"Şəmkir" rəhbərliyi fevralda istefa verən Qəhrəman Əliyevə olan borcunu hələ də tam ödəməyib. 2017-ci ilin ilk 2 ayının maaşından cəmi 1000 manat alan baş məşqçi 1250 manatını gözləyə-gözləyə qalıb. Klubun prezidenti Elvin Səfərli günü-günə satır. Hər dəfə bir vədlə vaxtı uzadır. Əliyev isə haqqını istəyir və saytımıza son açıqlamasında bildirib ki, öldü var, döndü yox, hörmətli Elvin bəydən axırıncı qəpiyini də alacaq.
Əlbəttə, o, haqlıdı. Çox şey istəmir ki? Yaxud başqa qey istəmir ki? Halal əməkhaqqısının ödənilməsini tələb edir, düz də edir. Niyə də yox?! Sponsor komandaya çatası vəsaiti hesabdan çıxarıbsa, nə üçün bu pul kimlərinsə cibində yatmalıdı, məşqçi və futbolçuların gözü yolda qalmalıdı? Bu dəqiqə vəziyyət elədi ki, hamının 1 manata ehtiyacı var. Qardaş qardaşa da bu pulu elə-belə vermir.
Bu haqda saytımızda gedən xəbərlərə xeyli sayda reaksiya var. Rusiyada yaşayan "Şəmkir" azarkeşi Bəxtiyar Rüstəmov səhifəmizə yazdığı geniş məktubda Q.Əliyevi günahlandırıb: "Şəmkirdə olanda səsin çıxmırdı. Əsgər kimi əmrə tabe idin, sağa dön, sola dön. Yəni, belə ükəkli oğlan idin, haqqını onda tələb edərdin. Belə bir misal var, atin ağzına baxıb, qantarğanı verirlər.Haqqını tələb etmək düzgün şeydi, ancaq həmişə və yerində.
İnsan sifətdən-sifətə düşəndə, nə hörməti olur, nə də haqqı. Səni məşqçi təyin ediblər, məşqçiliyini elə, haqqını da tələb elə. Daha əmrə tabe olub, özünü tutarsız göstərəndə, axırı belə olur. İnsanın ağzının kəsəri olmalıdı. Kiməsə tabe olub, idarə olunmamalıdı. Bir vaxtlar Aslan Aslanovun vaxtında "Şəmkir"də baş məşqçi idin. Nə hörmətin var idi, nə sözünün kəsəri. Həyəti Aslanov təyin edirdi. Hamı hər şeyi bilir və görür. Sən get özünə qiymət ver, sonra başqaları haqqında danişarsan".
Təbii ki, Qəhrəman Əliyev bu şərhə biganə qalmayıb, səhifədə cavab verib: "Belə aqressiv yazılarla kimi müdafiə edirsiz və nəyə xidmət edirsiz, bilmirəm. Amma düşündüm ki, sizə bəzi şeyləri yazsam, daha yaxşı olar. Siz məsələdən xəbərdar deyilsiz, uzaqda yasayırsız, həqiqəti bilmirsiz. Mən öz tələbimi işləyəndə də etmişəm və "Şəmkir"də özümü necə aparırdımsa, yenə eləyəm, sakit. Heç kimdən küsülü deyiləm, hamıya hörmətlə yanaşıram.
Komandadan istefa verəndə, prezident mənə söz verdi ki, sənin maaşını bir həftəyə ödəyəcəm. O gündən bu günə kimi məni aldada-aldada gedir. Kişi kimi desin ki, verə bilmirəm, mən bir də onu heç vaxt narahat etmərəm. Niyə mənim haqlı tələbimə belə reaksiya verirsiz? Bax, bunu başa düşə bilmirəm. Mən haqlı deyiləm, yaxşı. Bəs niyə o 24 futbolçunun haqqını vermir? Axı, mən bundan da qabaq Şəmkirdə işləmişdim və bildiyim qədər, siz şəmkirlilər sözünüzün yiyəsi olursuz.
Hər yerdə sizlərin qonaqpərvərliyinizdən, insanlığınızdan ağızdolusu danışmışam və daışıram. Niyə mənə qarşı belə sözlər yazırsız, bilmirəm. Kim sizə deyir ki, mən onun dediyi ilə işləmişəm və ya Aslan müəllimin vaxtında belə olmuşam? Bu, iftiradı! Əgər onların sözü ilə heyəti və taktikanı qurmuşamsa, onda daha məşqçi nəyə lazımdı, özləri idarə etsinlər də…
Düzdü, işimə müdaxilə edirdi, amma mən buna imkan vermirdim və ona görə də komanda birinci dövrədə uğurlu çıxış etdi. İkinci dövrənin ilk oyununda gördüm ki, komandanın normal çıxışına daha aktiv mane olur, özümə hörmət edib, istefa verdim. Deyirsən ki, o vaxt işləyəndə niyə bu barədə yazmırdız. Komanda bir ailədi və mən çalışmışam ki, bu ailənin sirrini qoruyub saxlayım. Bu, həmişə belə olacaq. Sadəcə, mənə düşən əməkhaqqımi istədim. Buna mənim haqqım çatır.
Çox üzr istəyirəm, başınızı ağrıtdım. Çünki sizə yazmasaydım, özüm sizə görə narahat olardm ki, həqiqət budu. Görürəm ki, futbolu və "Şəmkir" komandasını çox sevirsiz. Çox şeyi bilmirsiz və buna görə sizə acıyıram, Çox heyif, sizin kimi azarkeşlərə ki, heç nə bilmirsiz. Əgər nəvaxtsa yenə "Şəmkir"ə dəvət alsam, gedib işləyərəm. Orda futbolu çox sevirlər, amma indiki durumda komanda əmin əllərdə deyil".
Bəxtiyar Rüstəmov: "Qəhrəman müəllim, gələrəm Bakıya, görüşüb söhbət edərik. Ola bilər, siz haqlısız.
Qəhrəman Əliyev: Gəlin görüşək, böyük məmuniyyətlə. Mən bilirəm ki, şəmkirlilər gözəl insandı. Bir-birimizi dinləyib başa düşərik. Söhbətləşəndən sonra özünüz qərar verərsiz. Mən sizin hər qərarınıza hörmətle yanaşacam".
SPORTİNFO.AZ

