“Göyəzən”in "Totti"si: “Qoşqar səhhətini nəzərə almadı, sevdiyi topa görə həyatını qurban verdi”

3 İyun 2017 00:24 I Divizion 1 228
“Göyəzən”in "Totti"si: “Qoşqar səhhətini nəzərə almadı, sevdiyi topa görə həyatını qurban verdi”

Qazaxın futbol ictimaiyyəti ağır xəbərdən sarsıldı. Uzun illər “Göyəzən”in şərəfini qorumuş, komandanın kapitanı olmuş Qoşqar Sarıyev qəfil dünyasını dəyişib. 1978 doğumlu veteran futbolçu çay evində yoldaşları ilə birgə olarkən ürəyindəki ağrılar səbəbindən özündən gedib. Onunla birgə olan yoldaşları veteran futbolçuya yardım etmək istəsələr də, faydası olmayıb və “Göyəzən”in Tottisi gözlərini əbədi yumub.

Adətən, deyirlər ki, idman sağlamlığın rəhnidi. Ancaq son vaxtlar bu deyimin heç də özünü doğrultmadığına şahidlik edirik. Son 5 ildə istər dünya, istərsə də ölkə idmanında neçə-neçə cavan idmançının, futbolçunun erkən rəhmətə getdiyini qeyd edə bilərik. Bu cür ölümlərdən sonra insanda belə fikir formalaşır ki, ya müasir idmanda yükləmələr ağırdı, ya da 21-ci əsrin insanının orqanizmi immuniteti itirib və gözgörəsi şəkildə zəifləyib.

“Göyəzən”in sabiq kapitanının ölüm səbəbini aydınlaşdırmaq üçün Qazax təmsilçisinin baş məşqçisi Elxan Muradovla əlaqə saxladıq. Elxan bəy dünyasını dəyişmiş yetirməsinin ürək çatışmazlığından əziyyət çəkdiyini söylədi (Futbol+): “Təxminən 2 il əvvəl Qusarda yerli komandaya qarşı oynamalıydıq. Matçdan öncə yerinə yetirilən isinmə hərəkətləri zamanı rəhmətlik Qoşqarın rənginin ağardığını gördüm və həkimdən onu müayinə etməsini istədim.

Məlum oldu ki, ürəyində ağrı yaranıb. Nə qədər israr etsə də, onu həmin qarşılaşmada meydana buraxmadım. Geri qayıdarkən də yolboyu həkimimiz ona dava-dərman verdi. Qazaxa çatandan sonra mənim təkidimlə rayondakı Diaqnostika Mərkəzinə yollanıb kardioloqun müayinəsindən keçdi. Həmin vaxt həkim ona ürəyində problemlər olduğunu, bu vəziyyətdə futbol oynaya bilməyəcəyini dedi. Ancaq belə olan halda normal yaşaya biləcəyini söylədi.

Həmin müayinədən sonra Qoşqardan futbolçu karyerasına son qoymasını istədim. Bir məşqçi kimi 15 il “Göyəzən”in şərəfini qoruyan, komandanın lideri olan oyunçunu itirmək mənim üçün də çətin idi. Lakin “insan həyatı hər şeydən üstündü” deyib ona qardaş məsləhəti verdim. O da sağ olsun, sözümü eşitdi. Buna baxmayaraq, ən azı həftədə bir dəfə həvəskarlarla kiçik ölçülü meydançada futbol oynayırdı. Məhz bu onun ürəyinin dayanmasına səbəb oldu. Allah o dünyasını versin, çox qabiliyyətli və istedadlı futbolçu idi. Lakin səhhətini nəzərə almadı, sevdiyi topa görə həyatını qurban verdi”.

Elxan bəy söhbət əsnasında rəhmətliyin birvaxtlar “Qəbələ”nin maraq dairəsinə düşdüyünü, lakin doğmalarına görə Qazaxı tərk etmədiyini də vurğuladı: “Qoşqar bir qədər qapalı, ailəsinə bağlı bir insan idi. Ramiz Məmmədov ilk dəfə “Qəbələ”nin baş məşqçisi təyin olunanda onu da komandaya dəvət etmişdi. Həmin ərəfədə Sarıyev karyerasının zirvəsində idi. Ancaq ailəsinə görə təklifi qəbul etmədi və sona qədər “Göyəzən”ə sadiq qaldı. Səhhətinə görə futboldan uzaqlaşandan sonra Xanlıqlar kəndində dükanların birində satıcı işləyirdi.

Evinin içi idi və dükan sahibi də ona yaxşılıq mənasında demişdi ki, “gəl, burda otur, aylıq maaşını al”. Heç kim inanmazdı ki, o həyatla belə erkən vidalaşar. Onu bu gün (dünən) Xanlıqlar kənd qəbiristanlığında dəfn etdik. Bütün komanda üzvləri dəfndə iştirak etdi. Ümumiyyətlə, rəhmətliyin xətrini rayonda çox adam istədiyindən dəfndə o qədər adam var idi ki, iynə atsaydın, yerə düşməzdi.

Qoşqarın atası və anası da ürəktutmasından rəhmətə gediblər. Ola bilsin, bu xəstəlik onlarda irsi olub. Allah o dünyasını versin, qəbri nurla dolsun. Danışdıqca özümü çox pis hiss edirəm. Hər bağbana əkdiyin ağacın barı şirin olduğu kimi, məşqçi kimi də mənə yetişdirdiyim futbolçular əzizdi. Onları belə erkən yaşda itirmək mənə çox pis təsir edir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti