"Heç kimdən inciməmişəm" - Abdullayev “Turan Tovuz”da qalacaq

26 May 2017 00:53 I Divizion 1 094
"Heç kimdən inciməmişəm" - Abdullayev “Turan Tovuz”da qalacaq

Mayın 12-də tovuzlu futbolsevərlər heç də arzuladıqları xəbəri almadılar. Belə ki, AFFA Lisenziya Komissiyası “Turan Tovuz”un premyer-liqa üçün tələblərə cavab vermədiyini açıqladı. Bununla çempion komandanın elitaya buraxılmaması tendensiyası davam etdi. Maliyyə meyarını yerinə yetirə bilməyən qərb təmsilçisi həmin qərardan apellyasiya şikayəti də vermədi.

Aydın məsələdi ki, klub rəhbərliyi bunun mənasız olduğunu düşündüyündən, heç bir addım atmadı. Hər halda “Turan Tovuz”un elitaya buraxılmaması idman prinsiplərinin pozulması deməkdi. Bu o anlama gəlir ki, birinci divizionda qalib olmaq elitaya vəsiqə qazanmaq demək deyil. Lap 10-cu yeri tut, əsas odu, lisenziya tələblərinə cavab ver. Bir sözlə, növbəti mövsüm elitada yenə də 8 komanda mübarizə aparacaq. “Turan Tovuz” isə birinci divizionda çıxış edəcək .

Qərb təmsilçisini çempion edən Əsgər Abdullayevlə danışmaq qərarına gəldik. Təbii, onun komandada qalıb-qalmayacağı maraq doğururdu. Çünki Əsgər bəy bir müddət öncə komanda premyer-liqaya çıxmayacağı təqdirdə Tovuzda qalmayacağını bildirmişdi. Təcrübəli mütəxəssislə söhbətdə bizi maraqlandıran başqa suallara da cavab aldıq (Futbol+).

Əsgər müəllim, Tovuzdasız, yoxsa Bakıda?
- Hazırda Bakıdayam.

Yəqin ki, mövsümün yorğunluğunu çıxarırsız.
- Bəli, Allahın köməyi ilə.

“Turan Tovuz”un baş məşqçisi kimi fəaliyyətinizi davam etdirəcəksiz?
- Vallah, belə bir şey deyim, yəqin davam etdirəcəm. Amma dəqiq bilmirəm. Çünki hələ qərar verməmişəm. Amma çox güman, “Turan Tovuz”da işimi davam etdirəcəm.

Bu məsələni rəhbərliklə müzakirə edəcəksiz?
- Təbii, rəhbərliklə danışacağıq. Nə edirlər, nə fikirləşirlər?

AFFA rəhbərliyindən inciməmisiz? “Turan Tovuz”u elitaya buraxmadıqlarına görə...
- Heç kimdən inciməmişəm. Daha öncə də açıqlamamda demişəm və yenə də təkrar edirəm ki, komandanın çempion olmasında hər bir adamın zəhməti var. Həm rəhbərliyin, həm futbolçular və məşqçilərin, həm də azarkeşlərin. Bütün bu adını çəkdiklərimin əziyyətini qeyd etməliyəm. Çempion olduq və kimdənsə incimək söhbət mövzusu deyil. Məqsədimiz birinci yeri tutmaq idi və bunu bacardıq.

Ancaq bu zəhmətin qarşılığında premyer-liqaya buraxılmadız.
- Əlbəttə, hər bir məşqçi istəyər ki, elitada komanda çalışdırsın. Qismət beləymiş. Bundan sonra da necə olacağını deyə bilmərəm. Belə alındısa, deməli, qismətdi.

“Turan Tovuz”dan aşağı yeri tutan “Səbail”in güclülər dəstəsinə yüksəlməsi sizdə qıcıq yaratmayıb?
- Vallah, məndə heç bir qıcıq-filan yaratmayıb. Elitaya qalxdılar, xeyirli olsun.

Necə düşünürsüz, AFFA istəsəydi, “Turan Tovuz” premyer-liqaya yüksələ bilməzdi?
- Yenə deyirəm, həmin məsələlərdən mənim o qədər də xəbərim, məlumatım yoxdu. Dərinlikləri bilmirəm və ona görə də şərh verməyim düzgün çıxmaz. Bu mənim sahəmə daxil olan iş deyil. Odu ki, bu haqda heç nə deyə bilmərəm.

Hamı bu fikri qəbul edir ki, qərb zonasında futbol sevilir, burdan yaxşı futbolçular çıxır. Bəs niyə imkanlı şəxslər “Turan Tovuz”a kömək etmədi?
- Bu, mənə aid olan sual deyil. Mənim işim oyunçu seçmək, yetişdirmək, komandanı hazırlamaqdı.

Bəs hazırda Tovuzda perspektivli uşaqlar var? Hansı ki, ölkə futboluna xeyir verə bilərlər.
- Tovuzda həmişə futbolçu yetişib. Tovuz futbol bölgəsidi. Bütün yaş qrupları var, istedadlı uşaqlar çoxdu. Müntəzəm olaraq onların məşqlərinə baxıram. Aşağı yaş qrupları gün ərzində hazırlıq keçir. İş gedir, uşaqlar bu idman növünün sirlərini mənimsəyir, məşqçilər öz işlərini görür. Orda futbolçu yetişməməsi mümkün deyil. Orda maraq böyükdü, istər valideynlər, istərsə də uşaqlar olsun. Oyunlarda azarkeş sayı da belə deməyə əsas verir. Özü də həm əsas komandanın, həm də aşağı yaş qruplarının oyunlarına gəlib baxırlar. Bir sözlə, Tovuzda futbola maraq kifayət qədərdi.

Futbola bu qədər marağın olduğu bir rayonun böyük futboldan kənarda qalması, sizcə, nə qədər ədalətlidi? Belədə həmin həvəs, maraq zərbə altında düşmür?
- Yenə təkrar edirəm, bu haqda fikir yürüdə bilmərəm. Mən gördüyümü deyirəm. Siz soruşduz, mən də olanı dedim. Qalan məsələlərə şərh verə bilmərəm.

“Turan Tovuz”un heyətində nə kimi dəyişikliklər var? Gedənlər olub?
- Futbolçular müntəzəm əlaqə saxlayır. Bəziləri ilə görüşmüşük də. Hələ ki heç kim heç yerə getmək istəmir.

Sizin komandada işinizi davam etdirəcəyiniz konkret nə vaxt bəlli olacaq?
- Yəqin ki, ayın sonuna qədər rəhbərlik yığışar və qərarlarının nə olduğunu deyərlər. Ondan sonra işə başlanılar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti