çıxış edəcək “Binə”nin sponsoru və büdcəsi

Uzun illərdi həvəskarlar liqasında çıxış edən “Binə”nin növbəti mövsümdən I Divizionda mübarizə aparacağını Sportinfo.az yaxınlarda oxucularının diqqətinə çatdırıb. Komanda artıq aşağı dəstə üçün hazırlıqlara start verib. İyunun 29-da “Səbail”lə yoxlama oyununda qüvvəsini sınayacaq kollektiv növbəti ay üçün də 4-5 sınaq görüşü planlaşdırır. Rəhbərlik məşqçilərə yeni və gənclərdən ibarət heyət formalaşdırmağı tapşırıb. Sıfırdan formalaşdırılan “Binə”nin baş məşqçisi Mehman Babayev bütün bunlarla bağlı “Futbol+“ qəzetinə danışıb.

Mehman bəy, uzun illər həvəskarlar liqasında çıxış edən “Binə”nin peşəkar kluba çevrilməsi ideyası hardan qaynaqlandı?
- Bəli, 1997-ci ildən Binə qəsəbəsinin eyniadlı komandası var. Həmin ildən həvəskarlar liqasında çıxış edirik. Əslində çoxdan peşəkar klub yaratmaq fikrimiz var idi. Lakin sponsorlarımız yox idi. Bilirsiz ki, sponsor olmayanda peşəkar komandanı saxlamaq mümkünsüzdü.

Bəs indi necə, sponsorlar var?
- Bəli, artıq “Binə” futbol klubuna sahib duracaq insanlar var. “Güvən” klinikası bizimlə əməkdaşlıq edir. Əsas maliyyə mənbəmiz məhz bu klinikadı. Bundan əlavə, “Akkord” şirkətlər qrupunun da bizə dəstək olacağı gözlənilir. Artıq onlarla əməkdaşlıq müzakirə olunub. Xəzər rayonunun İcra Hakimiyyətindən də bizə dəstək olacaqlarını biliriblər. Həmçinin əlavə bir-iki sponsorla danışıqlar aparırıq. Adlarını çəkmək istəmirəm. “Binə”ni peşəkar kluba çevirmək istəyirik. Növbəti mövsüm birinci divizionda çıxış edəcəyik. Bu məsələ ilə bağlı çox işlər görülüb. PFL-dən də razılıq almışıq. Şəxsən Ramin Musayevlə görüşüb, bu məsələni müzakirə etmişik.

Klubun illik büdcəsi təxminən nə qədər olacaq?
- İllik büdcəmiz barədə konkret rəqəm söyləyə bilmərəm. Təxminən 150 min manat civarında olacaq. Yenə deyirəm, bəzi sponsorlarla tam anlaşmamışıq. Hər an büdcədə artım ola bilər.

Komandanın geyim dəsti hazırdı?
- Biz “Nike” şirkəti ilə əməkdaşlıq edəcəyik. İki gün əvvəl mövbəti mövsümün formalarını da sifariş vermişik. Hardasa 10 gündən sonra geyim dəstimiz gələcək.

Ev oyunlarınızı harda keçirəcəksiz?
- Təbii ki, Binə stadionunda. 1997-ci ildən o stadionun düzəldilməsi, böyüdülməsi yönündə işlər görmüşük. Ev oyunları da orda olacaq. AFFA da stadion məsələsində bizə dəstəyini əsirgəmir. Oranın ot örtüyü sünidi. Amma çox yaxşı vəziyyətdədi. Əvvəllər burda “Neftçala” birinci divizionda ev oyunlarını keçirirdi. Paltardəyişmə otaqları, sanitar qovşaqları çox yüksək səviyyədədi. Hazırda baza ilə maraqlanırıq. Elə stadiona yaxın yerdə bir obyekt var. Oranı baza eləmək üçün danışıqlar aparırıq. Yəni yeməkxana və futbolçuların qalması üçün bir yer olacaq.

Heyətdə bizim tanıdığımız, premyer-liqa və ya birinci divizionda oynamış hansı futbolçular var?
- Aşağı dəstədən tanıdığımız, “Neftçala”nın şərəfini qorumuş Ramil Kərimov, “Araz Naxçıvan" və AZAL-da oynamış Elmin Çobanov bizimlə anlaşıb. Daha bir neçə futbolçu baxışdadı. Hazırda danışıqlar davam edir. Limit məsələsinə görə indidən müqavilə imzalamağa tələsmirik.

Bəs məşqçilər heyətində kimlər təmsil olunacaq?
- Bildiyiniz kimi, baş məşqçi mənəm. Köməkçilərim isə Mais Əzimov və Rəhman Cəfərov olacaq.

“Binə”nin birinci divizionda əsas məqsədi nə olacaq?
- Birinci məqsədimiz gənc futbolçuları üzə çıxarmaq olacaq. Aşağı dəstə ilə bağlı 3 illik layihəmiz var. Bu müddət ərzində orda möhkəmlənib, cavanlara üstünlük verib, yaxşı bir komanda formalaşdırmaq istəyirik. Ola bilər ki, layihəmiz tez inkişaf etdi və uğurlu oldu. 2 il müddətində də premyer-liqaya yüksələ bilərik. Bu, işə yanaşmağımızdan asılı olacaq. Nə qədər peşəkar iş ortaya qoysaq, o qədər sürətlə inkişaf edəcəyik. Növbəti mövsüm qarşıya hədəf kimi ilk “6-lıq”da olmaq qoyulub. Amma nə qədər yuxarı qalxa bilsək, o qədər yaxşıdı. Necə deyərlər, “iştah diş altındadı”.

Bildiyimiz qədər artıq hazırlıqlara start vermisiz. Hətta yoxlama oyunları ilə bağlı da məlumatlar var.
- Bəli, planımız demək olar ki, hazırdı. Bu ayın 29-da “Səbail”lə yoxlama oyunu keçirmək istəyirik. Hazırda seleksiya xarakterli toplanışdı. Təlim-məşq toplanışı isə gələn ay başlayacaq. 4-5 yoxlama oyunu da növbəti aya planlaşdırmışıq. Lakin rəqiblərin kimliyi indidən bilinmir. Çünki birinci divizion təmsilçiləri hələ yığışmayıb. Üstəlik, premyer-liqa klubları hazırda avrokuboklara hazırlaşır, ölkə kənarında toplanış keçir. Komandanın ölkə xaricinə yollanmaq ehtimalı da var. Avqustda Türkiyəyə getmək istəyirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti