
Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”nin qonağı olacaq “Zirə” 7 ildir rəqibinə səfərdə qalib gələ bilmir.
Sportinfo.az xəbər verir ki, bakılılar çempionat çərçivəsində indiyə qədər cəmi bir dəfə Qəbələdən 3 xalla dönməyi bacarıblar.
Bu, 2016-cı ilin martına təsadüf edib. 2015-ci ildən elitada mübarizə aparan “Zirə” Qəbələ səfərində çıxdığı son 13 duelin 7-də heç-heçə etməklə yadda qalıb.
Digər 6 matçda meydan sahibləri qələbə qazanıblar. Doğma arenadakı qarşılaşmalarda top fərqi də bölgə təmsilçisinin xeyrinədir - 17:10.
Ümumiyyətlə, “Qəbələ” ilə “Zirə” sentyabrın 2-də Premyer Liqa çərçivəsində 32-ci dəfə üz-üzə gələcəklər.
Burada da üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. Bölgə təmsilçisinin 11 qələbəsinə qəsəbə klubu 6 qalibiyyətlə qarşılıq verib. Digər 14 matç sülh ilə yekunlaşıb.
Bu komandaların duelində ən çox 1:1 hesabı qeydə alınıb. 8 görüşdə tərəflər hərəyə bir dəfə fərqləniblər. Bunun isə 5-i Qəbələdəki matçda baş tutub.
Cəmi 3 qarşılaşmada böyükhesablı nəticəyə rast gəlinib. Hər üç halda “Qəbələ” rəqibini 3 cavabsız qolla üstələyib. Bunun ikisi paytaxtda yaşanıb.
“Zirə” 6 qələbənin 5-ni bir top fərqi ilə qazanıb. “Qartallar” “Qəbələ” üzərində ən böyükhesablı qalibiyyəti 2021-ci ildə evdə qazanıblar - 2:0.
“Qəbələ” son 5 duelin hamısında rəqibini meydanın mərkəzinə dəvət etməyi bacarıb.
Rəşad Sadıqovun yetirmələri axırıncı dəfə ilyarım əvvəl - 2022-ci ilin martında “Qəbələ” önündə qapısının toxunulmazlığını qoruya biliblər.
Səkkizillik rəqabətdə baş tutan 31 oyunda qapılara ümumilikdə 65 qol vurulub. Bunun 38-i “Qəbələ”nin, 27-si isə “Zirə”nin hesabındadır.
Sentyabrın 2-də Qəbələdə keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 18:00-da başlayacaq.
Hazırda “Zirə” 12 xalla turnir cədvəlinə başçılıq edirsə, xal qazana bilməyən “Qəbələ” sonuncu pillədədir.