"Şəmkir"in prezidentinə ağır cavab və xəbərdarlıq: "Elə etmə ki, mən başqa şeylərdən də danışım"

30 May 2017 12:24 I Divizion 1 439
"Şəmkir"in prezidentinə ağır cavab və xəbərdarlıq: "Elə etmə ki, mən başqa şeylərdən də danışım"

AFFA-nın "Şəmkir"ə Premyer Liqa yolunda "yaşıl işıq" yandıracağı gözlənilirdi. I Divizionda sezonu 6-cı pillədə başa vuran qərb təmsilçisində heç kim şübhə etmirdi ki, növbəti "futbol ili"nə elitada start verəcəklər. Lisenziyalaşdırma Komissiyası ehtimalları doğrultmadı, çempionatın iştirakçılarının sayını artırmadı. Bu tərkibdə yalnız AZAL-ı "Səbail"lə əvəzləməyi məqsədəuyğun saydı. Beləcə, şəmkirlilərin bütün ümidləri havaya buxarlandı.

Ötən mövsümün əvvəlində yenidən “Şəmkir”in baş məşqçisi postuna gətirilən Qəhrəman Əliyev qış fasiləsindən sonra komandadan ayrıldı. Buna ilk dövrədən sonra turnir cədvəlində 2-ci pillədə qərarlaşan komandanın 16-cı turda gözlənilmədən “Rəvan”a 1:2 hesabıyla uduzması səbəb oldu. Hazıda həvəskarlar liqasında çıxış edən “Bakı”nın sükanı arxasında olan təcrübəli mütəxəssis saytımıza açıqlamasında “Şəmkir”in ona 1250 manat borcu olduğunu bildirmiş, prezident Elvin Səfərlinin onun halal maaşını qaytarmamasından şikayətlənmişdi.

O, əfərlinin futbol adamı olmadığını söyləmiş və bu şəxslə klubun irəli getməyəcəyini vurğulamışdı. "Şəmkir"in birinci şəxsi isə bu fikirlərin heç biri ilə razılaşmayıb. "Futbol+" qəzetindən tribuna alan prezident keçmiş baş məşqçilərinin ünvanına sərt irad/ittihamlar səsləndirib. Dünən oxucularımızı həmin açıqlamalarla tanış etmişik. Qəhrəman Əliyev redaksiyamıza müraciət edərək, bunlara cavab vermək istədiyini bildirdi.

"Qəhrəman bəy ağsaqqal kişidi. Ümid edirəm ki, yalan danışmaz. Kimə borclu olduğumuzu heç özüm də bilmirəm. Yalnız onu anlayıram ki, futbol aləmi çox qəribədi. yaxşılıqların heç birini nəzərə almırlar. Amma hərənin öz iddiası, planları var. Bilmirəm, bu nə oyundu, nə söhbətdi? Yalnız onu deyə bilərəm ki, nə qədər bu cür söhbətlər olacaq, Azərbaycan futbolu inkişaf etməyəcək. Qəhrəman bəy fevralın 17-də öz istəyi ilə postundan gedib. O da nəticə göstərə bilmədiyinə görə. Fevralın 17-də işdən ayrılan adam həmin ayın maaşını bizdən necə tələb edə bilər? Əmək Məcəlləsinə əsasən ona fevralın maaşı düşmür.

Adam öz istəyi ilə postunu tərk edib. Yanvarın maaşı tam ödənilib. Qəhrəman Əliyev deyir ki, məni tapa bilmir? İndi sizə sual verirəm, nə vaxt məni axtarmısız, sizdən qaçmışam? Heç vaxt. O, yalan danışır. Mənim nömrəm şəhərdə adi taksi sürücülərində belə var. Heç yerdə gizlənməmişəm. Elə bir adam yoxdu ki, məni axtarıb, nömrəmə zəng edib tapa bilməsin. Belə şey, ümumiyyətlə, ola bilməz. “Feysbuk” sosisal şəbəkəsində nömrəm var. Özüm yazmışam ki, hamı üçün rahat olsun. Bütün bu fikirlərinə görə Qəhrəman bəyin son klubu elə “Şəmkir” olacaq. O başqa yerdə işləyə bilməyəcək. Çox naşükür adamdı. Naşükür adamlar hər zaman ac qalırlar”.

CAVAB: "Mən ondan işləmədiyim vaxtın pulunu istəmirəm. Burda aylıq maaşım 1500 manat idi. İstefa verəndə yanvarın maaşından 1 qəpik almamışdım. Fevralın ortasınadək olan pulum da qalmışdı. Üst-üstə 2250 manat eləyir. Ondan sonra iki dəfə görüşmüşük, gətirib 500-500 verib. 1250 manat bugünədək onda qalıb. Elvin Səfərli "Şəmkir"ə pulu öz cibindən xərcləmir. Klubun sponsorları var və mən bilirəm ki, onlar yanvar və fevral aylarının əməkhaqqısını veriblər. O pul hesabdan çıxarılıbsa, mən niyə öz halal zəhməthaqqımı almamalıyam?

"Şəmkir"ə sponsorluq edən insanları yaxşı tanıyıram. Düzgün adamlardı. Qətiyyən imkan verməzlər ki, işçinin pulu başqa cibə getsin. Mən onlardan həmişə özümə qarşı hörmət görmüşəm. Hər şey qarşılıqlıdı. Elvin müəllimin telefon nömrəsini şəhərin bütün taksi sürücüləri bilə bilər, nə olsun? Fakt budu ki, mən bu adamı tapa bilmirəm. Nəinki mən, son günədək klubda qalıb işləyən məşqçilər də onu tapa bilmir. Bir neçə həftədi telefon zənglərimə cavb vermir. Onun məndə 2 "WhatsApp" nömrəsi var, heç biri işləmir. İkisini də bağlayıb.

"Şəmkir"in məşqçiləri və futbolçularıyla əlaqə saxlayın, görün, Səfərli onlara cavab verirmi? Mənə "naşükür" deyir… Atası yaşında adamam, sən bir bunun dediyi sözə bax… Mən çıxıb gedəndə, komanda ikinci yerdə idi. Məndən sonra komanda çempionatı 6-cı yerdə başa vurdu. Bu, kimin nəticə verib-vermədiyini göstərir. Nəticə verməmişdisə, niyə sonradan mənə deyirdi ki, getməyinə peşmanam? Pis idimsə, niyə məni geri qaytarmaq istəyirdi? Çox şükür, bütün Azərbaycan məni tanıyır. Dağdan ağır qardaşlarım və dostlarım var. Həyatın hər üzünü görmüşəm, ac niyə oluram? O, məndən narahat olmasın, Qəhrəman Əliyev həmişə işləyib və bundan sonra da işləyəcək!".

"Qəhrəman Əliyev "Elvin futbol adamı deyil" deyib? Daha mənim sözüm yoxdu. O, burda çalışanda deyirdi ki, sənin kimi futboldan başı çıxan klub prezidenti ölkədə yoxdu. And içirdi ki, balalarımın canı üçün siz futbolu çox yaxşı bilirsiz, 3-5-2 taktiki sxemini, ikinci və üçüncü zonaların arasındakı problemləri təhlil etməyi bacarırsız, dayaq yarımmüdafiəçinin düzgün top qəbul etməməsindən, oyun qurucusunun səhv yerdə qərarlaşmasından danışırsız. Məni yaxşıca tərifləyirdi. O, yalan danışmır. Sadəcə, yaxşı gündə hamı yaxşı olur. Əliyev baş məşqçi postunda qalsaydı, yəqin ki, onun üçün dünyada ən yaxşı klub prezidenti mən olardım. Mənim onunla heç bir prinsipim yoxdu. O, sadəcə, qocalır. Bu da onun orqanizminə pis təsir edir. İşi-gücü yoxdu. Nəsə deməlidi də. Bilirsiz, futbolda hakim olmasa, oyunçunun, məşqçinin bəhanəsi olmaz. Qocalıq da onu məcbur edir ki, kiməsə söz atsın. Kimisə günahkar çıxarmaq istəyir”.

CAVAB: "Məni "Şəmkir"dən göndərən olmayıb, özüm getmişəm. Ora kim gəlir-gəlsin, Səfərli ilə işləyə bilməyəcək. Çünki hər işə qarışır. Deməmişəm ki, o, futbolu bilmir. Demişəm ki, o, idarəçiliyi bilmir, bacarmır. Sən futbolçunu gizlicə aparıb içirtməkdən, 50-50 "vur"maqdan başqa nə bilirsən? Hə, düzdü, bildiyin başqa şeylər də var... Elvin, ağzımı açma! Mən Şəmkirin rəhbərlyinə, o rayonun camaatına xatir bugünədək dinib-danışmamışam. Zəng vurub xahiş ediblər ki, hamımız Elvini yaxşı tanıyırıq, ona baş qoşma, klubun yaşamasına xatir cavab vermə.

İnanın, bugünədək çox çətinliklə dözüb qalmışam, onlardan keçə bilmirəm. Yoxsa and olsun Allaha, elə şeylər açıb deyərəm ki, görüm ondan sonra kim Şəmkirə ayaq basa bilər. Mənim üzüm ağdı. Elvin, məni danışdırma! Sən hələ gəl mənim yaşıma çat… Oğlum yerindəsən, həddini bil! Deyəsən, sənə vaxtında çox hörmətlə yanaşmışam, indi də elə bilirsən ki, həqiqətən buna layiqsən. Mən həmişə öz mədəniyyətimi, qabiliyyətimi göstərmişəm.

Halal maaşı istəmək nəvaxtdan naşükürlük olub? İşlədiyim əvvəlki klubların heç birində problem yaşamamışam. Onlarda pulum da qalıb, bircə dəfə zəng vurub istəməmişəm. Bilmişəm ki, yoxlarıdı. "Bakı"da 21 ay maaş almamışam, amma bu gün də burdayam. Amma sən Elvin hər gün yeyib-içməkdəsən, 1000-2000 manatlıq "şot" verirsən, burdan-bura halal pulumuzu verməyə ərinirsən. Həmin 1250 manatı alsam belə 1 qəpiyini özümə xərcləməyəcəm. Yetim-yesirə paylayacam, kimsəsizlərə, ehtiyacı olanlara verəcəm. Yoxundu? Bir-iki gün yeyib-içmə, çıxart camaatın pulunu ver. O, komandayla görüşdə demişdi ki, Qəhrəman Əliyev çempionatın axırınadək burdadı.

Axşam eşidirəm ki, durub gedib Sumqayıta, Kamal Quliyevlə görüşməyə. Keçən dəfə saytdan oxuyuram ki, Badri ola-ola Əsgər Abdullayevi Şəmkirə gətirib. Əsgərlə oturub razılaşıb, bir neçə gün sonra isə Bakıda Tərlan Əhmədovla görüşüb. Bu adamın ipinin üstünə odun yığmaq olmaz! Gündə bir məşqçi barədə fikirləşən prezidentidi bu. Elvin oğlum yerindədi, gəlsin, ikimiz də fiziki normativ verək. Mənim göstəricilərim ondan yaxşı olmasa, adımı dəyişib Elvin qoyaram. "Qoca" dediyin adam sağlam həyat tərzi keçirir, sən bir özünə bax!".

“Şəmkir”in Premyer Liqaya buraxılmaması mənim üçün hələ də qaranlıq qalır. Heç nəyin səbəbini anlaya bilmədik. Son dövrlərdə haqqımızda yayılan xəbərlər futbolumuzun səviyyəsini əks etdirir. Mən heç nəyi başa düşə bilmirəm. AFFA özünün maliyyələşdirdiyi komandaların maaşını ödəyə bilmir, amma bizim son 2 aylıq maaşımızdan danışır. Bu nə dərəcədə doğrudu? Bilirsiz, mən “Şəmkir”dən heç danışmıram. “Turan Tovuz” niyə Premyer Liqaya çıxmadı? Axı onlar layiq idilər. Oynadılar, mövsümü birinci pillədə başa vurdular. Mənə desələr ki, elitaya ya “Turan Tovuz” çıxmalıdı, ya da “Şəmkir”, birini seç. Səmimi deyirəm, “Turan Tovuz”un çıxmasını istəyərəm. Onlar bunu haqq edirlər. Ədalət elə bir şeydi ki, o olmayanda inkişaf olmur. Fərqi yoxdu, siyasətdə, ticarətdə və ya futbolda. Ədalətsizliyə göz yummaq olmaz. 30 yaşım var, iş görmək istədik, gördük də. Çalışdıq ki, komandamız Premyer Liqaya yüksəlsin. Birinci divizionda oynamağımıza baxmayaraq, “Şəmkir”i Türkiyəyə təlim-məşq toplanışına apardıq. Komanda 5 ulduzlu oteldə qaldı, 3 il əvvəl Avroliqanın finalında oynamış “Dnepr”ə, Qazaxıstanın iki yüksək liqa təmsilçisinə qarşı oynadı. Mən kollektivi Premyer Liqaya hazırlayırdım. Amma alınmadı. Nə edə bilərik? “Şəmkir”in konkret sponsoru yoxdu. Bizim komandanın ortaqları, yəni himayədarları var. Bütün pulu onlar buraxır”.

CAVAB: ""Şəmkir" Premyer Liqaya layiqdi. O rayonun rəhbərliyi, camaatı, azarkeşi ən xoş sözlərə layiqdi. Elvin çox gözəl bilir ki, "Şəmkir"i Premyer Liqaya niyə buraxmadılar. Bunu heç özü də istəmirdi. Dildə çox söz deyirdi, işə gələndə isə… İkinci dövrənin ilk oyununda "Şahdağ"ı evdə qəbul edirdik. Birinci hissədə hakim mübahisəli qərar verdi, Elvin tribunadan qışqırdı ki, komandanı meydanı çıxart. Fikir vermədim. Yenə üç-dörd dəfə dedi. Yenə fikir vermədim. Bir də gördüm düşüb gəlib aşağıya, deyir, komandanın ağası mənəm, mən belə hakimlik istəmirəm.

Yaxşı ki, dediyini eləmədim, yoxsa AFFA texniki məğlubiyyət verəcəkdi, "Şəmkir"in adı batacaqdı. Belə hadisələr, bilirsiz, nə qədər olub? O, 5 dəqiqə belə adam olur, 5 dəqiqə başqa cür. Dəqiqədə ağlına bir fikir gəlir. Mənə deyirdi ki, gir içəri, futbolçulara ən ağır söyüşləri söy, daha yaxşı oynasınlar. Oğlum, nəvəm yaşında uşaqları mən söyərəm heç? Ümumiyyətlə, mənim əxlaq kitabımda belə hərəkətlər yolverilməzdi. Futbolçunu söyüşlə oynatmaq olardısa, məndən sonra oynadardı da, bəs niyə 6-ci yeri tutdular?

"Turan" doğrudan da tərifə layiqdi. Elə bir komandanı mən də Şəmkirdə yaratmışdım. Elvin işimə müdaxilə etməsəydi, özünü prezident kimi, Oqtay Abdullayev kimi aparsaydı, "Şəmkir" çempionatda yer götürmüşdü. Bir də görürdük, məşqin ortasında girdi meydançaya, başladı qapıya zərbə vurmağa. Bəzən də gəlirdi iclas otağına, oyunu analiz eləməyə qoymurdu, deyirdi, əşşi, bu nədi? Zarafata salırdı, futbolçuların fikrini yayındırırdı, sonra da düşürdü üstümüzə ki, biz hər oyunu böyükhesabla udmalı, vaxtından qabaq çempionluğu təmin etməliyik. Burdan ona sonuncu dəfə xəbərdarlığımı göndərirəm: elə etmə ki, mən başqa şeylərdən də danışım".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti