"Artıq klub rəhbərliyi ilə görüşüb danışmışam. 10 gündən sonra işə başlamağı planlaşdırıram. Mənə güvənən insanlara və dostlara öz minnətdarlığımı bildirirəm" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Gəncliy"in baş məşqçisi Müşviq Qənbərov deyib.
Yeni yaranan komanda gələn mövsümdən I Divizionda çıxış edəcək. Mərhələli inkişaf strategiyası seçən debütant əsasən gənclərə üstünlük verəcək. Qənbərovu baş məşqçi postuna gətirən debütant ilk ilində medallar uğrunda mübarizə aparmayacaq:
"Mənə dedilər ki, ilk mövsümdə komandanın təcrübə qazanmasını istəyirik və buna görə, gənclərə üstünlük vermək lazımdı. Amma bu, o demək deyil ki, hədəfimiz olmayacaq. Bacardığımız qədər yuxarı yerlərə can atacağıq. Növbəti ildə isə konkret medallar uğrunda mübarizə aparacağıq.
Ayın 17-dən seleksiyaya başlayırıq. Məşqlərimiz "İnter Arena"nın ehtiyat meydançasında olacaq. Oyunları da orda keçirəcəyik. AFFA-nın diviziona tətbiq etdiyi yaş limitinə uyğun hərəkət edəcəyik. 23 futbolçu götürəcəyik. Əksəriyyəti cavan olacaq. Bizə yaşlı və təcrübəli uşaqlar da lazımdı. Premyer Liqa görmüş 7-8 nəfəri komandaya dəvət etmişəm. Artıq bu istiqamətdə müəyyən işlər görürəm, razılıq verənlər var".
MOİK və AZAL-da uğurlu fəaliyyəti ilə adından söz etdirməyi bacarmış gənc mütəxəssis öz köməkçilərini müəyyənləşdirib: "AZAL-da mənimlə bərabər çalışmış Ramil Hüseynovu bura gətirmişəm. "Şəmkir"dən ayrılan Rauf Mehdiyev qapçılarla işləyəcək. Daha bir köməkçi götürmək istəyirəm. Bir neçə ildi məşqçilik həyatına başlamışam, divizionu yaxşı tanıyıram. Əksər komandaların nəyə qadir olduğunu bilirəm. Fikrimcə, "Gənclik" ilk ilində öz özünü deməyi bacaracaq. Mən özümə və köməkçilərimə arxayın olmasaydım, bu yükün altına girməzdim".
Komanda çempionata əsas hazırlığı Türkiyədə - Alanyada keçirəcək. Sözügedən şəhərin biznes dairələri ilə sıx ilişkiləri olan "Askona" rəhbərliyi orda 14 günlük təlim-məşq toplanışı təşkil etməyi qətiləşdirib. Qonşu ölkəyə səfərə hər cür tədarük görərək gedəcəklər. Artıq komanda üçün avtobus alınıb, xaricdən geyim dəstləri sifariş olunub:
"Maliyyə cəhətdən problem yaranacağını güman etmirəm. Çünki rəhbərliklə görüşdə klubun məqsədləri və sponsor şirkətin imkanlarıyla bvağlı danışmışıq, hər şeyi ölçüb-biçmişik. Futbolu sevən insanlarla işləyəcəm. Onlar futbolun inkişafında maraqlıdılar. Mən bu həvəsi həmin şəxslərdə gördüm, çox xoşuma gəldi. Düzgünlük olan yerdə xeyir-bərəkət də olar. Komandanın formalaşdırılması və normal hazırlıq keçməsinə hər cür şərait yaradıblar. Tezliklə formalar və başqa inventarlar alınacaq. Təlim-məşq toplanışına Bakıda başlayıb, Alanyada bitirəcəyik".

