İcra başçısının yeni "Qarabağ" yaratması və aldatması haqda

15 İyun 2017 13:24 I Divizion 1 026
İcra başçısının yeni "Qarabağ" yaratması və aldatması haqda

2000-ci ilin hardasa sentyabr-oktyabr ayı olardı. "Kimyaçı" dağılmışdı. Bir neçə futbolçunu Sabir Əliyev götürüb Quba "Şahdağ"na getmişdi, orda da 4-5 turluq uğursuzluqdan sonra geri qayıtmışdılar. Mən də "İnşaatçı" stadionunda özüm üçün məşq edirdim ki, formadan düşməyim. Bir gün gördüm Sabir Əliyev stadiona gəldi, yaxınlaşdı ki, yeni komanda yaranıb, "Kimyaçı"dakı uşaqları bir yerə yığmışıq, sən də gəl qoşul bizə.

Məlum oldu ki, komandanın yaranmasının təşəbbüskarı Adil Nadirovdu. Həmin vaxt Adil Nadirovun "Qarabağ"la böyük problemi olmuşdu, qalmaqallı şəkildə ordan ayrılmışdı. Ona görə demişdi ki, özüm başqa bir "Qarabağ" yaradacam. Gedib Xocalının icra başçısı Elmar Məmmədovla görüşüb deyib ki, sən də dəstək ol, "Qarabağ" adlı yeni komanda yaradaq, özü də Xocalını təmsil eləsin.

Həmin vaxt Elmar Məmmədov deputatlığa namizədliyini vermişdi. Adil Nadirova deyir ki, gedin yaradın, mən də nə kömək lazımdı edəcəm. Adil Nadirov da gəlib Sabir Əliyevə demişdi ki, "Kimyaçı"nın uşaqlarını yığ, "Qarabağ Xocalı" adı ilə başla məşqlərə. I Divizion start götürdüyündən, qərara alındı ki, Həvəskarlar Liqasında mübarizəyə başlayaq, komanda tam formalaşsın. Növbəti ildə isə I Divizionda mübarizə aparsın, ordan da yüksək liqaya çıxsın.

Heyət çox güclü idi. Mahir Şükürov, Vüqar Nadirov, Bəhruz Zeynalov, Ruslan Poladov kimi uşaqlar o komandada yer almışdılar. Şimal zonasında bir oyun uduzmadan dekabra kimi uğurlu çıxış edib qrup lideri olduq. Bu müddətdə bir qəpik pul üzü görmədik. Bir dəst forma alındı, 2-3 top. Onu da deyəsən elə Nadirov özü almışdı. Elmar Məmmədov nə bir dəfə oyunumuza gəldi baxdı, nə də bir dəfə 3-5 manat göndərdi ki, uşaqlar əziyyət çəkir (onda "İnşaatçı" stadionunda məşq edirdik, orda da şərait yaxşı deyildi) heç olmasa, arada stimul olsun.

Çünki komandada ailəli, nişanlı olan uşaqlar var idi, 3 ay qara qəpik üzü görmədilər. Adil Nadirov hər dəfə gəlirdi ki, bir az da səbr edin, deputat seçkiləri olsun, Elmar müəllim seçilsə, hər şey yaxşı olacaq. Hamı gözləyirdi ki, yəqin başı seçkilərə qarışıb, komanda ilə maraqlana bilmir. Nə isə, seçkilər oldu, Elman müəllim seçildi, ondan sonra bilindi ki, ona nə futbol lazım imiş, nə də Xocalının adı.

Nəinki maraqlandı, mədəni şəkildə dedi ki, gedin işinizlə məşul olun, mənə komanda lazım deyil. Halbuki biz hamımız sumqayıtlı idik, əslində bu komanda ilk növbədə onun komandası idi. Bir xocalılı kimi o gərək maraqlı olardı ki, Xocalının adını daşıyan komanda yaşasın, daha da iddialı olsun. Təəssüf ki, deputat seçilən kimi hər şey yaddan çıxdı, verilən vədlər unuduldu.

Bunları niyə yazdım. Təsadüfən qabağıma bu şəkillər çıxdı ki, Xocalıdan olan uşaqlarla görüş keçirilib, onlara top hədiyyə olunub. Şəkildə Elmar Məmmədovu gördüm, yadıma o illər düşdü. Yəqin burda da bu uşaqlara idmanın inkişafından, Xocalının adını yaşatmaq üçün bir olmaqdan, özünün də əlindən gələn köməyi etməyə hazır olmasından danışıb...

Anar Xanlarov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti