
Mövsümə uğurlu başlayan komandalardan biri də "Zirə” oldu.
Azərbaycan Premyer Liqasının ilk turunda "Qarabağ”la qarşılaşan Rəşad Sadıqovun kollektivi matçdan 1:0 hesablı qələbə ilə ayrıldı.
Sportinfo.az xəbər verir ki, komandanın nigeriyalı futbolçusu Abbas İbrahim qaynarinfo-ya müsahibəsində "Qarabağ”la oyundan danışıb.
O, meydandan kənarda boş vaxtını necə keçirməsi, Portuqaliya çempionatı ilə bağlı da sualları cavablandırıb.
- Ötən mövsümün qış fasiləsindən bəri formasını geyindiyin "Zirə” haqda fikirlərin necədir?
- Hamı yay tətilindən qayıtdıqdan sonra durumumuz daha da yaxşı oldu. Düşünürəm ki, zehnimiz indi daha güclüdür və diqqətimizi cəmləmişik.
- Komandada yay fasiləsindən sonra hansı dəyişikliklər diqqət çəkir?
- Fasilə zamanı komandanı tərk edən çoxlu oyunçular oldu. Lakin indi bütün mövqeləri gücləndirdiyimiz üçün şadıq. İnşallah gözəl bir mövsüm keçirəcəyik.
- Yeni mövsümə uğurlu başladınız. Eyni zamanda "Qarabağ” üzərində qələbə gözlənilməz oldu…
- "Qarabağ"la oyuna yaxşı hazırlaşmışdıq, həmişəkindən daha çox motivasiyalı idik.
- Ötən mövsüm avrokuboklara vəsiqə qazanmaq uğrunda "Qəbələ” ilə mübarizədə uduzdunuz. Bu il hansı klubları ciddi rəqib kimi görürsən?
- Bütün klublar bu mövsümə yaxşı hazırlaşıb. Ancaq bizim daha çox təcrübəmiz var və bundan öz xeyrimizə istifadə edəcəyik.
- Artıq bir neçə aydır içində olduğun Azərbaycan Premyer Liqası haqda fikirlərin necədir? Nigeriya futbolu ilə Azərbaycan futbolunu müqayisə edə bilərsən?
- Nigeriya futbolu yaxşıdır. Lakin Azərbaycan futbolu həm imkanları, həm də müasir texnologiyaları ilə çox irəlidədir.
- Karyerana baxanda daha çox Portuqaliya klublarında oynadığın görünür. 25 yaşın var. İnkişaf perspektivi daha çox olan Portuqaliya çempionatından Azərbaycana gəlməyində əsas rol oynayan amillər nə oldu?
- Portuqaliya liqası illərdir dünya futbolunun zirvəsindədir. Amma Azərbaycan çempionatı da həmin səviyyəyə doğru irəliləməkdədir.
- Bakı, Azərbaycan haqda fikirlərin necədir? Boş vaxtlarını necə və kimlərlə keçirirsən? Ümumiyyətlə, ölkəmizdəki sosial durumu necə qiymətləndirirsən?
- Bakını çox bəyənirəm. Çox sakit və gözəl insanları var. Məşq olmayanda vaxtımın böyük hissəsini ailəmlə keçirirəm. Əcnəbilərə kömək etməyə hər zaman hazır olan insanlarla sosial vəziyyət əladır.