“Mənə zarafatla dedi ki, istədiyin məbləği de, həll edərik”

8 Oktyabr 2023 00:30 Zirə 1 137
“Mənə zarafatla dedi ki, istədiyin məbləği de, həll edərik”

Sportinfo.az xəbər verir ki, "Zirə"nin kapitanı Qismət Alıyev Premyer Liqanın 9-cu turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri matç haqda sualları cavablandırıb.

- Bilirdik ki, "Turan Tovuz" səfərdə yaxşı oyun nümayiş etdirir. Bu komanda standart vəziyyətlərdə çox təhlükəlidir. Demək olar ki, bütün qolları bu cür epizodlardan vurublar. Biz də oyuna yaxşı hazırlaşmışdıq. Pis başlamadıq, ilk qolu biz vurduq. Bərabərlik qolunu öz səhvimizdən buraxdıq. Şükürlər olsun ki, ikinci qolu vurub qələbə qazandıq.

- Buraxılan qolda nə dərəcədə səhvin olduğunu düşünürsən? Daha sonra qol vuraraq səhvini düzəltdin...

- Bir az çətin epizod idi. Fikirləşmirdim ki, top keçər. Bəxtimdən top rəqib oyunçuya düşdü. Mənim qol vurmağım çox da vacib deyildi. Kim vursaydı da, qələbə qazanırdıq. Vacib olan budur.

- Ötən ayın ən yaxşı qolu komanda yoldaşın Məqsədin vurduğu seçildi. Düşünmürsən ki, bu dəfə sənin qolun seçilər?

- Ayın qolu seçilməyi heç ağlımdan da keçirmirəm. Həmin epizodda fikrim sırf qapıya zərbə vurmaq idi.

- Məqsədə qol ötürməsini sən vermişdin. Mükafatı böləcəksiniz?

- Bir gün əvvəl Məqsəd bilirdi ki, onun qolu ayın ən yaxşısı seçiləcək. Mənə zarafatla deyirdi ki, istədiyin məbləği denən həll edərik.

- "Zirə" ilk dövrəni lider başa vurdu. Bunu gözləyirdiz?

- Avrokuboklarda iştirak etmirdik deyə bizdə fasilə çox oldu. Buna görə də təlim-məşq toplanışında vaxtımız çox idi. Keçənilki oyunları, səhvləri təhlil etdik. Buna görə də çempionata yaxşı başladıq. Yavaş-yavaş bütün komandalar bir-birini tanımağa başlayır. İlk 4-5 turda bizim oyun stilimizi tuta bilmirdilərsə, artıq turlar keçdikcə bizi təhlil edirlər. 9 turdan sonra liderlik bizim üçün elə də böyük nəticə deyil. Elə oyunlar olub ki, məğlubiyyət düşünmürdük. Qarşıda milli fasilə gəlir. Ondan sonra "Kəpəz"lə matçımız var.

- Millidən dəvət gözləyirsən?

- Hələ millinin heyəti bilinmir. Çağırsalar, gedib canla-başla oynayacam. Milli komanda üçün hər şey etməyə hazıram.

- 3 qolla komandanın bombardirisən. Öz performansını necə dəyərləndirirsən?

- Bəlkə də nəsə deməyim düz deyil. Bəli, indiyə qədər karyeramda belə hal olmayıb. Qol vurmağım özüm üçün o qədər də vacib deyil. Əsas həmin qolların komandaya faydasının dəyməsidir. Bundan sonra da ən yaxşısını etməyə çalışacağam.

Digər Xəbərlər
Xəbər Lenti