"Zirə" azlıqda qalar, Kulaçın uğursuz günü olar, amma...

17 Sentyabr 2023 11:05 Zirə 678
"Zirə" azlıqda qalar, Kulaçın uğursuz günü olar, amma...

"Zirə" mövsümə fırtına kimi başladı - 4 görüş, 4 qələbə.

Amma komanda haqqında nikbin danışmaq yenə erkən idi.

"Qarabağ" ikinci heyətlə "Zirə"yə uduzmuşdusa, "Kəpəz" və "Səbail" minimal hesabla məğlub edilmişdi.

"Zirə"yə uduzan "Sabah"ı isə Premyer Liqada qalmaq uğurunda mübarizə aparan "Turan Tovuz" səfərdə darmadağın etmişdi - 3:0.

Bu kimi faktlar Rəşad Sadıqovun komandasının qələbələrinə birmənalı güvən vermirdi.

"Qəbələ"dən alınan ilk məğlubiyyət də sanki bu yanaşmanı gücləndirmiş oldu.

Amma "Sumqayıt"la matç mənim üçün "Zirə" haqqında bəzi fikirləri konkretləşdirməyə ciddi əsas verdi.

Əminliklə demək olar ki, Sadıqov istədiyi kollektivin müəyyən hissəsini formalaşdıra bilib. Faizlə baxasıq olsaq, bəlkə də 50%-dən çoxunu.

Samir Abasovun qurduğu kollektiv bu ilə hər rəqibə asan təslim olacaq deyillər. Lakin paytaxt klubu bir nəfər azlıqda bunu onlara yaşada bildi.

Oyunun 80 dəqiqəsinə yaxın bölümün azlıqda keçirən komanda boşluğu meydanda zərrə hiss etdirmədi.

Qol vurdu, hətta hesabı artırdı da. Qol hesaba alınmasa belə.

Bu gün "Zirə"də Zebli qırmızı ala bilər, ancaq onun yerinə döyüşməyə hazır 10 komanda yoldaşı var.

Hansısa matç Kulaçın günü olmaya bilər, ancaq müdafiçi Məqsəd çıxıb yoldaşlarını xilas edəcək.

Ümumiyyətlə, qol vurmaq mümkün olmayanda belə bərabərliyi təmin edəcək gücdə müdafiə xətti tam yerindədir.

Nəzərə alaq ki, yenilənən heyətin hələ bərkimə işləri gedir.

"Zirə"nin bu gün oynadığı sistemə gələn yeni futbolçuların alışması heç də az zaman almır.

Çünki hər birindən futbol oynamaqdan çox dəmir iradə, intizam tələb olunur. 90 dəqiqə buna sahib olmaq hər futbolçunun/kollektivin başı üçün deyil.

Ancaq "Zirə"də bunun təməli yaxşı qurulur.

Əgər proseslər proqnozlaşdırılan kimi getsə, növbəti turlar biz dəmir intizama sahib və daha bişmiş kollektivi görə bilərik.

Bu isə rəqiblər üçün "Zirə"nin indikindən daha qorxulu olacağı anlamına gəlir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti