“Şüvəlan”da Tərlan Əhmədovun taleyinə rəsmən aydınlıq gəlib. 46 yaşlı çalışdırıcı ilə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb. “Xəzər Lənkəran” və “Neftçi”də köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş Tərlan Əhmədov 2014-cü ildən AZAL-ı çalışdırırdı.
Ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq, I Diviziona yuvarlanan AZAL bir müddət əvvəl adını dəyişərək “Şüvəlan” olmuşdu. Qəsəbə klubunun vitse-prezidenti Fikrət Hüseynov baş məşqçinin qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcəyini bildirmişdi.
Rəhbərlik aşağı liqada çalışmaq istəməyən Əhmədovun getməsinə son aeda izn verib. Təcrübəli mütəxəssis Sportinfo.az-a açıqlamasında "Şvüləan"da qalmağın artıq bir məna kəsb etmədiyini bildirib: "Hələ aprelin ortasında demişdim ki, 99 faiz burdan ayrılacam. Görürdüm ki, klub hara gedir və vəziyyətin düzələcəyinə güman azdı.
AZAL-ın ümumiyyətlə fəaliyyətini dayandıracağına inanmazdım, ancaq Azərbaycan futbolunda heç nəyi əvvəlcədən bilmək olmur. Hər gün bir şey baş verir. "Şəmkir" və başqa 2-3 klubdan dəvət olub, mən bunu gizltəmirəm. AZAL-a görə öz məsələmi ikinci plana salmışdım. Bir həftə əvvəl AZAL-ın prezidenti Zaur Axundova zəng vurmuşdum ki, ondan halallıq alım. Mənə dedi ki, qərar verməyə tələsmə, bir neçə gün də gözlə.
Bu söhbət məndə güman yaratmışdı ki, AZAL-a yenidən şərait yaradılacaq və AFFA Premyer Liqaya buraxacaq. Mən yalnız bu halda Şüvəlanda qala bilərdim. Birinci divizionda nələrin baş verdiyini hamı yaxşı bilir. Ora bir bataqlıqdı. Gedən orda da qalır. Büdcəsi normal olan, 1 il sonra Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan komanda olsaydı, bəlkə də razılıq verərdim.
Neçə ildi diviziondan yuxarıya gələn yoxdu. Mən gedib hədəfsiz yerdə işləmərəm. "Şüvəlan" rəhbərliyi fikrimi bilirdi, gördülər ki, mən son günədək onları gözlədim. Bundan sonra nələr olacaq, görəcəyik. 2014-cü ilin martından AZAL-da işə başladım, yaxşü günlərimiz də oldu, çətin günlərimiz də. Klubda problemlər 2015-ci ilin əvvəlindən başlamışdı və axır iki ildə nələr çəkdiyimizdən bütün Azərbaycan xəbərdardı. Büdcəmiz bu illərdə 150 min manatı keçməyib.
Ötən mövsüm Allahın AZAL-a yazığı gəldi, mərhəmət etdi, yaxşı nəticə göstərdik. Premyer Liqada qalacağımızı heç kim gözləmirdi, Allah möcüzə göstərdi. son turadək avrokuboklara vəsiqə qazanmağa şansımız qalırdı. Həmin vaxt komandaya bir az dəstək verilsəydi, Avropa Liqasına yollanacaqdıq. Bu il isə nəticələr ədalətli oldu. Biz yenə Premyer Liqada qalsaydıq, Allahın ədaləti itəcəkdi. Çünki digər klublar futbola böyük pullar xərcləyir, şərait yaradır, AZAL-da isə bunlar artıq yox idi.
Nə oldu, haqq oldu. Allahın tərəzəsi düzgün işləyir. Biz 150 minlə çempionatda qalaq, Avropaya iddia edək, o bilirlər də? Bunda məntiq yoxdu axı. AZAL-da ürəkdən çalışmışam, canımı vermişəm. Ona görə də çətinliklərim gözümü qorxutmayıb. Onsuz da, harda işləmişəm, belə olmuşam. Bu, mənim həyatımdı. Və işləməkdən. Nə də işdən getməkdən ehtiyatlanmışam.
Özümə, gördüyüm işə arxayınam, bilirəm ki, çalışdığım klubların rəhbərləri də məndən razı qalıb. AZAL-ın prezidentini, vitse-prezidentini özümə qardaş bilmişəm, çətin vaxtda onları yarıyolda qoyub getməmişəm. Biz indi mehribancasına ayrılımışıq. "Şüvəlan"a uğurlar arzulayıram. İnanıram ki, bu klubu yaxın illərdə Premyer Liqada görəcəyik".

