
Cari mövsümə uğurlu start verib ardıcıl 4 oyunda qələbəyə sevinən “Zirə” Qəbələdə büdrədi.
“Qartallar” çoxunun gözləmədiyi halda bölgə təmsilçisinə 0:1 hesabı ilə uduzdu.
Oyunsonrası mətbuat konfransına öncə qonaq komandanın çalışdırıcısı Rəşad Sadıqov daxil oldu. Matçla bağlı fikirlərini səsləndirdi, məğlubiyyətə şərh verdi, jurnalistlərin suallarını cavablandırdı və...
... Konfrans otağını tərk edəndə atmacasından qalmadı:
“Deyirsiniz, penalti yox idi? Bu barədə sual vermədiniz”.
Sadıqov baş hakimin Cavid Cəlilovun ikinci hissədə komandasının xeyrinə penalti təyin etməməsindən narazı və narahat idi. Lakin özü bu barədə danışmaq istəmirdi. Gözləyirdi ki, jurnalistlərdən kimsə penalti sözünü dilinə gətirsin, o da ürəyini boşaltsın.
Baş məşqçinin kimdənsə narazılığı varsa, mətbuat konfransında iştirak etmək bunun üçün əla şansdır. Ürəyini boşaltmaq imkanı var.
Yoxsa jurnalistdən təxribat xarakterli sual gözləmək, otağı tərk edəndə atmaca atmaq nəyə lazımdır?
Adam dördüncü ildir Premyer Liqada baş məşqçilik edir, lakin hələ də futbolçu vaxtı gördüyümüz Rəşad Sadıqovdur. Hansısa formada dəyişmək lazımdır, mister.
Komandanız mövsümün startından 6 oyundur qələbənin nə olduğunu bilməyən rəqibə məğlub olubsa, ən yaxşısı susmaqdır. Hakimdə, jurnalistdə və ya bir başqasında günah axtarmağa gərək yoxdur.
HƏBİB