COP29

Rəşad Sadıqov: "Müəyyən şeylər var ki, dəyişərdim”

29 Avqust 22:50 Zirə 564
Rəşad Sadıqov: "Müəyyən şeylər var ki, dəyişərdim”

"Zirə" Konfrans Liqası pley-off mərhələsinin cavab oyununda "Omoniya"nı 1:0 hesabı ilə məğlub etsə də, iki görüşün nəticəsinə əsasən, turnirdə mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məqşçisi Rəşad Sadıqov matçdan sonra baş tutan mətbuat konfransında sualları cavablandırıb:

- Matça hazırlaşmaq çətin idi. Birinci oyunda 0:6 uduzmuşduq. Amma maksimum köklənmişdik. Sona qədər mübarizə aparmaq istəyirdik. İlk 15-20 dəqiqə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar ümid yaradar. Təbii ki, 6:0-dan dönüş görməmişəm. Amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qələbə qazanmaq başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Onları ürəkdən təbrik edirəm. Bütün fikrimizi çempionata verəcəyik.

- Oyun göstərdi ki, "Omoniya"nı keçmək olardı. Bir həftə əvvələ qayıtsaq, nəyi dəyişərdiz?

- Müəyyən şeylər var ki, dəyişərdim. Səfərdə daha müdafiəyəmeyilli heyət qurmalıydıq. Bizdə bəzən futbolu elə təhlil edirlər ki, reallıqdan uzaq. Baxırsan ki, o bizim qərarlarımıza təsir edir. Düzgün deyil, zəiflikdir. O məqamda nəyi düzgün görürsənsə, etməlisən. Həmin oyuna daha ehtiyatlı sistem buraxmaq istəyirdim. İki mərhələ keçmişdik. Birdən-birə elə dəyişiklik edərək bütün məsuliyyəti üzərinə götürmək çətin qərardır. Orada daha minimalhesabla uduzmaq olardı. Düzgün nəticə çıxarsaq, 6:0 da bizim üçün təcrübədir. Gələcəkdə bu mərhələyə gəldikdə, daha düzgün qərar verəcəyik.

- Komandada nə dəyişib?

- Futbolçular bir-birinə daha çox uyğunlaşırlar, oyun intizam artır. Vacib olan bunları saxlayıb, bir az inkişaf etdirməkdir. Təəssüflər olsun ki, bu mərhələyə gəlib çıxana qədər ciddi itkilərimiz oldu. Sol cinahda ötən mövsüm Məqsəd İsayev oynayırdı. Bu gün onu alışdığımız Məqsəd kimi gördük. O da formasını bərpa edib. Səfərdəki oyunda Hacıağa Hacılı isinmədə zədələndi. Özü ilə danışdıq ki, dözə bilərsən? İynə ilə oynadı. Zədə performansına təsir edirdi. Xırda detallar kimi görünə bilər. Amma təsir edən detallardır. Bu gün rəqibə rahat olmasına imkan vermirdik. "Omoniya"ya topla rahat oynamağa imkan vermək istəmirdik. Birinci oyuna qayıtsaydıq, bəzi şeyləri dəyişərdik. Təcrübədir. Sırf çempionata köklənəcəyik. "Qarabağ" da avrokubok matçı oynayıb. Heyətimizdə itkilər çoxdur, rotasiya üçün imkanımız azdır. İstədiyimiz nəticəni almağa çalışacağıq. "Qarabağ", "Sabah" və "Neftçi" çempionatın favoritidir. Belə məqamlarda dözməli, xarakter göstərməliyik.

- "Omoniya"ya 0:6 və "Şamaxı"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanı oyuna necə köklədiz?

- Kollektivimizə güvənirəm. Ən az hazırlaşdığımız, danışdığımız oyun idi. Matçdan öncə də "ustanovka" az oldu. Taktiki tapşırıqları dünən verdik. Daha çox hər şeyi özlərinə buraxmışdım. İnanırdım ki, bu vəziyyətdən düzgün çıxış yolu tapacaqlar.

- Bundan sonra Rəşad Sadıqovun məşqçi kimi hədəfi nədir?

- İlk növbədə bu nəticələri stabilləşdirməkdir. Futbol elədir ki, dünya çempionu olursan, ikinci dəfə bunu etmək çətindir. Futbolçularında hansısa rahatlıq baş verə bilər. Hədəfim bu nəticələri stabil etmək, avrokuboklarda hər il çıxış edib, xallar toplamaqdır.

- "Qarabağ" "Dinamo"ya uduzdu, "Zirə" isə "Omoniya" səddini keçə bilmədi. İki komanda da əsəbi olacaq. Demək olar ki, tarixin ən güclü "Zirə"sini görəcəyik "Qarbağ"a qarşı?

- Tam heyətlə olsaydıq, razıyam. Üç gündən bir oynamaq çətindir. Təəssüflər olsun ki, 4-5 itkimiz var. Futbolçuların durumu sabah bəlli olacaq. "Qarabağ"la oyunda ən güclü "Zirə"ni görə bilməsək də, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti