COP29

Sabıq “Qalatasaray”lı: “Neftçi”yə keçmək imkanım oldu, sonda alınmadı”

19 Sentyabr 2023 00:50 Zirə 576
Sabıq “Qalatasaray”lı: “Neftçi”yə keçmək imkanım oldu, sonda alınmadı”

Sportinfo.az xəbər verir ki, "Sabah"ın yeni legioneri Cessi Sekidika "report"un suallarını cavablandırıb.

Sentyabrın 5-də klubla 2+1 illik müqavilə imzalayan 27 yaşlı nigeriyalı vinger paytaxt təmsilçisinə keçidindən, Premyer Liqanın VI turunda "Qarabağ"a uduzduqları (1:2) matçdan söz açıb.

Daha əvvəl "Əskişəhərspor", "Qalatasaray", "Konyaspor", "Eyüpspor" və "Ümraniyəspor"da da çıxış edən afrikalı oyunçu Azərbaycan çempionatını Türkiyə futbolu ilə də müqayisə edib.

- Son olaraq mayın sonlarında "Ümraniyəspor"da rəsmi matça çıxmışdınız. "Sabah"da debütünüzlə bağlı nə deyə bilərsiniz?

- Yeni klubumda debüt etdiyimə görə şadam. Bir neçə ay sonra yenidən yaşıl meydana qayıtmaq xoş idi. Dönüşümü qələbə ilə qeyd etməyi çox istəyirdim. Amma təəssüf ki, alınmadı. Bu, futbolun bir parçasıdır.

- "Qarabağ"a məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

- Uduzduğumuza görə təəssüflənirəm. Fikrimcə, bu qarşılaşmadan yaxşı nəticə ilə ayrıla bilərdik. Ancaq alınmadı. Meydanda istədiyimiz oyunu ortaya qoya bilmədik. Komandanın potensialı daha yaxşısına imkan verir. İnanıram ki, qarşıdakı görüşlərdə müsbət nəticələr əldə edəcəyik.

- Komandanız mövsümə də yaxşı başlamayıb. Sizcə, toparlanmaq üçün nə etməlisiniz?

- Bəli, mövsümə istədiyimiz kimi start verə bilmədik. Lakin nəzərə almalıyıq ki, çempionat sprint yox, marafondur. Bizi qarşıda uzun mövsüm gözləyir. Premyer Liqa isə hələ yeni start götürüb. Lakin mən məşqçilər heyətinə və komanda yoldaşlarıma inanıram. Bizim yaxşı komandamız var. İnanıram ki, qarşıdakı oyunlarda xallar qazanmağa başlayacağıq.

- Daha əvvəl Azərbaycan futbolu ilə bağlı nə qədər məlumatınız var idi? "Neftçi"yə keçmək ehtimalınız olsa da, bu, baş tutmamışdı.

- Ətraflı olmasa da, Azərbaycan futbolu barədə məlumatlı idim. Bir neçə il öncə, gənc olarkən “Neftçi”yə keçmək imkanım olub, lakin sonda alınmayıb. Bu, futboldur, normal haldır. Buna görə peşman deyiləm. Hazırda “Sabah”ın üzvüyəm və bundan şadam.

- Necə oldu ki, "Sabah"a keçmək qərarına gəldiniz?

- Bir müddətdir ki, klubla danışıqlar aparırdım. “Sabah”dan mənimlə əlaqə saxlayaraq, klubun gələcək hədəfləri, ambisiyaları, layihə və planları barədə məlumat verdilər. Düzü, klubun gələcək planları, hədəfləri diqqətimi cəlb etdi və təklifi müsbət dəyərləndirmək qərarına gəldim. Burada olmaqdan məmnunam. Bu klubla birlikdə tarix yazmaq istəyirəm.

- Türkiyədə "Qalatasaray" və digər klublarda oynamısınız. Türkiyənin Azərbaycanla qardaş ölkə olduğunu bilirdinizmi?

- Bəli, orada oynadığım müddətdə yerli klubların Azərbaycanda dəstəkləndiyini müşahidə etmişdim. İki ölkənin yaxınlığı barədə də məlumatım var idi. Bu həqiqətən gözəldir.

- İki ölkənin futbolunu necə müqayisə edərdiniz?

- Hər iki liqa arasında səviyyə fərqi var. Lakin onu da deməliyəm ki, Azərbaycan çempionatı böyüməkdə olan liqadır. İnanıram ki, gələcəkdə biz də daxil olmaqla, Azərbaycandan daha çox klub avrokubokların qrup mərhələsində iştirak edəcək. Bununla da ölkəyə daha səviyyəli futbolçuların gəlməsinə və çempionatın daha da böyüməsinə şərait yaranacaq.

Digər Xəbərlər
Xəbər Lenti