Premyer Liqada yeni mövsümdə də 8 komandanın iştirak edəcəyi artıq bir neçə gün əvvəl bəlli olub. Birinci diviziondan elitaya yalnız “Səbail” yüksəldi. 8 komandanın iştirak edəcəyi bilinsə də, “Şəmkir” hələ də ümidlərini üzməyib. Deyilənə görə, klub tam olaraq premyer-liqada iştirak etməyə hazırdı. Amma AFFA 10-cu klub tapmadığından, “Şəmkir”in önündə “yaşıl işıq yandırmayıb”.
Məsələ ilə bağlı dünən AFFA-da PFL prezidenti Ramin Musayevin fikirlərini öyrəndik (Futbol+). O, bütün söhbətlərə son qoydu: “Şəmkir” premyer-liqada çıxış etməyə hazır deyil. Onların öz problemləri var. Qoy onları həll etsinlər. Bir neçə gün əvvəl komandanın futbolçuları AFFA-ya gəlmişdilər. Üç aydı maaş almadıqlarından şikayət edirdilər”.
Gördüyünüz kimi, “Şəmkir”in tam hazır olduğu haqda iddialar həqiqəti əks etdirmir. Həqiqətən də maaşların aşağı olduğu birinci divizionda futbolçuların məvacibini ödəməkdə çətinlik çəkən klubun elitaya iddia etməsi absurddu. Məsələ ilə bağlı “Şəmkir”in prezidenti Elvin Səfərli ilə danışdıq. O da maaş probleminin olduğunu gizlətmədi:
“Bəli, bizdə maaş problemi var. Futbolçuların 2 aylıq maaşlarını ödəməmişik. Amma hər an ödəməyə hazırıq. Ola bilər ki, futbolçular AFFA-ya gediblər. Klubun futbolçulara borcu var. Bu borc bağlanacaq. AFFA maliyyələşdirdiyi çempion “Turan Tovuz”un son ay üçün maaşını ödəyə bilməyib. Bizdə də bu problem var.
AFFA 30 klubu maliyyələşdirir. “İnter”lilər 4 ayın məvaciblərini ala bilmirlər. Bütün komandalarda bu problem var. Həll edəcəyik. Futbolçuların əməkhaqqından kəsmək niyyətimiz yoxdu. Yenə deyirəm, bizim məsələmizi çox şişirdirlər. Halbuki ölkədə hər yerdə problem var. Ölkədə maddi problemdən əziyyət çəkməyən qurum yoxdu. Çətinlik təkcə futbol klublarında deyil ki”.
Səfərli həm də komandanın növbəti mövsüm aşağı dəstədə çıxış edib-etməyəcəyinə aydınlıq gətirdi: “Bəli, elita məsələsi, demək olar ki, bağlandı. Çox güman, birinci divizionda çıxış edəcəyik. Bu cür fikrimiz var”.
Klub prezidentinin sözlərinə görə, baş məşqçi Badri Kvaratsxeliyanın taleyinə aydınlıq gəlməyib: “Badri heç yerə getməyib. Hazırda heç özümüz bilmirik, kim gələcək, kim gedəcək? Biz də cavab gözləyirik. Bir müddət sonra yeni planlar haqda danışıb, müzakirə edəcəyik. Hələ heç nə bilinmir”.

