"Şəmkir"in prezidenti Elvin Səfərli yenə sözünün üstündə dayanmayıb. 1 aydan çoxdu Azərbaycandan gedən klub rəhbəri futbolçuları ilə sonuncə dəfə əlaqə saxlayarkən, bəzi şəxsi işləriylə əlaqədar Türkiyədə olduğunu və yaxın günlərdə vətənə dönəcəyini bildirmişdi.
O, 2 aylıq maaş borcunu ödəyəcəyini və futbol sahəsində qalacağını demişdi. Səfərli Gəncə Beynəlxalq Xəstəxanasının sponsorluqdan imtina etməsinə baxmayaraq, "Şəmkir"in yaşayacağını və bütün maliyyə məsələlərini öz gücünə həll edəcəyini söyləmişdi.
Prezident komandanın yenə də I Divizionun ən iddialılarından biri olacağını vurğulamışdı.
Hamısı keçmiş zamanda…
Səfərli hələ də geri qayıtmayıb. Görünən budu ki, Azərbaycanın ən köklü klublarından olan “Şəmkir”in gələcəyi sual altındadı. Maraqlıdı ki, gənc klub rəhbəri artıq şəxsi “facebook” hesabında da adını dəyişib. Özünə Edurd Paradeli adını verən Elvin Səfərlini necə başa düşək? Durumu kritikdi.
"Şəmkir"ə aşağı-yuxarı 50 min manat verəcəyi var. Bir bu olsaydı, işin altından qalxardı. Gələn xəbərlərə inansaq, o, az qala respublikanın yarısına borcludu. 100 min birinə, 200 min birinə…
Borc yiyələrinin əlindən tərpənə, göz aça bilmir.
Odu ki, ona məxsus bəzi obyektləri, karxana və restoranları satışa çıxartdığı söylənilir. Üstəlik, bu ildən baza olaraq istifadə etmək üçün komandanın ixtiyarına verdiyi məkanı da geri alıb və başqalarına "ötürüb".
SPORTİNFO.AZ

