Ölkənin ən başıbəlalı klublarından biri də “Rəvan”dı. Yarandığı gündən bir çox olaylarla gündəmdə olan, dağılıb yenidən yığılan “uçan aslanlar”a son zərbə bu il martın 17-də dəydi. Belə ki, paytaxt təmsilçisi adı “danışılmış oyunlar”da halladığına görə birinci diviziondan kənarlaşdırıldı, futbolçularına isə azad agent statusu verildi. Bir sözlə, “Rəvan” tam olaraq tarixə qovuşdu.
Lakin İntizam Komitəsinin məlum qərarından sonra klub rəhbərliyi apellyasiya şikayəti verəcəyini, bu məsələ ilə barışmaq istəmədiyini açıqladı. Apellyasiya şikayəti də oldu. Amma nədənsə klubun icraçı direktoru İlqar Axundov AFFA-dan həmin şikayətə gec baxılmasını xahiş edib. Hər halda, assosiasiyanın hüquqşünası Rəmiş Malıyev özü qəzetimizə açıqlamasında Axundovun belə xahişlə müraciət etdiyini bildirmişdi. Amma o, yaxın günlərdə müraciətə baxılacağını da vurğulamışdı. Lakin hələ ki bir səs-soraq, xəbər-ətər yoxdu.
Bəs “Rəvan”ın taleyi necə olacaq? Bu sualı dünən İlqar Axundova ünvanladıq. Klub rəsmisi hələ də heç nəyin bilinmədiyini söylədi (Futbol+): “Taleyimiz qaranlıqdı. Komanda çempionatdan uzaqlaşdırılandan sonra apellyasiya şikayəti verdik. Lakin hələ də cavab gəlməyib. Necə olacağını heç kim bilmir. Hər gün əlaqə saxlayırıq. Yaxın günlərdə qərar açıqlanmalıdı. Gözləyirik. Biz növbəti mövsüm aşağı dəstədə iştirak edə bilmərik. Çünki qadağa var. Elə buna görə apellyasiya şikayəti vermişik. Qadağanı götürsələr, bəlkə çempionatda iştirak etdik”.
Axundov AFFA-dan apellyasiyaya gec baxmalarını xahiş etmədiklərini dilə gətirdi: “Mən heç kimdən heç nə xahiş etməmişəm. Niyə gec baxsınlar ki? Özümüz istəyərək şikayət etmişik. Bu haqda Rəmiş müəllimlə danışdım. O dedi ki, jurnalist sözlərini səhv başa düşüb. Bu üzdən də fikir ayrılığı yaranıb. Mən demişdim ki, sənədləri toplamalıyıq, buna zaman lazımdı. Malıyev də jurnalistə bunu deyib. O da götürüb yazıb ki, apellyasiya şikayətinə gec baxılması üçün xahiş etmişik. Elə şey olmayıb”.

