Ötən mövsümün əvvəlində yenidən “Şəmkir”in baş məşqçisi postuna gətirilən Qəhrəman Əliyev qış fasiləsindən sonra komandadan ayrıldı. Buna ilk dövrədən sonra turnir cədvəlində 2-ci pillədə qərarlaşan komandanın 16-cı turda gözlənilmədən “Rəvan”a 1:2 hesabıyla uduzması səbəb oldu. Gözlənilməz məğlubiyətdən sonra Qəhrəman Əliyev komandadan öz xoşu ilə getdi.
Hazıda həvəskarlar liqasında çıxış edən “Bakı”nın “sükanı arxasında” olan təcrübəli mütəxəssis ötən sayımıza açıqlamasında “Şəmkir”in ona 1250 manat borcu olduğunu bildirmişdi. Qəhrəman bəy klub prezidenti Elvin Səfərlinin onun halal maaşını qaytarmamasından şikayətlənmişdi. Üstəlik, Əliyev açıqlamasında Səfərlinin futbol adamı olmadığını bildirmiş və bu şəxslə klubun irəli getməyəcəyini vurğulamışdı.
Elvin Səfərli hər zaman mətbuata açıq olub. Buna ümid edərək, Qəhrəman Əliyevin fikirlərinə onun münasibətini öyrənməyə çalışdıq. Öncə klubdakı son durumla bağlı sual verdik. Səfərlinin cavabı belə oldu (Futbol+): “Hələ ki heç bir yenilik yoxdu. Özümüz də gələcəkdə nəyin necə olacağını bilmirik. Gözləyirik, görək hadisələr necə cərəyan edəcək. Komandanın birinci divizionda çıxışını davam etdirəcəyini demişdim. Amma planlar hazır deyil. Hələ toplaşıb, müzakiə etməmişik. Çünki uzunmüddətli fasilə var”.
Klub prezidentinin sözlərinə görə, baş məşqçi məsələsi də açıq qalır: “Yəqin ki, özüm olaram (gülür). Hələlik heç nə yoxdu? Görək, başımıza nə gəlir. Hələ heç kimlə danışmamışıq”.
Elvin bəy stadionda təmir işlərinin dayandırıldığını da bildirdi: “Bəli, stadiona türk mütəxəssislər dəvət eləmişdik. Amma artıq işlər yarımçıq dayandırıldı. Biz bunu premyer-liqaya vəsiqə qazanmaq ümidi ilə etmişdik. Lakin divizionda qalmalı olduq. Hər çempionatın öz səviyyəsi, şərtləri var”.
O, Qəhrəman Əliyevin borcla bağlı iddialarına belə cavab verdi: “Qəhrəman bəy ağsaqqal kişidi. Ümid edirəm ki, yalan danışmaz. Kimə borclu olduğumuzu heç özüm də bilmirəm. Yalnız onu anlayıram ki, futbol aləmi çox qəribədi. Yaxşılıqların heç birini nəzərə almırlar. Amma hərənin öz iddiası, planları var. Bilmirəm, bu nə oyundu, nə söhbətdi? Yalnız onu deyə bilərəm ki, nə qədər bu cür söhbətlər olacaq, Azərbaycan futbolu inkişaf etməyəcək.
Qəhrəman bəy fevralın 17-də öz istəyi ilə postundan gedib. O da nəticə göstərə bilmədiyinə görə. Fevralın 17-də işdən ayrılan adam həmin ayın maaşını bizdən necə tələb edə bilər? Əmək Məcəlləsinə əsasən ona fevralın maaşı düşmür. Adam öz istəyi ilə postunu tərk edib. Yanvarın maaşı tam ödənilib. Qəhrəman Əliyev deyir ki, məni tapa bilmir? İndi sizə sual verirəm, nə vaxt məni axtarmısız, sizdən qaçmışam? Heç vaxt.
Görürsüz, o, yalan danışır. Mənim nömrəm şəhərdə adi taksi sürücülərində belə var. Heç yerdə gizlənməmişəm. Elə bir adam yoxdu ki, məni axtarıb, nömrəmə zəng edib tapa bilməsin. Belə şey, ümumiyyətlə, ola bilməz. “Feysbuk” sosisal şəbəkəsində nömrəm var. Özüm yazmışam ki, hamı üçün rahat olsun. Bütün bu fikirlərinə görə Qəhrəman bəyin son klubu elə “Şəmkir” olacaq. O başqa yerdə işləyə bilməyəcək. Çox naşükür adamdı. Naşükür adamlar hər zaman ac qalırlar”.
Səfərlinin Qəhrəman bəyin “Elvin futbol adamı deyil” fikrinə münasibəti belə oldu: “Belə deyib? Daha mənim sözüm yoxdu. O, burda çalışanda deyirdi ki, sənin kimi futboldan başı çıxan klub prezidenti ölkədə yoxdu. And içirdi ki, balalarımın canı üçün siz futbolu çox yaxşı bilirsiz, 3-5-2 taktiki sxemini, ikinci və üçüncü zonaların arasındakı problemləri təhlil etməyi bacarırsız, dayaq yarımmüdafiəçinin düzgün top qəbul etməməsindən, oyun qurucusunun səhv yerdə qərarlaşmasından danışırsız. Yəni məni yaxşıca tərifləyirdi. O, yalan danışmır.
Sadəcə, yaxşı gündə hamı yaxşı olur. Əliyev baş məşqçi postunda qalsaydı, yəqin ki, onun üçün dünyada ən yaxşı klub prezidenti mən olardım. Mənim onunla heç bir prinsipim yoxdu. O, sadəcə, qocalır. Bu da onun orqanizminə pis təsir edir. İşi-gücü yoxdu. Nəsə deməlidi də. Bilirsiz, futbolda hakim olmasa, oyunçunun, məşqçinin bəhanəsi olmaz. Qocalıq da onu məcbur edir ki, kiməsə söz atsın. Kimisə günahkar çıxarmaq istəyir”.
Səfərli deyir ki, “Şəmkir”in premyer-liqaya buraxılmaması onun üçün hələ də qaranlıq qalır: “Elita məsələsi bizim üçün çox qaranlıq qaldı. Heç nəyin səbəbini anlaya bilmədik. Son dövrlərdə haqqımızda yayılan xəbərlər futbolumuzun səviyyəsini əks etdirir. Mən heç nəyi başa düşə bilmirəm. AFFA özünün maliyyələşdirdiyi komandaların maaşını ödəyə bilmir, amma bizim son 2 aylıq maaşımızdan danışır. Bu nə dərəcədə doğrudu?
Biz bir səhv elədik, kluba sahib çıxdıq. Bir də belə səhv etmərik. Çox pis xəyal qırıqlığına uğradıq. Çox böyük planlarımız var idi. Bilirsiz, Gürcüstandan bizə xeyli təklif var. Saymaqla qurtarmaq olmur. Deyirlər ki, gəlin, kluba sahib çıxın. Burda dövlət klublara torpaq verib, hər il pul verir. Gəlin, rəhbərliklə məşğul olun, yatırım edin. Bilirsiz, orda necədi? Aşağı dəstədə yer tutan komanda elitaya yüksəlir. Amma biz azərbaycanlıyıq, şəmkirliyik. İstəyirik öz millətimiz üçün olsun, futbolumuz inkişaf etsin. Xaricdə təhsil alıb, gəlmişik vətənimiz üçün çalışaq.
Bilirsiz, mən “Şəmkir”dən heç danışmıram. “Turan Tovuz” niyə premyer-liqaya çıxmadı? Axı onlar layiq idilər. Oynadılar, mövsümü birinci pillədə başa vurdular. Mənə desələr ki, elitaya ya “Turan Tovuz” çıxmalıdı, ya da “Şəmkir”, birini seç. Səmimi deyirəm, “Turan Tovuz”un çıxmasını istəyərəm. Onlar bunu haqq edirlər. Ədalət elə bir şeydi ki, o olmayanda inkişaf olmur. Fərqi yoxdu, siyasətdə, ticarətdə və ya futbolda. Ədalətsizliyə göz yummaq olmaz.
30 yaşım var, iş görmək istədik, gördük də. Çalışdıq ki, komandamız premier-liqaya yüksəlsin. Birinci divizionda oynamağımıza baxmayaraq, “Şəmkir”i Türkiyəyə təlim-məşq toplanışına apardıq. Komanda 5 ulduzlu oteldə qaldı, 3 il əvvəl Avroliqanın finalında oynamış “Dnepr”ə, Qazaxıstanın iki yüksək liqa təmsilçisinə qarşı oynadı. Mən kollektivi premyer-liqaya hazırlayırdım. Amma alınmadı. Nə edə bilərik? “Şəmkir”in konkret sponsoru yoxdu. Bizim komandanın ortaqları, yəni himayədarları var. Bütün pulu onlar buraxır”.
Klub rəhbəri sonda futbolçulara borclu qaldıqları mart və aprel aylarının maaşına da toxundu: “Maaşları ödəyə bilməmişik. Amma ödəyəcəyik. Biz heç kimə borclu qalmayacağıq. Kişinin kişiyə borcu olar. Yaxın zamanda hamısını həll edəcəyik”.

