
Bəzən Azərbaycan klublarının potensialı şişirdilir. Sonda bundan ən çox əziyyət çəkən də elə həmin klubların özü olur.
Məsələn, ötən mövsüm hədəfi yalnız avrokuboklar olan “Sabah” israrla “Qarabağ”la çempionluq mübarizəsində əsas rəqib kimi təqdim olunurdu. Hər fürsətdə baş məşqçi Murad Musayevin ağzından bunu təsdiq edəcək cümlələr qoparılmağa çalışılırdı.
Amma hər dəfə də rusiyalı bundan yayınırdı. Axı o, özü də ağdamlılarla belə erkən mübarizəyə qoşulmağın mümkünsüz olduğunu başa düşürdü. Ağıllı adamdı, səbrlə suallardan qaçaraq təziqi futbolçularının üzərindən uzaqlaşdırmağa çalışırdı. Bunu tam bacardı? Yox!
Klub gözlənilmədən “Səbail”ə uduzaraq ölkə kubokundan kənarda qaldı. Titul qazanmaq üçün ən gözəl fürsətdən əldən getdi. Mövsümü isə ikinci pillədə başa vurdu.
İndi oxşar mənzərə ilə “Zirə” üz-üzədir. Rəşad Sadıqovun yetirmələri mövsümə fantastik start verib – 4 oyunda 4 qələbə.
Və bu qələbələrdən ikisi “Qarabağ”la “Sabah” üzərində qazanılıb. Hədəfi avrokuboklar vəsiqə verən yerlərdən birini tutmaq olan klub üçün bundan gözəl başlanğıc ola bilməzdi.
Qazanılan 12 xal bu yolda önəmli irəliləyiş kimi qəbul edilə bilər. Bəli, komanda da güclənib, oyun sistemi bir xeyli oturuşub. İndiki “Zirə”nin arxa xətti, qapı mövqeyi ötən sezonla müqayisəyə gəlinməz dərəcədə müsbət istiqamətə dəyişib.
Əbəs deyil ki, komanda ilk 4 turda cəmi 1 qol buraxıb. Elə uğurlu çıxışda əsas pay yuxarıda adını çəkdiyim iki mövqeyin üzərinə düşür.
Bəs bu komanda çempionluq mübarizəsində yer ala bilərmi? Təbii ki, bunu idda etmək indiki “Zirə”ni gücündən artıq şişirtmək sayılmalıdır.
Hər kəs “Lester”in İngiltərədə yaşadığı çempionluğu yaxşı xatırlayır. Bu “Zirə”ni o “Lester”lə müqayisə edənlər belə var.
Məncə, bu qədər tələsməyə ehtiyac yoxdur. Heç şişirtməyə də...
Həm paytaxt klubunun qarşısında belə tələb yoxdur, həm də potensial bu hədəf üçün yetərli deyil.
Belədə bu cür şişirtmə “Zirə”ni əsl hədəfi uğurunda da boşluqlara sala, süni çempionluq havası isə futbolçuların başını gicəlləndirə bilər.
Yəqin ki, illərin təcrübəsi Rəşad Sadıqov bütün bunları göz önünə alıb.
Elə “Sabah”la görüşdən sonrakı mətbuat konfransında çalışdırıcının “Əgər eyforiya olsa, futbolçularla aramda ciddi problem olacaq” – deyə sərt mesaj verməsi də buna hesablanmışdı.
İndi qalır, futbolçuların çalışdırıcının bu tələbini qulaqlarından sırğa kimi asmaq.
XANOĞLAN İMANOV