"Şəmkir" oyun satıbmı? "Mənə deyirdi ki, sən komandada "gestapo" yaratmısan, 14 manata görə bizi..."

26 May 2017 15:00 I Divizion 1 495
"Şəmkir" oyun satıbmı? "Mənə deyirdi ki, sən komandada "gestapo" yaratmısan, 14 manata görə bizi..."

Mövsümün ilk dövrəsində "Şəmkir"in şərəfini qoruyan Şahin Baleljae dünən saytımıza açıqlamasında keçmiş klubunun rəhbərliyini ifşa edib. Ölkənin idman mediasında kifayət qədər rezonans doğuran bu ittihamlar Elvin Səfərli ilə bağlıdı. İranlı hücumçu aldadıldığını, 2400 manat pulunun hələ də ödənildiyini bildirməklə yanaşı, prezidentin bəzi əməllərindən danışıb, "çirkli bazar" mövzusuna toxunub.

Əslində, Şahin daha açıq danışıb. Redaksiya olaraq bildiririk ki, biz onun söylədiklərini tam şəkildə saytda yerləşdirməmişik. O. elə iddialar irəli sürüb ki, yazsaq, AFFA gərək "Şəmkir"i "Rəvan" və "Şərurspor"un ardınca diviziondan uzaqlaşdırsın, Səfərli bu sahəyə ömürlük həsrət qalsın.

Bilirik ki, Şəmkirdə futbolu necə sevirlər. Üç dəfə ölkə çempionu olmuş klubun dağılmasını qətiyyən istəmirik. Bir-iki adama görə "Şəmkir"in əbədi ləkələnməsinə qarşıyıq. "Şəmkir" ölkə çapında öz sözünü deməyə başlayanda, Çempionlar Liqasında mərhələ keçən ilk Azərbaycan klubu kimi adını tarixə yazdıranda, Elvin Səfərli və onunla eyni yolu gedənlər bəlkə də qənqabıdan noğul çırpışıdırırdı, hələ uşaq idi.

Biz bir müddət MTN əməliyyatçısı olmuş, 2015-ci ilin sonunda profilini dəyişmiş "Şəmkir"in prezidentinə tribuna verməyə hazırıq. Danışsın, kim bilir, iranlı legioneri yalanlayacaq, bunu sübut edəcək sübutlar ortaya qoyacaq? Ona söz demək haqqını tanıyırıq, buyursun. Söylədiklərini "qayçılamayacaq", əlindəki bilgiləri bölüşməsinə şərait yaradacağıq. Susmaq razılıq əlamətidi. Yenə danışmayacaqsa, biz bunu belə də başa düşəcək, qəbul edəcəyik.

Ötən ilin avqustunda komandanın sükanı arxasına keçən və bu ilin fevralında ayrılan Qəhrəman Əliyevdən iranlı hücumçunun ittihamlarına münasibət öyrəndik. Axı Şahin açıqlamasında onun da adını çəkib, vəzifəsindən məhz oyun alqı-satqılarıyla bağlı qalmaqallar üzündən getdiyini söyləyib. Doğrudan da, şübhəli məqamdı və artıq üstü açılmalıdı.

Əliyev xaraktercə yumşaq və sakit insan olsa da, mümkün deyildi ki, boş yerə iş yerini tərk etsin. Ayrılmasına səbəb olan "Rəvan"la matçın özü də ciddi araşdırmalıdı. Çempionluğa iddialı qərblilər qış hazırlığını Antalyada keçirmişdi və Bakı səfərinə favorit kimi yollanmışdı. Ağıla da gəlməzdi ki, günlərlə məşq etməyən, məvacib almayan, minimum şərtlərə cavab verən şəraitdən məhrum "Rəvan"a 1:2 hesabıyla uduzarlar.

Əliyev "qumar"a görə postunu itirdiyini açıq demədi, ancaq bəzi maraqlı məqamlara aydınlıq gətirdi: "Mən harda işləmişəmsə, oranı ikinci ailəm bilmişəm. Heç işdən qaçmamışam, qorxmamışam. "Şəmkir"i demək olar sıfırdan qurmuşam. Rayona gedəndə bilirdim ki, məni orda nə gözləyir. Amma özümü inandırmışdım ki, bu vəziyyət müvəqqətidi, əsas dövrərlarası fasiləyə turnir cədvəlinin ilk üç pilləsində birində yollanmaqdı, sonra hər şey düzələcək.

Şahin bizə gec qoşulsa da, komandaya çox kömək elədi. onu qışda göndərmək fikrim yox idi. Prezident mənə dedi ki, Şahin başqa klublarla gizlicə danışıqlar aparır, fikri burda deyil. Sonra aralarında nə söhbət olub-olmadığını bilmirəm. Mən ümumiyyətlə pul məsələləri ilə maraqlanmıram. Prezident istədiyim futbolçunu gətirsin, müqavilə şərtlərini öz aralarında danışsın - ən salamatı budu, 30 ildən çoxdu məşqçilik edirəm, görmüşəm ki, bir pula, bir də qadınlara tamah salan adam heç vaxt bu sahədə uğur qazana bilməz.

Belələrinə nifrət etmək lazımdı! Komanda da bir ailədi, baş məşqçinin borcu onu qorumaq və inkişaf etdirməkdi. Gözü orda-burda olmamalıdı, iradəli olmalıdı. "Şəmkir" gördüyümü görmüşəm, onlar qəbir evinə mənimlə gedəcək. Hər evin öz sirri var, o kənara çıxmamalıdı. Düzdü, Elvin Səfərli mənə də yalan danışıb, söz verdiyi 1250 manat maaşımı bugünədək ödəməyib. Lakin mən onun gəlib komandaya "bu oyunu uduzun" dediyini eşitməmişəm.

Mən ordan hələ sentyabrda getmək istəmişəm. İki-üç dəfə çıxıb getmişəm, yoldan qaytarıblar. Bilmişəm ki, mənə burda bir söz dediyi halda, başqa yerdə məşqçi pxtarıb, kimlərləsə görüşüb. O tələb edirdi ki, "Şəmkir" böyük xal fərqiylə çempion olsun, hamını udsun. Qələbə qazandığımız gün toy-bayram edirdi, uduzanda isə komandanı yasxanaya döndərirdi. Bir tərəfdən nəticə istəyirdi, bir tərəfdən də buna imkan vermirdi. Qoymurdu hərə öz işiylə məşğul olsun. Hər işimizə qarışırdı, mənə deyirdi ki, sən komanda içində "gestapo" yaratmısan.

Xoşuna gəlmirdi futbolçular və köməkçilərimin mən gələndə ayağa durmasından. Deyirdi, onlar niyə səni görəndə ayağa durur, məni görəndə yox? Deyirdim ki, prezident hamıyla məsafəli davranmalıdı, aranı açmamalıdı, futbolçularla oturub yeyib-içməməlidi. Nə isə, çox şey var e… "Rəvan"la oyundan qabaq 8-9 futbolçumuz qızdırmadan yanırdı. Komanda "Ruslan-93"ə yerləşmişdi. Axşam Fərmayil Əliyev üçün təcili yardım gəlmişdi. Elvin Səfərli biz məşqçilərə dedi ki, burda qalmanız üçün 14 manatdan pul verməliyəm, buna da imkanım çatmır. Məşqçilərin hamısını güclə göndərdi evə.

Mən indi nə bilim ki, gecə orda nə olub? Səhər uşaqların çoxu meydana xəstə-xəstə çıxmışdı, iynə vurdurmuşdular. Oyunun əvvəlindən görürdüm ki, bu gün komandam qətiyyən özünə bənzəmir. Halbuki "Rəvan"a gəzə-gəzə 5-6 top vuracaq şeyət yığmışdım. Dörd aya yaxındı komandadan çıxmışam, günü bu gün də səhhətimi müalicə elətdirirəm. Əsəblərimə möhkəm zərbə vurdular. "Şəmkir"ə bir də qayıdarammı? Qayıdaram. Elvin Səfərli getsə, böyük həvəslə ora gedərəm. Baş açmaq olmur ki, necə insandı, səndən nə istəyir, niyə belə edir. Onunla işləmək mümkün deyil".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti