Premyer Liqaya vəsiqə qazana bilməyən "Şəmkir" yenidən fəaliyyətini dayandıra bilər. Sportinfo.az-ın məlumatına görə, sponsorlar ötən ilin yayında himayəsinə götürdüyü klubun əldə etdiyi nəticələrdən və bu ətrafda baş verən proseslərdən narazıdı, onları ruhdan salan bəzi idarəçilərin "Şəmkir"in adına ləkə vurması, danışılmış oyunlarda iştirakdarı ilə bağlı iddiaların geniş yayılmasıdı.
Bu söz-söhbətlər rayonda hər kəsi, o cümlədən, İcra Hakimiyyətində də böyük narahatlıqla qarşılanıb. "Şəmkir" maliyyə probleminin nə demək olmasını bilməzdi. Hazırda isə bu böhran camiəni bürüyüb. 3 aydı komandaya pula həsrətdi. Nə futbolçular, nə də məşqçilər əməkhaqqı alır. Klubun prezidenti Elvin Səfərli borcu bu gün-sabah ödəyəcəyinə söz verib. Bundan sonra isə… Heç nə bəlli deyil.
Onun mətbuata son açıqlaması "Şəmkir"i gözləyən təhlükənin aktallığından xəbər verir: “Hələ ki heç bir yenilik yoxdu. Özümüz də gələcəkdə nəyin necə olacağını bilmirik. Gözləyirik, görək hadisələr necə cərəyan edəcək. Komandanın birinci divizionda çıxışını davam etdirəcəyini demişdim. Amma planlar hazır deyil. Hələ toplaşıb, müzakiə etməmişik. Çünki uzunmüddətli fasilə var. Maaşları ödəyə bilməmişik. Amma ödəyəcəyik. Biz heç kimə borclu qalmayacağıq. Kişinin kişiyə borcu olar. Yaxın zamanda hamısını həll edəcəyik”.
Klub prezidentinin sözlərinə görə, baş məşqçi məsələsi də açıq qalır: “Yəqin ki, özüm olaram (gülür). Hələlik heç nə yoxdu? Görək, başımıza nə gəlir. Hələ heç kimlə danışmamışıq”. Elvin bəy stadionda təmir işlərinin dayandırıldığını da bildirib: “Bəli, stadiona türk mütəxəssislər dəvət eləmişdik. Amma artıq işlər yarımçıq dayandırıldı. Biz bunu premyer-liqaya vəsiqə qazanmaq ümidi ilə etmişdik. Lakin divizionda qalmalı olduq. Hər çempionatın öz səviyyəsi, şərtləri var”.
Biz bir səhv elədik, kluba sahib çıxdıq. Bir də belə səhv etmərik. Çox pis xəyal qırıqlığına uğradıq. Çox böyük planlarımız var idi. Bilirsiz, Gürcüstandan bizə xeyli təklif var. Saymaqla qurtarmaq olmur. Deyirlər ki, gəlin, kluba sahib çıxın. Burda dövlət klublara torpaq verib, hər il pul verir. Gəlin, rəhbərliklə məşğul olun, yatırım edin. Bilirsiz, orda necədi? Aşağı dəstədə yer tutan komanda elitaya yüksəlir. Amma biz azərbaycanlıyıq, şəmkirliyik. İstəyirik öz millətimiz üçün olsun, futbolumuz inkişaf etsin. Xaricdə təhsil alıb, gəlmişik vətənimiz üçün çalışaq".

