
"Zirə"nin braziliyalı legioneri Ruan Renato "report"un suallarını cavablandırıb.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı müdafiəçi komandasının çempionatdakı hədəflərindən danışıb.
- "Zirə" Azərbaycan Premyer Liqasında 7 turdan sonra 16 xalla liderdir. Mövsümün startını necə dəyərləndirirsiniz?
- Çox xoşbəxtəm. Yarışa yaxşı start vermişik. Amma buna baxmayaraq, oyundan-oyuna inkişaf etməli olduğumuzu da bilirik.
- Komandanızın çempionata belə başlayacağını gözləyirdinizmi?
- Burada təəccüb doğuran məqam yoxdur. Çünki hər gün bunun üçün çalışırıq. Mövsümün uğurlu alınmasında kollektiv daxilində hər fərdin səyi çox önəmlidir.
- "Zirə" Premyer Liqada maksimum nəyə ümid edə bilər?
- Ümid edirəm ki, qələbələrə nail olmaq üçün hər məşqdə və matçlarda əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- Sizcə, çempionluğa iddia etmək üçün gücünüz varmı?
- Hələ mövsümün başlanğıcındayıq. Qarşıda bizi uzun marafon gözlədiyini də bilirik. Hazırda turnir cədvəlindəki vəziyyətimizə yox, növbəti oyunlara fokuslanmalıyıq.
- Daha əvvəl "Qəbələ"də çıxış etmisiniz. Premyer Liqanı ötən mövsümlə müqayisə edə bilərsinizmi?
- Hazırkı çempionatın son iki mövsümlə müqayisədə daha gərgin keçdiyi qənaətindəyəm. Hər komanda müəyyən qədər öz iddiasını ortaya qoyur və heyətlərinə keyfiyyətli oyunçular cəlb edirlər. Bu, Azərbaycan futbolu üçün təqdirəlayiq haldır və rəqabətin səviyyəsini artırır.
- Baş məşqçi Rəşad Sadıqov liderlik keyfiyyətlərinizin olduğunu söyləyib və sizə daha çox etimad göstərir. Əsas heyətdəki yerinizi təmin etmisiniz?
- Baş məşqçinin mənə etimad göstərməsi sevindirici haldır. Amma əminəm ki, kollektivdə start heyəti təmin etmiş futbolçu yoxdur. Hamımız şans əldə etmək üçün çalışırıq. Mən də komanda yoldaşlarıma yardımçı olmaq məqsədilə əlimdən gələnin ən yaxşı edəcəyəm.
- Ümumiyyətlə bir müdafiəçi kimi Premyer Liqada ən çox çətinlik çəkdiyin futbolçu kim olub?
- Kifayət qədər keyfiyyətli oyunçulara qarşı çıxış etmişəm. Hansısa bir adı vurğulamaq ədalətsizlik olar. Azərbaycanda yüksək səviyyəli futbolçular var.
- Növbəti tur "Araz-Naxçıvan"la üz-üzə gələcəksiniz. Oyun haqqında nə deyə bilərsiniz?
- Rəqib əla komandadır və kifayət qədər yaxşı futbol sərgiləyirlər. Məncə, bizim üçün çətin qarşılaşma olacaq. Amma bu görüşdən üzüağ çıxmağa çalışacağıq.